Sabir RÜSTƏMXANLI

 

Bakıda, Füzuli küçəsində bir Dərman evi – aptek var. Almaniyadan gətirilən tibb ləvazimatının satıldığı yerdir. Sahibi kimdir? – bilmirəm. Hər kimdirsə, sağ olsun, zəhmət çəkib, saxta ilacların bazarı bağlansın deyə, Almaniyadan, keyfiyyəti şübhə doğurmayan dərmanlar gətirib satdırır. Amma…

Məsələ elə bu əmmadadır! Bir gün həkimlərin məsləhət gördüyü üç-dörd dərman üçün (təzyiq və xolesterinə qarşı) müraciət elədim onlara. Qiyməti eşidəndə heyrətə gəldim. 250 manat civarında bir rəqəm dedilər. Təcrübəsiz olsam, almaqdan başqa çarəm qalmayacaqdı. Ancaq bu dərmanları Türkiyədən də almışdım. Nə az, nə çox, ən azi 10 dəfə ucuz… “Bu, nə qiymətdir, kim qoyub bu qiyməti?” – soruşanda, “axı bu alman malıdır, keyfiyyətlidir!” – dedilər.

Ordan çıxıb, öz apteklərimizdən birinə getdim və eyni dərmanları 26 manata aldım.

Bu yaxınlarda başqa bir təzyiq dərmanının bir qutusu üçün yenə o alman dərmanxanasında 103 manat ödəyəsi oldum. Alternativ olmayanda əlacsız qalırsan.

Bu gün İstanbulda həmin təzyiq dərmanının bir qutusunu 12 türk lirəsinə aldım, yəni 3 manata!.. Yəni Bakıda satılandan 34 dəfə ucuz! Almaniyadan Bakıya gətiriləndən heç bir fərqi yoxdur. Eyni firma, eyni tərkib! İndi görün “Avropa keyfiyyəti” adı altında milləti soyan bu növ alverçilərdə zərrə qədər insaf, mürvət, şərəf və ləyaqət var, yoxsa yox?

Keyfiyyət məsələsini buraxaq həkimlərin öhdəsinə. Əvvəla, mən Türkiyə iş adamlarının və əczaçılarının öz xalqlarına sevgisinin almanların öz millətlərinə sevgisindən az olduğunu düşünmürəm. Türkiyə texnologiyası da bu gün Avropa texnologiyasından az fərqlənir. Belə olan halda Almaniyadan gətirilib Bakıda satılan dərmanla Türkiyədəki dərman arasındakı bu fərqə nə ad vermək olar? İki-üç qat baha olsa, başa düşmək olar. Yol var, gömrük var, – deyərsən. Hərçənd ki, onların da xərci bu qədər fərq yarada bilməz. Fərqi yaradan doğmalarını xilas üçün ev-eşiyindən çıxmağa hazır olan bu milləti avam sayan, əslində isə özləri nəfs cəhalətində boğulan insanlardır. Bu qədər olmaz! İki qat, üç qat bahasına sat! Yoxsa on, iyirmi qat nə deməkdir!

Xəstələrin canından qoparılan bu gəliri necə yemək və balalarına yedizdirmək olar? Təəssüf ki, bu fantastik qiymət “siyasəti” təkcə dərmana aid deyil. Özəl bölümdəki qiymət özbaşınalığı milləti boğaza yığıb. Xalqın əlindəki qəpik-quruşunu bu cür vicdansızcasına qoparıb almaq günahdır, insanlığa yaraşmaz, desəm az olar; bu, bir cinayətdir! Avropadan, ABŞ-dan dərman gətirmək yaxşı işdir, lakin gələn malların maya dəyərini və o ölkələrdəki ikin qiymətini bilməyən alıcının məlumatsızlığından istifadə edib onu soymaq olmaz!

Yeri gəlmişkən deyim ki, millətin həssaslığı, qüruru, mərhəməti ilə oynamaq məsələsi təkcə apteklərə aid deyil. İkili standart hər yerə kök atıb. Şadlıq sarayına girirsən, verilən cavablar eynidir: Qonağını ləyaqətlə yola salmaq, keyfiyyətli yemək vermək istəyirsənsə, stolun biri 100 manat! Daha bahalıları da var…

Adam qalır boğula-boğula. Əlbəttə, qonağını hər kəs ləyaqətlə qarşılamaq istəyir. Ancaq kim deyir ki, qiymətin 50 manata düşməsi ləyaqətlə bağlı bir məsələdir? Yaxud kim norma qoyub ki, qiymət 60-70 manat olanda yeməklər keyfiyyətsiz olmalıdır? Bu nə saymazyanalıq və vəhşilik bazarıdır? Bu toyxanaların başında kim dayanır?

“Ay Allah bəndəsi, mənim qonağımın o qədər yemək imkanı yoxdur, qonaq dəyirman deyil ki, iki-üç saata 100 manatlıq yemək üyütsün, mənim masalarımı o qədər yükləmə!” “Yox! Olmaz! Bizə tapşırıq belədir!”

Kim verib bu soyğunçuluq göstərişini, milləti hər məclisdə yemək torbasına döndərmək tapşırığını? Hər şeyin bir əndazəsi var. Yemək-içmək də bir ədəb, ölçü, öz sağlamlığını qorumaq işidir. Bəlkə elə bu toyxana israfçılığı da milləti növ-növ xəstəliklərə düçar edib “alman apteklərinə” möhtac etmək, toyxanalardan qoruya bildiklərini də orda əlindən almaq siyasətidir?!

Hər nə isə, bu işlər düz getmir. Bütün bunların arxasında xalqa sayğısızlıq, onu adam yerinə qoymamaq, əlindəkini alıb, onu dövlətdən, cəmiyyətdən, öz taleyindən küsdürmək meyli dayanır. Xalqı dirigözlü bir ehtiyac tonqalında yandırıb bu oda əllərini qızdıranlar bir gün elə həmin odda yana biləcəklərini düşünmürlər!

Adət-ənənə, vərdiş adına lazımsız bəhsəbəhs oyunlarında gözütox, ruhu yüksək bir milləti qarınotaran, maddiyyətçi, yeyib-içib bir-birinə tərif deməkdən başqa işi olmayan bir kütləyə çevirmək də düşmənçiliyin bir ayrı formasıdır. Bir xalqın toyunu, yasını da öz qazanc imkanına çevirənlər, çarəsizlikdən boğazı əllərinə keçən hər kəsin boğazını üzmək istəyənlər Allahdan qorxsunlar. Bu yolla qazanılan rahat yeyilə bilməz! İnsan oğlu bunu görə-görə gəlir…

Keyfiyyət adı altında “keyfiyyətli” soyğunçuluq durdurulmalıdır!..

10.05.2016. İstanbul

Comments are closed.