İmdat AVŞARİmdat AVŞAR

Məlum olduğu kimi, Türkiyədə nəşr olunan “Koroğlu” jurnalının may sayı Xalq şairi Sabir Rüstəmxanlıya həsr edilib.

Dərgidə yaxın günlərdə 70 yaşını qeyd edəcək ədibin türkcəyə çevrilmiş şeirləri, eləcə də müxtəlif qələm adamlarının yazıları və şair haqqında fikirləri, təbrikləri yer alıb.

Biz də təbriklərə qoşulur, dərginin bu sayının tərtibçisi, redaktoru, şeirlərin və yazıların tərcüməçisi, Azərbaycan ədəbiyyatının yaxın dostu İmdat Avşarın jurnalda yer alan yazısını oxucularımıza təqdim edirik.

Sovet İttifaqının dağılması gənclik illərimizə təsadüf etdi. Universitetə ayaq basdığımız o illər (1988-1992) içimizdə milli ruhun közərdiyi, hətta alovlandığı inqilab sonrası illərdi… Sovet İmperiyasının xəfifcə aralanan “Dəmir pərdəsi” arasından, duman-çən içində fəğan edən türk ellərini görməyə, ordakı qardaşlarımızın səslərini eşitməyə başlamışdıq…

sabirbey2Biz Türkiyədə:

Hanı mavi dənizlərim,
Üç qitədə nal izlərim.
Kormu oldu bu gözlərim
Cəsusları seçməz daha…

– deyə kədərli, soyuq türkülər söylərkən birdən-birə illərdir Azərbaycanda təzyiq altında əzilsə belə hələ də gur, həyat dolu səsləri, daha doğrusu, səsimizin ata yurdlarında ucalan əks-sədasını eşitməyə başladıq…

Keçər qardaşların məğlubiyyəti,
Üç qitə yolunda ayağım yorğun.
Vətən güclü isə, ucadır bayraq
Vətən yıxılanda bayrağım yorğun…

Yavuz Akpınar və İbrahim Bozyelin nəşr etdirdiyi “Qardaş ədəbiyyatlar” dərgisində yayımlanan yazıları, şeirləri təşnə içində oxumağa başlamışdıq. Jurnalın az qala hər sayında şeirləri çap edilən Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Məmməd Araz, Məmməd Aslan, Sabir Rüstəmxanlı kimi şairlərin şeirlərini dəfələrlə oxuyur, əzbərləyirdik. Məmməd İsmayıl, Sabir Rüstəmxanlı adlarını beynimə həkk etmişdim. Bu iki qüdrətli şairlə dost olacağımı haradan biləydim ki? Sonra Azərbaycanı müstəqilliyə aparan Meydan Hərəkatı başladı. Artıq Azərbaycandan görüntülər də gəlirdi və şeirlərini böyük coşqu ilə oxuduğumuz şairlərdən Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlının meydandakı çıxışlarına şahid olurduq. Sağ əlini havaya qaldırmış, meydandakı yüz minlərə xitab edərək odlu nitqlər söyləyən o gur saçlı, yaraşıqlı şair hamımızın qəlbində ayrı bir yer tuturdu. Azərbaycanı, söz-söz, misra-misra azadlığa daşıyan bu şair Sabir Rüstəmxanlıdan başqası deyildi və biz onu qiyabi sevirdik. Sabir Rüstəmxanlıyla ta
nış olmağı, onunla danışmağı, dərdləşməyi, bu duyğularımı ona çatdırmağı çox istəsəm də o illərdə qismət olmamışdı.

İllər sonra, 2003-cü ildə dostum Aslan Quliyev zəng etdi və:

– Sabir bəy bir romanını türkcəyə tərcümə etdirmək istəyir, ona səndən danışdım, telefonunu da verdim, sənə zəng edəcək, – dedi.

Elə sevinmişdim ki, təxminən iki ay Azərbaycandan gələcək o zəngi gözlədim… Zəng etdiyində ona nələr söyləməliyəm, deyə hazırlaşmışdım… Zəng etdi, danışdıq… Dostluğumuz, ağabəy, qardaş münasibətimiz də o zənglə başladı, görünməz sevgi bağlarıyla bir-birlərinə bağlandı ruhumuz. Uzun illər böyük qardaşını itirmiş adamın yenidən qardaşına qovuşduğu andakı sevinci yaşamışdım… Onun Azərbaycan gəncliyinə yol göstərdiyi və gəncliyin istənilən problemi öz tarixinə dönərək həll edə biləcəyinə işarə vurduğu “Difai fədailəri” romanını türkcəyə çevirib və nəşr etdirmişdim. Bu vəsiləylə onu Kayseriyə dəvət etdim. “Yeni üfüqlər” dərnəyinin köməyi ilə bu kitabın tanıtımını və nəşrini həyat keçirdik, İmza günü təşkil etdik…

Ertəsi gün onu Kayseri şəhərinin sahibiymiş kimi qürurla ucalan Ərciyəs dağına apardım… Soyuq bir fevral günüydü. Ərciyəsin keçid verdiyi tək nöqtə olan Tekir yaylasında maşından düşüb, bu ehtişamlı dağın ətəyində fasilə verdik və zirvəni seyrə daldıq. Sərt külək əsir, qarı hər tərəfə sovururdu. Ərciyəs dağının zirvəsi dumandan, borandan görünmürdü. Dağlardan, türk millətinin, türk ozan və şairlərinin dağlarla olan bağından danışmağa başladıq… Tanrı dağları, Altay, Balkan, Qafqaz… Şəhriyar, Koroğlu, Dadaloğlu… Heybətli dağlar və ulu ozanlar keçdi gözümüzün önündən…

Mən:

– Ustadım, tariximizdə, ədəbiyyatımızda, dastanlarımızda, şeirlərimizdə dağların çox önəmli bir yeri var. Bunun səbəbi nədir? – soruşdum.

Sabir bəy bir müddət eşitmirmiş kimi susdu və birdən:

– İmdat bəy, dağlar türkün ruhudur, – dedi. – Min tufan görsə də, əsla əyilməz.

Sabir Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd adlı bir dağ kəndində doğulmuş, uca dağlar qoynunda yetişmiş bir el oğludur və ulu dağların oğlu sayılır bu üzdən. Ondakı əyilməz ruhun qaynağı da budur… Bəzi oğullar bir ailə üçün doğular, bəzilərisə bir millət üçün… Bir millət üçün doğulan və bu il 70 yaşı tamam olan müdrik şairimiz Sabir Rüstəmxanlını təbrik edir və ona uzun ömür arzulayıram.

Tərcümə: Cavid QƏDİR

Comments are closed.