“Mən özüm də bu gün Türkiyədəyəm. Türkiyədəki siyasi prosesləri, ölkə rəhbərlərinin bugünkü qərarlarını yaxından izləyirəm. Narahat olmağa heç bir əsas yoxdur. Bu gün Türkiyədə nə baş verirsə, ölkənin sabahının xeyrinə, gələcək inkişafına hesablanmış şəkildə atılır”.

Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı Türkiyədə Ərdoğanla Davudoğlu arasındakı siyasi gərginlikdən danışarkən söyləyib.

VHP sədri bildirib ki, Türkiyədə dövlətin və millətin taleyini kimlərsə deyil, xalq və millət özü həll edir:

“Türkiyədə dövlətin taleyini partiya başında duran şəxslər deyil, türk milləti və xalqı həll edir.

Dövlətin və partiyanın başında kimin durmasından asılı olmayaraq, əsas məsələ türk millətinə şərəfli xidmətdir.

Bu məsələlər də öz həllini tapacaq. Türkiyənin dövlətçilik tarixindən də məlumdur ki, orada baş nazirin gəlib-getməsi o qədər də böyük bir hadisə deyil. Belə hallar çox olub.

Bir halda ki, dövlət başında duran vəzifəlilər hansısa məsələlərdə dil tapıb yola gedə bilmirlər, onda nə qədər tez ayrılsalar, bir o qədər yaxşıdır.

Çünki bu, həm türk milləti və həm də dövləti üçün daha münasib addım olar. Türkiyəni sabahkı daxili təhlükələrdən və parçalanmalardan qoruyar”.

Qeyd edək ki, bu gün Baş nazir Əhməd Davutoğlunun sədrliyi ilə AKP-nin iclası keçirilib.Partiyanın iclasında Davudoğlunun istefa məsələsi gündəmə gəlib.

AKP-nin növbəti qurultayında Əhməd Davudoğlu partiya sədrliyinə namizədliyini verməyəcək. Beləliklə də o, Baş nazirlikdən də getməli olacaq. İclasda qurultayın mayın 22-də keçirilməsi barədə qərar qəbul edilib.

Türkiyə mətbuatında Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

AKP-nin mayın 22-də keçiriləcək qurultayına münasibət bildirən Ərdoğan “Fövqəladə qurultayın keçirilməsi Baş nazirin öz qərarıdır, xeyirli olsun” deyə münasibət bildirib.

Modern.az

Comments are closed.