“Qüdrət Həsənquliyev həm də onu adam edən Hərəkata və hərəkatçılara qənim kəsilib”

Son günlərdə ölkə daxilində müharibə ab-havasının yaşanması bir çox siyasətçilərin Qarabağ probleminə yanaşmalarında da müəyyən dəyişikliklərlə müşayiət olunur. Vaxtilə Rusiya hərbi arsenalının Azərbaycandan uzaqlaşdırılmasının qatı tərəfdarlarından olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin siyasi davranışlarında da deyilənlər öz əksini tapmaqdadır.
Rəhbərlik etdiyi partiyanın mətbuat xidmətinə müsahibə verən Qüdrət bəy Azərbaycanın təhlükəsizliyi məsələsi və Qarabağ problemi ilə bağlı özünün fikir yerdəyişmələriylə müşayiət olunan mövqe ortalığa qoyur. Onun bildirdiyinə görə,“Ukraynada baş verənlər vəziyyəti bir qədər də çətinləşdirib. Bundan sonra Rusiyanın daha açıq formada Azərbaycana hərbi təcavüz etməsi bir az da asanlaşıb”.
Müharibə aparan dövlətin özünə müttəfiqlər tapmasını hər zaman vurğuladığını bildirən Həsənquliyev Azərbaycanın “Qoşulmayanlar Hərəkatına üzv olduq. Faktiki surətdə özümüzü bitərəf elan elədik” formulasında təqdim etdiyi durumundan əndişələndiyi qənaətindədir: “Ermənistanın hərbi-siyasi müttəfiqi Rusiyadır və hərbi bazaları var. Azərbaycanın kimi var? Ən yaxın bizə Türkiyədir. Birinci Qarabağ savaşında mərhum Əbülfəz Elçibəy deyirdi ki, mən Türkiyədən iki vertolyot ala bilmədim ki, Kəlbəcərdən dinc əhalini çıxardım. Türkiyə müharibənin ən qızğın dövründə Avropa Birliyinin təkidi ilə Ermənistana taxıl verdi. Yəni Türkiyə də müəyyən mənada müstəqil dövlət deyil. Avropadan, Amerikadan asılı bir dövlətdir. Hadisələrin gedişi bunu göstərir. Ona görə də Türkiyəyə də güvənməyinə dəyməz”.
Q.Həsənquliyevin fikrincə ortalıqda Dağlıq Qarabağ problemi olduğu üçün “Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. Ermənistan bu gün Rusiyanın hərbi-siyasi müttəfiqi olsa da, Krımın işğalına haqq qazandırsa da, BMT-də Rusiyanı dəstəkləsə də, yenə də Dağlıq Qarabağ məsələsində dünya bizim deyil, Ermənistanın yanında olacaq. Birinci Qarabağ savaşında da gördünüz ki, erməni bizim torpaqları işğala məruz qoydu, ancaq “907-ci düzəliş”i bir sanksiya kimi Amerika bizə tətbiq elədi. Burada erməni diasporu faktoru var. Ona görə də bizim NATO-ya girməyimiz real deyil və bu istiqamətdə də ciddi səylər göstərməyə dəyməz. Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılaşdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə qazı Rusiyaya satmaq olar. Lazımdırsa burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərti ilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər”.
Bütün bunların ikitərəfli sazişlər əsasında olmasının vacibliyini vurğulayan BAXCP sədri “Rusiya öhdəlik götürməlidir və Ermənistandan tələb etməlidir ki, Azərbaycandan işğalçı ordusunu çəksin, əraziləri boşaltsın, Dağlıq Qarabağ problemi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əgər bu da mümkün deyilsə, Rusiya bu şərtləri də qəbul eləmirsə, onda Azərbaycanın gözləməkdən və hərbi potensialını gücləndirmək, artırmaqdan başqa çarəsi yoxdur” qənaətindədir.
Qeyd edək ki, BAXCP sədrinin açıqlamalarına münasibətdə müxalifət düşərgəsində təmsil olunan qüvvələr daha sərt mövqedən çıxış edərək ironik yanaşmayla “siyasi müstəvidə pis yola düşdünsə, daha o yolun yolçususan” mövqe sərgiləməkdədirlər: Məsələyə münasibətini bildirən Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflının fikrincə, “bir dəfə namusunu itə atdınsa, ölənə kimi də adın elə qalacaq. İnamı, etibarı bir dəfə itirənlərin aqibətini politoloji yanaşmalarında xəyanət, satqınlıq mövqeyi sərgiləyənlər də yaşayır. Və beləliklə, xəyanətlər silsiləsi sənin ömürlük yol yoldaşına çevrilir”.
VHP funksionerinin bildirdiyinə görə, i belə yanaşmalar prizmasında Qüdrət Həsənquliyev tək deyil: “Qüdrət Həsənquliyev ilk xəyanətini indi onunla parlamentdə yanaşı oturan satqın dostları ilə birlikdə lideri Əbülfəz Elçibəyə qarşı etdi, Xalq Cəbhəsini parçaladılar… Sonra bu adam Əli Kərimliyə xəyanət etdi. Xalq Cəbhəsini dəyişdi…İndi də neçə illərdir ki, onu yetişdirib adam edən hərəkata və hərəkatçılara qənim kəsilənlərin birincisi olub”.
Yeri gəlmişkən, VHP Siyasi Şurasının üzvü Rafiq Manaflı özünün sosial şəbəkədə olan profilində də belə davranışları “öz dövlətinə xəyanət” kimi dəyərləndirib: “Azərbaycanı təzədən Rusiyanın buxovuna keçirmək davası açmaq, rus ordusunu təzədən Azərbaycana gətirtmək istəyində bulunmaq dövlətə qarşı ən böyük xəyanətdir. Baxmayaraq ki, Həsənquliyev bu dövlətdən ən çox yararlanan kəslərdən biridir…Bu dövləti biz yararlanmaq üçün qurmamışıq, qürurlanmaq üçün qurmuşuq!!!”.

İgid Teymurlu

milletinsesi.az

Comments are closed.