Sabir Rüstəmxanlı0000“Ruslar erməni soyqırımını ortaya atmaqla öz soyqırımlarını unutdurmağa çalışırlar”

Xalq şairi Sabir Rüstəmxanlı 70 il bayram kimi qeyd etdiyimiz işğal günü, 28 aprel tarixi ilə bağlı fikirlərini bölüşüb.

S.Rüstəmxanlı ilk olaraq bildirib ki, 28 May Azərbaycan tarixində nə qədər şərəfli bir gündürsə, 28 aprel də o qədər acı, millətə faciə gətirmiş bir tarixdir:

“Bir çox mühacir həyatı yaşayan qələm əhli, mühacir ziyalılarımız 28 mayla, 28 aprellə bağlı çox ciddi yazılar qələmə alıblar. O yazıların hamısında 28 may millətin şərəf tarixi kimi qeyd olnursa, 28 aprel də millətin faciə günü kimi qeyd olunur. “Hər gələn Mayıs üçün Nisan ağlar, mən ağlaram” deyirlər.

Millət sovetlər birliyinin qorxusu altında olsa da hər gələn Mayıs üçün nə az, nə çox, düz 70 il həsrət çəkib. Çünki 28 May Azərbaycanın müstəqillik günü, Azərbaycan Cumhuriyyətinin qurulduğu, Şərqdə ilk demokratik respublikanın yarandığı, üç rəngli bayrağın qaldırıldığı gün, Cənubi Qafqazda Azərbaycan adlı müstəqil bir dövlətin qurulma günü idi. Amma 28 apreldə mayda qazandığımız nə var idisə əlimizdən çıxdı. 28 May tarixi bizi millət olaraq dünyaya tanıtdı, dünya dövlətlərinə tanıtdı, millətin əxlaqının bərpa olunması istiqamətində addımlar atıldı. 1918-ci ilin mart ayında bolşevik erməni birləşmələrinin Azərbaycanın müxtəlif guşələrində törətdikləri faciələrin hamısını sənədləşdirdi, tarixin itməsinə imkan vermədi. Yeni bir dövr başladı və Azərbaycan başını dikəldib dünyaya “Mən də varam”, “Çar Rusiyasının 100-ildən artıq işğalında qalmağıma baxmayaraq mən ruhumu, dilimi, varlığımı, dövlət qurmaq qabiliyyətimi itirməmişəm” dedi. 28 May bu demək idi. 28 aprel tarixi isə iki ildə qurulanların üzərindən xəttə çəkdi və millətin qara günləri başladı”.

Xalq şairi 1920-ci il tarixindən Stalinin ölümünə qədər Sovet Rusiyasının millətimizin başına gətirdiyi faciələri də sadalayıb:

“Bayaq radioda bir verilişi dinləyirdim. Verilişdə səsləndirdilər ki, 1920-ci ildə Azərbaycanda nə qədər qırğınlar oldu, Azərbaycan türkləri məhv edildi. Hətta bu tarixlə bağlı rəqəmlər də səsləndirdilər, ancaq həmin rəqəmlərdə səhvə yol verdilər. Qeyd etdilər ki, 1950-ci illərə qədər 400 min insanın qətlə yetirildiyi, represiya qurbanı oldu. Təəssüf ki, bu rəqəmi deyənlər sürgünləri yaddan çıxarırlar, təkcə öldürülənləri deyirlər. Halbuki öldürülən insanların sayı 400 mindən qat-qat artıqdır.

Təkcə 1920-ci ilin aprel ayından başlayaraq bir il ərzində 48 min Azərbaycan aydını məhv edilmişdi. Baxmayaraq ki, XI qızıl ordu müxtəlif vədlərlə gəlmişdi ki, güya Azərbaycandan keçib Türkiyəyə gedəcəklər, yardım edəcəklər. Milli hökumətlə anlaşmışdılar ki, burada qırğın olmayacaq, hər şey sakitliklə həll olunacaq, sərhədlər daxilində Azərbaycan dövləti öz varlığını sürdürəcək. Ancaq gələndən üç il sonra Kirovun başçılığı ilə komissiya yaratdılar və bu gün də ürəyimizdə yara olan Dağlıq Qarabağa, ermənilərə muxtariyyət verdilər. Halbuki o vaxt bütün mənbələr yazırdı ki, Dağlıq Qarabağda ermənilər olsa da, Zəngəzur şübhəsiz bütövlükdə Azərbaycan torpağıdır. Baxmayaraq ki, orda olan azərbaycanlıları 1905-18 illərdə qırıblar.

Zəngəzur tərtəmiz Azərbaycan torpağıdır, Qarabağdakı ermənilər mübahisələr etsələr də, bura da Azərbaycanın torpağıdır. Təssüf ki, o vaxt səpilən şər toxumu hələ də göyərməkdədir, Qarabağ faciəsi indi də davam edir.

28 apreldən sonra rus ordusu şimaldan Azərbaycan sərhədlərini aşıb Samux çayını keçən kimi girdikləri hər kənddə dinc əhalini güllələməyə başladılar. Heç bir günahı olmayan adamları gülləyə düzərək Bakıya kimi gəldilər. Bakıya gələndən sonra da bir ildə 48 min yüksək intellekt sahibi ziyalımızı, Milli hökuməti quran, dayağı olan insanları, generalları, alimləri öldürdülər. Nifrətlərinin həddi o qədər idi ki, Şuşada Qacar nəslindən olan üç generalı tikə-tikə doğramışdılar. Ümumiyyətlə onların niyyəti bu milləti tikə-tikə doğramaq idi və onu da bacardılar. Hər il də bu davam etdi, əgər statistikaya baxsaq hər il 40-45-50 min adam qırıldığının şahidi olarıq. Hər on beş dəqiqədən bir bir ziyalını, aydını məhkəməsiz, filansız güllələyirdilər. Bu millətin nə günahı var idi axı?! Sosializm, bolşevizm adına, yeni bir cəmiyyət adına gəlib bir milləti bu qədər məhv etmək bolşeviklərin Azərbaycanda apardığı soyqırım siyasəti idi. Ruslar erməni soyqırımını ortaya atmaqla öz soyqırımlarını unutdurmağa çalışırlar”.

S.Rüstəmxanlı daha sonra qeyd edib ki, bu hələ bolşevizmin fiziki məhv etmək siyasəti idi və bunun bir mənəvi repressiya tərəfi də vardı: “Mənəvi repressiya da ondan ibarətdir ki, milləti türk dünyasından qopartdılar, millətin adını, əlifbasını dəyişdirdilər, tarixini saxtalaşdırdılar. Sanki biz iyirminci yüzillikdə yaranmış millətik, azərbaycanlı deyərək millətin keçmişini, soyadını əlindən aldılar. Milləti millət, xalqı xalq edən nə qədər dəyərlər vardısa məhv etdilər. Milləti həm fiziki, həm də mənəvi cəhətdən məhv etmək üçün nə qədər imkanları vardısa, hamısından istifadə elədilər.

Bütün bunların da bünövrəsi 28 aprel tarixindən başlayır.

Bu gün radioda dinlədiyim verilişdə 28 aprellə bağlı faktların ardınca böyük şairimiz Süleyman Rüstəmin sözlərinə yazılmış “Cənnət görmək istəyən Azərbaycana gəlsin” mahnısı səsləndirildi. Burada böyük paradoks yaranır. Bir yandan deyirlər ki, o rejim azı 400 min adam öldürdü və onun da ardınca da o dövrdə yazılmış bir mahnını səsləndirirlər. Represiyaların qoynunda öz qanında boğulan Azərbaycana cənnət demək olardımı? O vaxtın mənəvi terrorlarından biri də o idi ki, o vaxtkı böyük şairlərimiz Kremlin çaldığına oynamağa məcbur edilmişdi. Onlar “Ey qızıl Moskva yazırdılar”, əslində qızıl yox, qanlı Moskva yazaydılar. Millətimizin başına gətirlən o qədər faciələri millətin səadəti, xoşbəxtliyi kimi qələmə verirdilər. Millətə əzab da verilər, zülm də olar, tarix boyu sınaqlardan da keçər, amma yaşadıqlarımızın ən iyrənc tərəfi o idi ki, balanı, atanı, əmini, dayını gözünün qabağında öldürürdülər, sonra da sən bunu bayram kimi qəbul etməlisən deyirdilər. Budur 28 aprelin mahiyyəti.

Şükrlər olsun ki, tarix təzədən öz sözünü dedi, 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini elan elədi. 28 aprel tarixinin üzərindən birdəfəlik xətt çəkildi, 28 aprel küçəsinin adı dəyişdirilib 28 may küçəsi oldu. Bu, tarixin ədalətidir və onu göstərir ki, heç bir xalqa əbədi olaraq zülm etmək mümkün deyil. Xalq varsa, iradəsi varsa, təzədən öz varlığını, bütövlüyünü, böyüklüyünü dünyaya göstərəcək”.(moderator.az)

Comments are closed.