sabir5Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıların birində milli mənsubiyyəti ilə bağlı iddialara cavab verib. Musavat.com-un Türkiyənin  haberlər.com saytına  istinadən verdiyi məlumata görə, Ərdoğan milli mənsubiyyəti ilə bağlı aşağıdakıları bildirib:“Bir gün atamdan soruşdum ki, ata, biz türkük, yoxsa laz? Rizəliyik axı, bəziləri türk deyir, bəziləri laz deyir. Atam cavab verdi ki, oğlum, babam din adamı idi. Bunu ondan soruşmuşam. Babam mənə dedi ki, axirətdə Allah bizdən dinimizi, peyğəmbərimizi, imanımızı soruşacaq. Qövmün (milliyyətin) kimdir, deyə soruşmayacaq. Səndən bunu soruşduqları zaman əlhəmdülillah, müsəlmanam deyib, keç”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə musavat.com-a bildirib ki, mənsub olduğum xalq, indiyə qədər ən azı beş dindən keçib: “Türklərin bir hissəsi vaxtı ilə yəhudi olublar. Bundan başqa digər bir hissəsi bütpərəst, atəşpərəstlikdən, xristianlıqdan keçib, indi İslamda dayanıblar. Yəni əgər din milli  kimlikdən daha vacib olsaydı, o zaman dinlər deyil, milli kimliklər dəyişilərdi. İslamdan öncəki dinlər unuduldu, ancaq milli kimlik yerində qaldı. Düşüncəmə görə, milli kimlik olmayan yerdə millət unudulub, gedir. İslam qardaşlığı var. Ancaq bunun içərisində fars, ərəb öz milli kimliyini qoruyub saxlayıb. Biz də  öz milli kimliyimizi qorumalıyıq. İslam nə ərəbin, nə də farsın milli kimliyinə toxunmayıb, ancaq təəssüf ki, yalnız türklərin arasında milli kimliyin unudulması siyasəti aparılır. Onlar ərəb, fars dedikləri zaman biz demişik ki, müsəlmanıq. Müsəlman bir din adıdır.  Bu, millət adı deyil və milli kimliyi də müəyyənləşdirmir. Ona görə də  milli kimlik məsələsi ilə din məsələsini qarışdırmaq olmaz. Milli kimlik min illəri aşıb gələn gendir. Ancaq din sadəcə bir etiqad və vicdan məsələsidir. Dini dəyişmək mümkündür, ancaq bu, milli kimliyin dəyişilməsinə səbəb ola bilməz. Osmanlı dövründə millət anlayışı daha çox  din ocaqlarına bağlılığı əhatə edirdi. Məsələn, erməni kilsəsinə bağlı olan erməni milləti sayılırdı. Müsəlman məscidinə bağlı olanlar isə müsəlman milləti kimi adlandırılırdı. Müsəlman sözü də oradan gəlib. Halbuki müsəlman milləti deyə bir millət yoxdur. İslam dininə bağlı olan çoxlu xalqlar var, onlardan biri də türklərdir. Bu baxımdan iki məsələni qarşı-qarşıya qoymağı doğru saymıram”.

musavat.com

Comments are closed.