Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilatçılığı ilə “Qarabağda son olaylar və vəzifələrimiz” mövzusunda bu gün VHP-nin qərargahında dəyirmi masa keçirilib. Müxtəlif siyasi partiyaların , sivil təşkilatların, aydınların qatıldığı məclis şəhidlərimizin ruhuna sayqı duruşu ilə başlayıb.
Konfransı giriş sözü ilə açan VHP sədri Sabir Rüstəmxanlı məsələyə münasibətdə mövqeyini bildirərək hazırkı məqamda görüləcək işlərdən, dövlət və millət olaraq qarşımızda dayanan vacib vəzifələrdən danışıb . Ordumuzun göstərdiyi rəşadət nəticəsində xalqda yaranan ruh yüksəkliyini vurğulayan natiq bundan sonra xalqın mübarizə ruhunu söndürməyin mümkünsüzlüyünü qeyd edərək son hadisələrlə bağlı siyasi müxalifətin öz arasında birliyi ilə yanaşı , həmçinin iqtidar müxalifət birliyinin də zəruriliyini dilə gətirib.

Sonra Azərbaycan Milli Strateji Düşüncə Mərkəzinin (AMSAM) başqanı İsa Qəmbər mövzu ətrafında məruzə edib. O , öz təhlilində mövcud durumdan , hadisələrin irəliliəyə bilən siyasi və hərbi inkişafından, dövlət və müxalifət olaraq qarşıda görüləcək əsas məsələlərdən danışıb.

Hərbi ekspert Üzeyir Cəfərov isə son aprel döyüşlərinin taktikası , ordumuzun vəziyyəti, hadisələrin baş verə biləcək inkişaf dinamikası haqqında geniş hərbi təhlilini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Mövzu ətrafında digər çıxış edənlər – Xalq Partiyasının sədri Pənah Hüseyn, Milliyyətçi Demokrat Partiyasının (MBP) sədri İsgəndər Həmid, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbala Əzimov, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( KAXCP) sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı Arif Hacılı, AXCP sədr müavini Nurəddin Məmmədli, AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu və tanınmış jurnalist Azər Həsrət öz fikir və mülahizələrini bölüşərək müəyyən təkliflər irəli sürüblər.

Türkiyədən, Kərkükdən, Tatarıstandan olan qonaqların da iştirak etdiyi konrfans sonda müraciətin qəbul edilməsi ilə başa çatıb. Bütün dünya azərbaycanlılarına ünvanlanan bu müraciətdə Azərbaycan xalqının iradəsinin heç bir savaşla və terrorla qırmağın mümkün olmadığı qeyd olunur. “Biz yenidən milli birliyimizin, xalqla ordunun birliyinin, millətin böyük səfərbərlik gücünün şahidi olduq. Dünyanın müxtəlif guşələrindən Azərbaycanın haqq işini müdafiə edən səslər yüksəldi. Güney Azərbaycanda keçirilən mitinqlər milli birliyimizi bir daha nümayiş etdirdi.
Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı Vətənimizə dəstək aksiyaları keçirməyə və Azərbaycan Respublikasının ətrafında daha sıx birləşməyə çağırırıq.
İşğal edilmiş bütün torpaqlarımız azad edilənə, milyondan artıq qaçqın və köçkünümüz öz yurdlarına qayıdana qədər bu mübarizə davam edəcəkdir!”

Bundan əlavə müzakirələr boyu dövləti və milli vəzifələrimizin gələcək istiqaməti ilə bağlı müxtəlif siyasi və sivil təşkilatların , aydınların irəli sürdüyü fikirlərdən ibarət təkliflər paketinin hazırlanması və hökümətə təqdim edilməsi qərara alındı.

VHPQDM-0 VHPQDM-1 VHPQDM-2 VHPQDM-3 VHPQDM-4 VHPQDM-5 VHPQDM-6 VHPQDM-7 VHPQDM-8 VHPQDM-9

Comments are closed.