Aprelin 12-də millət vəkili, tarix elmləri doktoru, professor, nüfuzlu ziyalılarımızdan olan Fəzail İbrahimlinin 65 yaşı tamam oldu. Fəzail İbrahimli Azərbaycan tarixinin çox önəmli bir dövrünü – Cümhuriyyət dövrünü tədqiq edib. Onun araşdırılmamış, 90-cı illərdə bir çoxlarına qaranlıq olan tariximizin bu səhifəsinə işıq tutması həm də bir ziyalılıq missiyası idi. Fəzail İbrahimli uzun müddət çalışdığı Bakı Dövlət Universitetində özünü saf, təmiz, neqativliklərdən uzaq, əsl alim kimi tanıdıb və təsadüfü deyil ki, bu ali təhsil ocağında tələbədən müəllim heyətinə qədər, hər kəs ona böyük hörmət edir.

Fəzail İbrahimli Vətəndaş Həmrəyliyi Partiyasının yarandığı ilk illərdən sıralarımıza qoşulmuş və partiyanın  ideoloji katibi kimi Həmrəylik xəttinin təbliğində əməyini əsirgəməmişdir. O, Vətənimiz üçün vacib olan vətəndaş həmrəyliyi, milli birlik ideallarının daşıyıcısı kimi hər bir vətəndaşımıza dəyər verir, xalqımız və millətimiz üçün əlindən gələni əsirgəmir.

Ona görədir ki, VHP-çilər arasında böyük nüfuzu var.  Fəzail İbrahimli 16 illik deputat fəaliyyətində də hər zaman həqiqətləri dilə gətirib, seçicilərinin yanında olub; Avropa Şurası Parlament Assambleyasındakı xidmətləri də dövlətimizin, dövlətçiliyimizin düşmənlərinə qarşı yönəlib, ölkəmizin haqlı davasını böyük arenalarda aparanlardan biri olub. Ona görə də onu həm seçiciləri, həm də bütün xalqımız dəyərləndirir və bu dəyərin nəticəsidir ki, seçicilər Fəzail İbrahimlini yenidən millət vəkili görmək istədiklərini ortaya qoydular.

Dəyərli ziyalımızı, millət vəkilini, tarixçi alimi 65 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı, ailə xoşbəxtliyi, fəaliyyətində uğurlar arzulayırıq.

VHP Siyasi Surası

Comments are closed.