“Ankara baş verən elə bir faciədir ki, insan deməyə söz tapmır. Bu, nə insanlığa, nə də müsəlmanlığa yaraşan hadisədir. Ankarada terror baş verən yeri yaxşı tanıyıram. Kızılay meydanı Ankaranın mərkəzidir, ürəyidir, işdən çıxan, evinə tələsən dinc əhalinin ən çox toplaşdığı yerdir. Belə bir yerdə terror törədənlər insanlığı, şərəf və ləyaqət hissini çoxdan unutmuş vəhşi yaratıqlardır. Siyasi terrorun belə müəyyən siyasi hədəfləri olur və həmin hədəflərə qarşı törədilir, dinc əhaliyə, günahsız insanlara toxunmaq tarixdə çox az görünən məsələlərdir”.
Bunu Moderator.az-a açıqlamasında VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Ankarada dünən baş vermiş terror  olayına münasibət bildirərkən deyib.
S.Rüstəmxanlı daha sonra qeyd edib ki, Ankarada baş verən növbəti terrordan sonra artıq Türkiyə dövləti ciddi addımlar atmalıdır: “Son vaxtlar təəssüf ki, terrorçular birbaşa Türkiyənin ürəyini, Ankaranı nişan alırlar. Orada əslində PKK çox zəifidir, çox ciddi müdaxilə edə bilmir. Türkiyənin İraqla sərhəd bölgələrində PKK-nın yuva qurduğu yerlərdə son vaxtlar həyata keçirdiyi uğurlu əməliyyatlar müəyyən qurupların vəhşiləşməsinə səbəb olub. Ankarada baş verən terror hadisələri  Türkiyənin son vaxtlar terrorun kökünü kəsəcəyi ilə bağlı açıq şəkildə verdiyi bəyənatlara cavabdır. Bildirmək istəyirlər ki, terror davam edəcək. Çox ciddi narahatçılıq doğuran məsələlərdən biri də odur ki, Türkiyə kürd xalqının tələblərini, istəklərini nəzərə alaraq müəyyən addımlar atdı. Kürdlərin özlərinin ayrıca siyasi partiyaları məclisdə təmsil olunur, onların istəkləri məclisdə dilə gətirilir. Artıq bu proseslərin bir hissəsi siyasi müstəviyə keçib. Gözləmək olardı ki, bundan sonra terror dayanacaq, normal, sivil qaydada kürdlər öz istəklərini dilə gətirəcəklər, dövlətlə dialoqlarını davam etdirəcəklər. Amma təəssüf ki, burada ikibaşlı oyun gedir, məclisdə oturanların əslində bir əlləri də terrorçuların cibindədir. İndiki terrorun ən qorxulu tərəfi ondan ibarətdir ki, terrora dəstək verənlərin bir hissəsi Türkiyənin  həm də rəsmi orqanlarında, məcisində, baş bakanlığında, nazirlərinin arasında əyləşib. Görünür ki, müxtəlif məqamlarda oturan bir sıra kürdəsilli şəxslərin PKK ilə gizli sövdələşmələri, əlaqələri var ki, PKK belə cəsarətlə gəlib Ankaranın ürəyinə çıxa bilir. Başqa tərəfdən görünür ki, beynəlxalq qüvvələrin Türkiyəni zəiflətməyə çalışmaq, bölgədə, İraqda, Suriyada, İslam dünyasında baş verənləri tədricən Türkiyəyənin içərisinə soxmaq meylləri də var. Bu terror təkcə PKK olayı deyil, həm də PKK-ya dəstək verən bir sıra beynəlxalq güclərin də burada rolu var və bunu inkar etmək olmaz. Çünki PKK üzvlərinin, terrorçuların əlində elə silahlar tutulur ki, həmin silahlar ancaq bəlli dövlətlərdə istehsal olunur, yalnız onların razılığı ilə bu bölgəyə ötürülə bilir. Beləliklə, Türkiyə bu gün həm daxilindəki separatizmin, bölücülük hərəkatının, həm vaxtikən sovetlər birliyinin dəstəyi ilə yaradılmış siyasi partiya olan, sonradan terroçu qrupa qurşanmış bir qurumun, həm siyasət adıyla türk düşmənçiliyi ilə məşğul olan müəyyən dəstələrin, illərdir dünyada beynəlxalq türk düşmənçiliyi aparan güclərin, qucaq açdığı insanların hədəfindədir. Təəssüf ki, Türkiyə qucaq açıb Suriyadan mliyonlarla insanı öz ərazisinə buraxır, humanitar yardımlar göstərir. Ancaq sabah onların necə hərəkət edəcəyi bəlli deyil. Türkiyənin şəhərlərinin küçələrində dilənçiliklə məşğul olan, iş görən insanların sabah Türkiyəyə arxadan hansı zərbə vuracağı bu gün bəlli deyil. Ona görə də Türkiyə dövlətinin ciddi tədbirlər görməsi lazımdır”.
Xalq şairi sonda Türkiyə dövlətinə, Türk xalqına başsağlığı verib: “Bu böyük faciədir, həm də bizim faciəmizdir, qətliamdır, dinc əhali yaralanıb, məhv olub. Mən Türkiyə cümhuriyyəti dövlətinə, türk xalqına başsağlığı verirəm, keçmiş olsun deyirəm, Tanrı Türkü  qorusun. Həm də Türk özünü qorusun, öz dəyərini, qədrini bilsin, siyasətini düzgün müəyyənləşdirsin, atdığı addımlar millətin xeyrinə olsun. Dövlət yetkililəri müvəqqəti siyasətlərin əsiri olmadan, xalqın böyük gələcəyinə yönəlmiş uzunömürlü siyasətə xidmət etsinlər”.
Rumiyyə

Comments are closed.