6 mart Azərbaycan Xalq Cümhuriyyətinin banisi, görkəmli dövlət xadimi, dahi mütəfəkkir, siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadənin 3 dəfə “Azərbaycan” deyərək, dünyadan köçdüyü gündür. Bu gün Rəsulzadənin vəfatından 61 il ötür. 

Rəsulzadə Azərbaycan xalqının milli dəyəridir. Bir müddət öncə onun adı ətrafında baş verən qalmaqal da göstərdi ki, Məhəmməd Əmin Rəsulzadə adı çəkiləndə zaman dayanır.
Bu gün, ilk dəfə olaraq Rəsulzadənin xatirəsini əbədiləşdirən, Lenin heykəlinin boynuna ip salıb uçuran, yerində Rəsulzadənin heykəlini ucaldan keçmiş Şin zavodunun direktoru Felmar Ələkbərovla həmsöhbət olduq.
Felmar Ələkbərov bütün riskləri gözə alaraq, rəhbəri olduğu Şin zavodunun həyətində qoyulan Leninin heykəlinin boğazına ip salaraq ayaqlarının altına atdığı günü danışdı: “1990-cı il 20 yanvar hadisəsinin səhəri günü tikinti üzrə müavinə dedim ki, kran gətirin. Direktor müvininə bildirdim ki, bir adam təşkil edin ki, Leninin heykəlinin boynuna tros ipi keçirsin. Müavin xahiş elədi ki, məni bu işlərə qatma, qorxulu işdir. Digər şəxslər də, ipi Leninin boynuna keçirməyə çəkindi. Bu zaman nərdivana çıxıb,tros ipi Leninin boğazına keçirdim. Krana göstəriş verdim ki, dartıb aşağı salsın. Heykəli çox çətinliklə çıxara bildik. Sonra Leninin heykəlinin yerinə Məhəmməd Əmin Rəsulzadənin heykəlini qoyduq. Bu abidə Bakıda Rəsulzadənin ilk abidəsi idi. O vaxta qədər Rəsulzadənin heç yerdə heykəli yox idi”.
Felmar Ələkbərov Leninin heykəli uçurduğu üçün Moskvanın təzyiqləri ilə, vəzifəsini itirmək təhlükəsi ilə üzləşdiyini dedi: “Bu hadisədən sonra Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Rüfət Ağayev məni təhdid elədi ki, nə etmisən. Əlini masanın üstünə vuraraq dedi ki, “səni qarışqa kimi əzərəm”. Sən kommunistsən, müəssisə rəhbərisən, necə belə işə əl qoya bilərsən? Bildirdim ki, artıq mən bu işi eləmişəm. Rüfət Ağayev sənədlərimi göndərdi Moskvaya və mənim “məsələmə” baxılacağını dedi. SSR kimya sənayesi naziri Limayev məni qəbul elədi. Limayev xeyli danışdıqdan sonra zavodun göstəricilərinə baxdı və “sən niyə belə hərəkət etmisən” deyə soruşdu. Dedi ki, siyasətlə, Leninlə işin olmasın,zavodun işləri ilə məşğul ol. Lakin sənin haqqında Bakıdan şikayət məktubu gəlib. Mən Azərbaycan hökuməti  ilə sənin barəndə müzakirə edəcəyəm.
Limayev telefonla Bakıya baş nazirin birinci müavini Artur Rəsizadəyə zəng elədi və mənim haqqımda məlumat aldı. O zaman A.Rəsizadə sənaye sahəsinin kurasiyasında idi. Limayevin danışığından bildim ki, A.Rəsizadə mənim haqqımda müsbət fikir dedi. Limayev Artur Rəsizadəyə bildirdi ki, Şin zavodun göstəriciləri yaxşıdır və  soruşdu ki, sənayə sahəsi Rüfət Ağayevin səlahiyyətindədir, yoxsa sənin. Telefonda bir qədər zarafatlaşdıqdan sonra razılığa gəldilər ki, Mütəllibovun  imzası ilə məktub göndərilməlidir ki, şin zavodunun direktoru vəzifəsinə Ələkbərov Felmaq Əli oğlu ilə yenidən 5 illik müqavilə bağlasınlar. Məktub bir gün ərzində Moskvaya çatdı və yenidən vəzifəmə qayıtdım”.
Felmar Ələkbərov bu hərəkəti ilə Əbülfəz Elçibəyin də alqışını qazandığını bildirdi: “Əbülfəz Elçibəy də bu heykəl haqqında eşitmişdi. Kələkidən qayıdandan sonra bir söz işlətdi. Mənə dedi ki, biz hakimiyyətdə çox az olduq. Bizim edə bilmədiyimizi sən eləmisən, buna görə çox sağ ol”.
Müsahibimiz deyir ki, hazırda Rəsulzadənin adına küçələr olsa da, onun adı layiqincə əbədiləşdirilmir: “Şin zavodunun qarşısında SSRİ hələ dağılmamış bayraq var idi. Bayrağın üzərində “Bir kərə yüksələn bayraq, bir daha enməz” yazılmışdı. Bu söz isə Rəsulzadənin məşhur kəlamıdır. Bu heykəli burada quraşdımaqda məqsəd,  bir kərə yüksələn bayrağın bir daha enmədiyini sübut etmək idi. Mən Leninin heykəlini yerindən qoparıb, Rəsulzadənin heykəlini ucaltdığım üçün çox xoşbəxtəm. Çünki, o çox böyük tarixi şəxsiyyətdir. Rəsulzadə Şərqdə ilk cümhuriyyəti qurmuş insandır. Düzdür adına küçələr, abidələr olsa da, lakin kifayət deyil. Bakının əsas mərkəzi küçələrində heykəlləri, abidələri ucaldılmalıdır”.
Məğrur Mərd
Fotolar və video müəllifindir
felmar1 felmar21 felmar44444 resulzadeheykel resulzadeheykel1 resulzadeheykel2 resulzadeheykel3

Comments are closed.