Cahid Hilaloğlu Cahidlə Çingizin başına gələnlər «İz» proqramında səslənəndən sonra böyük maraq doğurduğundan mövzunu davam etdirmək qərarına gəldik.

Beləliklə, ötən əsrin səssiz qəhrəmanlarını daha yaxından tanımağa çalışaq. Ona görə «çalışaq» yazıram ki, bu şəxslər barədə bilgilər elə də çox deyil.

Təbii ki, bu yazıda daha çox Əli və Əzizə Şamillərin 15 il öncə Polşanın KARTA təşkilatı üçün hazırladıqları araşdırmadan yararlanacağıq.

13 YAŞINDA XƏBƏRSİZ İRANA KEÇİB

Cahid Hilaloğlu 1928-ci ildə Ağdamda doğulub. Deyilənə görə, ailə İrandan köçübmüş. Cahid ilk vaxtlar Şirinov soyadını daşıyıb. Ailə Cahidin kiçikliyində Bakıya köçüb. Atası neft mədənlərində çalışır, Cahid də 13 saylı məktəbdə oxuyurmuş.

1941-ci ilin avqustunda Cahid sovet qoşunlarına qoşularaq, ata-anasından xəbərsiz, Arazı keçir. 13 yaşlı Cahid iki il İran Azərbaycanında qalır. Başına olmazın işlər gəlir və axırda Bakıya dönə bilir.

ÇİNGİZ ABDULLAYEV KİM İDİ?

Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçında doğulub. Yeniyetmə çağlarından diribaşlığı, hər şeyə şübhə ilə yanaşması, sözü üzə deməsi özünə diqqət oyadıb. Deyilənə görə, Çingizin bir qohumu Azərbaycan Cümhuriyyətinin qurulmasında iştirakı olan önəmli şəxs olub və Cümhuriyyətin işğalından sonra həmin qohum Türkiyəyə mühacirət edib. Qohumun kimliyi aydınlaşmayıb. Uşaqlıqdan evdə-ailədə gizli söhbətlər eşidən Çingiz müstəqil böyüyüb, hadisələrə ayıq gözlə baxmağı bacarıb. Vəssalam. Çingizin uşaqlığı barədə bundan artıq məlumat almaq mümkün deyil.

DEMOKRATİK SEÇKİLƏR, MÜSTƏQİL DÖVLƏT!

1947-ci ildə Cahid Bakıdakı 13 saylı orta məktəbi bitirərək, Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Təsadüf onu eynən özü kimi düşünən bir gənclə qarşılaşdırır. Bu, Çingiz Abdullayev idi. Uzun söhbətlərdən, fikir mübadiləsindən sonra gizli tələbə dərnəyi qurmağa, sovet quruluşunun eybəcərliklərini pisləyən vərəqələr yazıb divara vurmağa qərar verirlər. Bu vərəqələrdə əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar!

Vərəqələr, təbii ki, xüsusi xidmət orqanlarının nəzərindən yayınmır. Onu divara vuranları aşkarlayırlar. Çingiz 1948-ci ildə «dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq»da ittiham edilərək üç il həbsə məhkum olunur. Onu Teatr İnstitutundan da xaric edirlər. Dərnəyin başqa üzvlərini tənbeh etməklə kifayətlənirlər. Həbsdən sonra Çingizə Bakıda yaşamağa və işləməyə icazə vermirlər. Ancaq Çingiz müxtəlif yollarla Cahidlə bağlantı qurur.

Cahid Hilaloğlu 1952-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsini bitirir və Dövlət Opera və Balet Teatrında işə başlayır. Amma yenə, yeri gələndə, quruluşla bağlı fikirlərini söyləyir…

ÜÇRƏNGLİ BAYRAQ QIZ QALASINDA!

1956-cı il. Gündəmdə Stalinin şəxsiyyətinə pərəstişlə bağlı kommunist idarəçilərin öz təşəbbüsüylə və gizli məktublardan qaynaqlanan şayiələr dolaşır.

Çingiz Abdullayev və Cahid HilaloğluMir Cəfər Bağırovun məhkəməsi gedir. O məhkəməyə qatılmağa 2-cə saatlıq buraxılış kağızı alanlar, qorxa-qorxa da olsa, daha sonra inanılmaz məsələlərdən söz açırlar. Bir sözlə, siyasi ab-hava dəyişir və gözlərdən böyük bir sual işarəsi oxunur.

1956-cı il martın 6-7-də Tbilisidə 200 min nəfərə yaxın insanın qatıldığı mitinq keçirilir  və sovet ordusu bu mitinqi vəhşicəsinə dağıdır. Nəticədə ölənlər, tutulanlar olur. Bu əhvalat gənclərin etiraz ruhunu daha da alovlandırır.

Cahidlə Çingiz xaricə getməyə, mühacirətdə olan Azərbaycan Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyə, daha sonra BMT və digər beynəlxalq təşkilatlarla bağlantı qurmağa, Azərbaycanın acınacaqlı durumunu dünyaya çatdırmağa qərar verirlər.

«DƏMİR PƏRDƏ»Nİ NECƏ YARMALI?

Gənclər İran yolunu seçirlər. Mədəniyyət Nazirliyinin xətti ilə sərhəd məntəqəsi olan Lerikdə işə düzəlmək və ordan xaricə keçmək baş tutmayanda, (bu barədə ötən yazıda geniş yazmışıq – S.İ.) Çingiz qeydiyyatdan çıxmaq ümidi ilə Moskvaya gedir və orada başqa yollar aramağa başlayır. Cahidlə telefon söhbətlərində aradığı yollardan da danışır və onu, lazım gələndə, Moskvaya çağıracağını bildirir.  ABŞ səfirliyi ilə bağlantı qura bilsə də, DTK (Dövlət Təhlükəsizlik Komitəsi) onun görüşlərindən xəbər tutur və o, həbs olunur. Çingiz 10 il həbs kəsilir. Bir il sonra ədliyyə nazirinə yazdığı ifşaedici məktubdan sonra onun işinə yenidən baxılır. Cəza müddəti bir il də artırılır və o, Vladimir şəhərindəki xüsusi rejimli həbsxanaya,  təkadamlıq kameraya göndərilir…

CAHİD ÇİNGİZİN XARİCƏ GETDİYİNİ DÜŞÜNÜR

Çingiz ikinci həbs həyatını yaşamaqda olsun, görək Cahid nə edir? 1956-cı ilin mayında Çingizin taleyindən xəbərsiz Cahid Bakıda dostundan ayrı fəaliyyətə başlayır. O, Çingizin artıq xaricdə olduğunu güman edir və Bakıda qalan həmfikirlərini başına toplayaraq mayın 28-də Cümhuriyyətin yaranışını məxsusi qeyd etməyi – Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmağı qərarlaşdırır.

CAHİD BAYRAĞI NECƏ HAZIRLAYIR?

Doğrudan da, Cahid indi kiçik uşaqların da rənglərini əzbər bildiyi o bayrağı necə düzəldə bilir? Görünür, bu milli dövlət rəmzinin hansı rənglərdən oluşması, üstündəki səkkizguşəli ulduz və aypara barədə gənclərin məlumatı olub. Çingizin yaxın qohumu Türkiyədə mühacirət həyatı sürmüşdüsə, bayrağın təsvirini Cahidə elə Çingiz də söyləyə bilərdi. Bəs bayraq necə hazırlandı? Yəqin ki, bunu heç vaxt öyrənə bilməyəcəyik. Axı istintaq işində bayrağın adı belə çəkilmir. Əli Şamil demişkən, bu inanılmaz hadisə ancaq yaddaşlarda qalıb, özü də çox möhkəm!

ƏZABLI YOLLARLA…ÇİNGİZ

1963-cü ildə sakit oturmadığını görüb Çingizi Mordvadakı xüsusi-ciddi rejimli islah-əmək düşərgəsinə, 1964-cü ildə isə Ümumittifaq Məhkəmə Tibbi Psixiatrik Ekspertiza İnstitutuna  «müayinəyə» göndərirlər. İnstitutun direktoru – DTK-nın ilk rəhbərlərindən F.E.Dzerjinskinin qızı M.F.Talsenin başçılıq etdiyi komissiya 1956-cı ildə Çingiz  Abdullayevə «anlaqlı» diaqnozu qoysa da, 9 il sonra o, «anlaqsız» hesab edilir. Beləcə, Çingiz  Yaroslavl vilayətinin Rıbinsk şəhərinə – SSRİ Daxili İşlər Nazirliyinin xüsusi tibbi-psixiatrik xəstəxanasına məcburi müalicəyə, daha sonra Sçov şəhərindəki xəstəxanaya göndərilir. 1968-ci ildə Smolensk vilayətinin  Sçov şəhər xalq  məhkəməsinin qərarıyla Çingiz Abdullayevi Bakıya 1 nömrəli Maştağa Psixiatrik Xəstəxanasına yollayırlar…

MAŞTAĞA XƏSTƏXANASINDA NADİR AĞAYEVLƏ TANIŞLIQ

Başı çox müsibətlər çəkmiş Çingiz Vətənə döndüyünə sevinmir. Xəstəxananın baş həkimi onunla pis davranır. Üstəlik, olub-keçənlər onun səhhətinə pis təsir edir. Mədəsində və onikibarmaq bağırsağında   xora və pankreatin xəstəliklərinə tutulur… Tibbi komissiya ona ikinci qrup əlillik verir. Ən maraqlısı, Çingiz burada onun kimi məcburi «müalicəyə» göndərilmiş məşhur dissident Nadir Ağayevlə rastlaşır. Başına gələnləri yazıb  onun  qohumlarına  göndərir. 14 il 4 aydan sonra – 1970-ci il avqustun 25-də onu «müalicəxana-həbsxana»dan azad edirlər.

İkinci qrup əlil olduğu üçün Çingiz Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Ancaq… burada da fikirlərini azad söyləyir, sovet hökumətini ifşa etməyə davam edir. Onu nəzarətdə saxlayır və ətrafda fikir formalaşdırmağa çalışırlar ki, Çingiz  Abdullayev ağıl pozuntusundan belə danışır…

AZADLIQ ŞİRİN SÖZDÜRMÜ?

Azadlığa çıxmaq özünü həmişə «xalqlar həbsxanası»nda hiss edən Çingiz Abdullayevə rahatlıq gətirmir. O, xaricə getmək planları qurur. Moskvaya gedir. 1982-ci il sentyabrın 15-də milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşıb həyətə keçə  bilir və siyasi sığınacaq istəyir. Onu səfirliyin həkimlərinə müayinə etdirirlər. İsveçrədən çağırılan iki professor da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyir. İsveçrədə və başqa xarici ölkələrdə çıxan qəzetlər onun haqqında geniş məqalələr yazırlar.

Əli və Əzizə Şamillərin araşdırmasından aydın olur ki, Sovet tərəfi  vəziyyəti nəzarət altına almaq üçün Çingiz  Abdullayevə İsveçrə səfirliyindən çıxıb vizası gələnədək gözləməyi, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcəyini vəd edir. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb «Moskva» mehmanxanasında qalmağa razılaşır və səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun bütün xərclərini ödəyir, müalicəsinin qayğısına qalır.

YENİDƏN MAŞTAĞAYA!

Ancaq SSRİ Ali Soveti Rəyasət Heyətində Çingizin xaricə getmək məsələsi süründürməçiliyə salınır. 1984-cü il oktyabrın 14-də DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otel nömrəsinə daxil olur və Çingizi həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirir. Orada Çingiz  Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Çingizi gizlicə təyyarənin gecə reysi ilə əlləri bağlı, sərnişinlərdən ayrı Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixiatrik Xəstəxanaya salırlar…

44 İLDƏN SONRA XARİCƏ YOL AÇILIR!

Çingiz Abdullayev Maştağadan bir də sovetlərin çöküşündən sonra çıxa bilir. O, yenidən İsveçrədən siyasi sığınacaq istəyir. Araşdırmada vurğulanır ki, 1991-ci ildə qocalıb əldən düşmüş, kimsəsiz Çingiz  Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir.  1947-ci ildən başlanan mücadilə 1991-ci ildə – 44 ildən sonra gerçəkləşir. Araşdırma qrupu onun son sorağını 1998-ci ildə Bern şəhərindən alıb. Ondan sonra Ç.Abdullayevdən soraq verən olmayıb… Öldüsü-qaldısı bilinmir.

PALTO OĞRUSU SİYASİ DUSTAQ OLDU

Görək, Qız Qalasının başına üçrəngli bayraq sancan qəhrəmanımızın –Cahid Hilaloğlunun başına nələr gəldi? Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu ovaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır. Əli Şamilin dediyinə görə, həmin illərdə tanınmış aşıq Mikayıl Azaflı da yazdığı şeirlərə görə yox, oğurluğa görə tutulmuşdu. Özü də, palto oğurluğuna görə! Gülünc də olsa, bir neçə aydan sonra Cahid Hilaloğlunu da palto oğurluğunda suçlayıb tuturlar. Daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla  antisovet təbliğat və təşviqatda  suçlayırlar. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır…

HƏYAT YOLDAŞININ DEDİKLƏRİ

C.Hilaloğlu cəzasını Mordvadakı Dubrovski islah-əmək düşərgəsində çəkir. Araşdırma qrupunun fikrincə, bura əslində siyasi məhbuslar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Cahid şəraitin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq, ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir.

Asəf Quliyevin 10 il öncə çəkdiyi sənədli filmdə Cahid Hilaloğlunun həyat yoldaşı onun məhbəs həyatını belə təsvir edir:

«Gündə çağırıb-danışdırırdılar. Xətkeşi elə vururdular ki, dişim qopurdu. Məni camaatın içinə salmadılar. Dedilər, səni zülmlə öldürəcəyik. Qış vaxtı, çılpaq aparıb yekə bir hovuzun içinə saldılar. Neçə gün o suyun içində qaldım. Şişib qarderobdan da yekə oldum… Axırda bir kişi dedi, onu çıxarın. Məni çıxaranda hamı qorxudan qaçdı. O qədər şişmişdim ki, enim 2 metrə olubmuş. Sonra məni bir otağa saldılar. Yanıma da tibb bacısı qoydular. Başladılar məni müalicəyə. Yavaş-yavaş özümə gəldim. 10 ildə çox zülmlər gördüm. 3 qənd verirdilər. Birini yeyib, ikisini saxlayırdım. Sürgün eləyəndə, bir ovuc qənd saxlamışdım. Gəlib əlimdən alıb ayaqlarıyla əzdilər. Elə itələdilər ki, üzüm qapıya dəyib parçalandı, eləcə də – qanım tökülə-tökülə məni qatara mindirib sürgünə göndərdilər…».

AZADLIQ YOLUNDA QAN TÖKƏNLƏR…

10 il həbsdən sonra Bakıya dönən Cahid Hilaloğlu uzun müddət işsiz qalır. 1969-cu ildə  məcbur olub Yerevanda – C. Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor  işləyir. Araşdırmaya görə, təhlükəsizlik orqanları orada da C.Hilaloğlunu dinc buraxmır. Gah səhnədən söylədiyi sözün ayrı cür yozulduğuna, gah tamaşaya qoyduğu əsər başqa cür  başa düşüldüyünə, gah da yoldaşları ilə yeyib-içərkən söylədiyi sağlıqdan  millətçilik qoxusu gəldiyinə görə «söhbətə» çağırırlar. 1971-ci ildə Hilaloğlu Bakıya qayıdır və vaxtilə oxuduğu  ali məktəbin Tədris Teatrında rejissor çalışmağa başlayır.

İNCƏSƏNƏT İNSTİTUTU

Cahidin vaxtilə oxuduğu institutda işə düzəlməsi və işdən çıxması Rahib Hüseynovun rektor çalışdığı dövrə təsadüf edir. Qəribədir ki, az sonra Hilaloğlu institutda  rejissorluqdan dərs deməyə başlayır. Elə bu ərəfədə institutun rektoru həbs edilir. Əli Şamilin fikrincə, o dövrdə bütün rektorlar eyni üslubda işləyirdi. Bəs necə oldu ki, məhz İncəsənət İnstitutunun rektoru tutuldu? Araşdırmaçı-jurnalistin fikrincə, Rahib Hüseynov Cahidin tələbə yoldaşı olub və bu da onun cinayətkar kimi həbs edilməsinə şübhə ilə yanaşmağa əsas verir. Maraqlıdır ki, R. Hüseynov həbs olunan kimi,  C. Hilaloğlu da ərizə yazıb işdən çıxır.

NÖVBƏTİ İŞSİZLİK-NÖVBƏTİ TEATR…

1976-cı ilin aprelin 13-də öz ərizəsi ilə işdən gedən C.Hilaloğlu yenə işsiz qalır. Xanımının dediyinə görə, hara gedirdisə, onu «Azərbaycan xaini-düşmən» adlandırırdılar:

«Deyirdi, mən neyləmişəm ki, düşmən olmuşam? Axırda məni yanına salıb aparırdı kluba, mədəniyyət evinə, deyirdi mənə iş verin,  axı mən də insanam, bax, mənim də ailəm var, yaşamaq istəyirəm. Vermədilər. Axırda məcbur olub Ağdam teatrına getdi. Orada işləyən vaxt bütün artistlər Cahiddən ötrü dəli-divanə idi. Camaat yığışırdı başına».

…VƏ SON—NADAN KİMİ VURDUĞUNUN FƏRQİNDƏYDİMİ?

Bədbəxtlik bu kiçik Vətəndə də ondan əl çəkmir. 1991-ci il  mayın 30-da nömrəsi bilinməyən bir «Volqa» avtomobili Cahidi vurur.

Qəzada həlak olan C.Hilaloğlunu Ağdamda ata-anasının yanında dəfn edirlər…

Araşdırma qrupunun fikrincə, xüsusi xidmət orqanlarının təşkil etdikləri avtomobil qəzaları, qəfil ölümlər haqqında o qədər faktlar aşkarlanıb ki, C.Hilaloğlunun ölümünə də təsadüfi avtomobil qəzası kimi baxmaq olmur…

DƏYƏRDİMİ? SİZ DEYİN, DƏYƏRDİMİ?

1991-ci ilin 28 Mayında Cahid Hilaloğlu Azərbaycan Cümhuriyyətinin 73-cü ildönümünü sonuncu dəfə qeyd etdi.

Vətənin müstəqilliyinə sayılı aylar qalırdı. Cahid də, Çingiz də az qala yarım əsrlik mübarizələrinin bəhrə verəcəyi günə yaxınlaşırdılar.
Amma bu müstəqillik Cahid Hilaloğlunun, Çingiz Abdullayevin fikirləriylə nə dərəcədə səsləşəcəkdi, bəlli deyil.

Zatən, Çingiz Abdullayev bu səsləşmənin olduğunu uğrunda can qoyduğu Vətəndən getməklə puça çıxardı…

Cahidsə qəfil ölümü seçdi.

Az sonra Cahidin pənah apardığı Ağdam işğal olunacaq, yerlə bir olacaqdı…

Azadlıq Radiosu

Comments are closed.