samirasadli“Rusiya yenə də imperalist düşüncə ilə idarə olunur və 1992-ci ildə Xocalı qətliamında iştirak edən 366-cı alaya əmr verənlər yenə bu dövlətin siyasətində yer tuturlar”.

 

Türkiyənin Rusiya təyyarəsini vurması nəticəsində Rusiya-Türkiyə münasibətlərindəki yaranan gərginlik artmaqda davam edir. Artıq bu iki dövlətin mümkün müharibə ehtimalı barədə də danışılır. Bütün bu proseslərin fonunda isə həm Suriya ətrafında hadisələr kritik hal almağa başlayıb, həm də Rusiyyanın aqressiv siyasəti bir az da kəskinləşib. Regiondakı son geopolitik durum və bu şəraitdə Azərbaycanın mövqeyi ilə bağlı cumhuriyyet.az-ın əməkdaşı Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədliyə suallarla müraciət edib. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

– Rusiya ilə Türkiyə münasibətlərindəki gərginliyin artdığı şəraitdə Azərbaycan tərəf tutmaq məcburiyyətində qala bilərmi?

– Azərbaycan tərəf tutmaq məcburiyyətində qalmamalıdır. Çünki Azərbaycan 2010-cu ildən Türkiyə ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalayıb. Bu müqaviləyə görə, tərəflərdən biri ehtiyac lazım olarsa, digərinə müraciət edə bilər, digər tərəf isə ona yardım göstərməlidir. Azərbaycan-Türkiyə münasibətləri müttəfiq münasibətləridir. Bu baxımdan Azərbaycanın kimi seçəcəyi sual olunmamalıdır, bu tam açıq bir məsələdir.

– Amma Azərbaybaycan dövlətinin Suriya hadisələrinə rəsmi mövqeyi Rusiyanın siyasətinə daha yaxındır. Bu günlərdə Xarici İşlər Nazirliyi rəsmisinin açıqlaması da bunu bir daha təsdiqlədi.

– Əvvəla onu diqqətə alaq ki, qeyd etdiyiniz açıqlama Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. Demokratik və bəşəri dəyərləri əsas tutan hər kəs, hər bir təşkilat Əsəd rejiminə qarşıdır. Artıq 5 ildir ki, Suriya xalqının rəsmən qətliamı prosesi həyata keçirilir, bu savaş Suriya xalqının Əsəd rejiminə qarşı çıxışı ilə başlayıb və bu hakimiyyət mübarizəsində ölkənin yüzminlərlə insanı öldürülüb, milyonlarla suriyalı qaçqın düşüb. Bu gün Suriyada bir neçə hərbi-siyasi qüvvənin hökmranlığı var və Bəşər Əsəd bu qüvvələr arasında ortabab gücdə olan bir şəxsdir. Artıq onu legitim prezident saymaq özü siyasi lətifə sayıla bilər. Əslində Azərbaycanın Suriya məsələsindəki mövqeyi bu ölkədəki proseslərə heç bir təsir gücünə malik deyil. Amma bununla belə, Suriya ətrafında cərəyan edənlər yeni dünya düzəninin formalaşmasına aparan yolun mühüm bir parçasıdır və həm Türkiyənin, həm də Azərbaycanın bu prosesdən uduşla çıxması hər birimizin istəyidir.

 – Bütün bunların fonunda Azərbayacana və Türkiyəyə qarşı gizli qüvvələrin hərəkətə keçdiyi də ortadadır. Ankaradakı məlum terror olayının təsirindən ayrılmamış, Rusiyanın Ermənistana silah satması faktı ilə üz-üzə qaldıq.

– Bu, doğurdan da belədir. Türk Dünyasının iki dövləti açıq və gizli təhdidlərlə üz-üzədir. Baxın, bu gün Türkiyə ABŞ və Avropanın əsas rəqibi olan Rusiya ilə üz-üzədir. Qərbin Gürcüstan və Ukrayna olaylarında göstərmədiyi cəsarəti bu gün Rusiyaya qarşı Türkiyə nümayiş etdirir, amma həlledici an gələndə PKK nəinki terror təşkilatı kimi tanınmır, əksinə, hələ imkan düşdükcə müdafiə olunur. Eyni durum Azərbaycanla da bağlı yaşanır. Azərbaycanın rəsmi dövlət siyasətində Rusiya və İranın maraqlarına toxunan bir addım belə atılmayıb. Rəsmi Bakı doğru və ya yanlış hər addımında şimal və cənub qonşularının maraqlarını nəzərə alıb. Əvəzində qarşılaşdığımız mənzərə nədir? İran Ermənistanın əsas iqtisadi dayaqlarından birinə çevrilib. Hətta Tehran rejimi Gürcüstanla qaz danışıqlarında boru xəttinin Ermənistan ərazisindən keçməsinə qədər düşmən ölkənin əlinə oynayır. Rusiya isə Ermənistanın rəsmi himayədarıdır. Son silah satışı Kremlin bütün iç üzünü ortaya qoydu. Minsk Qrupunun üzvü olan, münaqişənin həll edilməsinə məsul olunmuş dövlərlətlərdən biri tərəflərdən birini silahlandırırsa, bu o deməkdir ki, Rusiya yenə də imperalist düşüncə ilə idarə olunur və 1992-ci ildə Xocalı qətliamında iştirak edən 366-cı alaya əmr verənlər yenə bu dövlətin siyasətində yer tuturlar. Bütün bunlar isə bir daha onu təsdiqləyir ki, Azərbaycan və Türkiyə regionda bir-biri üçün yeganə səmimi müttəfiqdir.

VHP Mətbuat Xidməti

Comments are closed.