imageAzərbaycan üçün çalışan adam: Yusif Salmansoy – 65

Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından, Sovet dönəmində Sumqayıt şəhərində Azərbaycan Milli Bayrağını ilk ucaldanlardan biri, VHP sədrinin müavini, Sumqayıt Şəhər Bələdiyyəsinin üzve və Komissiya sədri Yusif Salmansoyun 65 yaşı tamam olur.
Yusif Salmansoy adı Azərbaycan cəmiyyətinə Milli Azadlıq Hərəkatının ilk günlərindən, 1988-ci ildən bəllidir. Həmin dövrdə Azərbaycanın ən böyük və qaynar şəhərlərindən olan Sumqayıtda əhalinin iradəsinin ifadə olunması və milli azadlıq ideyalarının təbliğində Yusif bəyin adı xüsusilə seçilib. Bakıda tədbirlərin, görüşlərin keçirilməsinə maneələr yaradılanda, insanlarla təmaslarımız Sumqayıtda həyata keçirilirdi və bu tədbirlərin təşəbbüskarlarından, zəhmətini çəkənlərdən, bütün təzyiqlərə və təqiblərə baxmayaraq, sinəsini qabağa verənlərdən biri olaraq Y.Salmansoyun xidmətləri əvəzsizdir. Onun Azərbaycan Xalq Cəbhəsinin Sumqayıtda təsis olunmasında əməyi və uzun müddət AXC Sumqayıt təşkilatına rəhbərliyi azadlıq mübarizəmizin hədəfinə çatmasında önəmli rol oynayan amillərdən biridir.
Milli Azadlıq Hərəkatına qoşulan və Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qalxan insanlar arzularına çatdıqdan sonra növbəti hədəfi müəyyənləşdirdilər: Azərbaycanda sivil vətəndaş cəmiyyəti, azad, şəffaf seçki mühiti, demokratik sistem yaratmaq. Bu mübarizə azadlıq mübarizəsindən daha uzun prosesdir və daimi müqavimət, mübarizə, həmçinin əzmkarlıq, iradə, səbir və ləyaqət istəyir. Yusif bəy yaşının bu çağında da böyük əzmkarlıq və enerji ilə Azərbaycan dövlətinin inkişafı, demokratiya, insan haqları, bir sözlə, Azərbaycan insanının firavan həyatı və dövlətimizin yüksəlişi yolunda mübarizə aparır.
Biz də, Yusif bəyi 65 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona həyatda uğurlar və müqəddəs mübarizəsinin hədəfə çatmasını arzulayırırıq.

Comments are closed.