resulzadeheykeli1Azərbaycanda Rəsulzadənin ilk büstünü qoymuş şəxsLent.az-a danışdı 

Araz küçəsi, 8. Bu ünvanı az adam tanıyar yəqin. Amma…Amma bir vaxtlar Azərbaycanın gəlirli zavodlarından biri yerləşib bu ünvanda: Şin zavodu. 94-cü ildən zavod bəlli səbəblərdən fəaliyyətini tam dayandırıb. O vaxt zavodun direktoru isə Felmar Ələkbərli olub. Amma indi isə keçək əsas məsələyə. Zavoddan danışmayacağıq sizlərə. Zavodun ərazisində hələ sovet dövründə qoyulmuş Məmməd Əmin Rəsulzadənin büstündən söhbət açacağıq.

***

Metronun “Ulduz” stansiyasından çıxıb üzü yuxarı xeyli gedirsən. Qarşına əlində şin olan fəhlə heykəli çıxana qədər. Bu heykəldən sağa burulub, sökülmüş barıdan zavodun həyətinə keçmək olur. Rəsulzadənin büstü tam qarşınızdadı.

Zavodun həyəti bu gün baxımsız qalıb. Eləcə də büst. Bir zamanlar mərmərdən hazırlanmış səkkiz guşəli ulduz isə dağılıb.

***

resulzade1990-cı ilin yanvarın 20-də Felmar Ələkbərovun qardaşının Ağdamda toyu olub. Hələ rayondaykən ona xəbər çatır ki, Bakıda rus əsgərləri əliyalın insanları qırıb. Ölənlərin sayı haqda təxmini rəqəmlər deyilsə də, toyu musiqisiz yola verib, səhəri Bakıya qayıdır. Şəhərə girərkən yol boyu əzilmiş maşınları görüb dəhşətə gəlir.

– Yolun kənarı qanıydı. Hətta yerdə qopub düşmüş insan barmağı belə gördüm. Tankların qarşını kəsmiş bütün maşınların üstündən keçmişdilər. Bir qədər də gedəndən sonra bizim maşını saxladırlar. Mən ailəmlə zavodun xidməti maşınında gəlirdik. Əli avtomatlı rus əsgəri baqajı göstərib, içindəkiləri soruşdu. Sürücüm də rus idi. Rusca dedi ki, “qranat”dı. Rus əsgəri silah-sursat başa düşüb əlindəki avtomatın süngüsüylə baqajı açmağa başladı. Digər rus əsgər baqajdakı narı görüb onu çəkib apardı, bizi də buraxdı. Uşaqları evə düşürüb zavoda getdim.

Artıq Bakıda baş verənlər haqqında dəqiq məlumat əldə etmiş, zavodun həyətindəki Vladimir İliç Leninin büstünün taleyi haqda təkbaşına qərar vermişdi.

– Büstü uçurtmaq üçün zavoda kran çağırtdım. Heç kim cəsarət edib trosu heykəlin boynuna salmadı. Hələ də sovet qorxusu vardı. Axırda məcbur qalıb, nərdivan qoydum, trosu Leninin boynuna saldım. Etiraf edim ki, büstü zülmlə uçurtduq. Çox keyfiyyətli hazırlamışdılar.

Sonradan Leninin büstünün yerində şərqin ilk cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdı.

resulzadeheykeli– Zavodun həyətində əlində şin olan fəhlə heykəli vardı. Elə indi də var. Heykəli Hüseyn adında heykəltəraş hazırlamışdı. Fikrimi ona dedim, razılaşdı. Leninin doğum gününə qədər yeni heykəl hazırlanmalıydı.

Həmin ilin aprelin 22-də Şin zavodunun həyətində ətrafına səkkiz guşəli mərmər ulduzla çərçivələnmiş Məmməd Əmin Rəsulzadənin büstünün təntənəli açılışı olur. İş bununla da bitmir. F. Ələkbərli zavodun girişinə cümhuriyyətin 3 rəngli bayrağını da asdırır. Hələ SSRİ dağılmamışdan. Zavoda gəlib-gedənlər hər gün 8 guşəli bu bayrağın altından keçir.

Hadisədən xəbər tutan o vaxtkı Bakı şəhər partiya komitəsinin birinci katibi Rüfət Ağayev F. Ələkbərlidən Moskvaya – SSRİ-nin kimya və neftayırma sənayesi nazirliyinə donos yazır. Donosda deyilir ki, Felmar Ələkbərli kommunistə yaraşmayan hərəkətlər edib: “SSRİ-nin yaradıcı Leninin heykəlini uçurub. Belə bir şəxsin vəzifədə qalması düzgün deyil”. Bundan sonra onu Moskvaya çağırırlar.

– Nazir Lemayev kitabı açıb əlifba siyahısı ilə zavod adlarına baxdı. “B” hərfinə çatanda Bakı Şin Zavodunu tapdı. Adın qarşısına baxdı və dedi ki, sən ki, planı yüz faiz yerinə yetirirsən. Mən səni işdən çıxartmaq istəmirəm. Məsələyə aydınlıq gətirmək üçün Bakıya – Artur Rəsizadəyə zəng elədi. Onda o, Azərbaycan SSRİ-nin nazirlər kabineti sədrinin birinci müavini idi. Zavod da onun kurasiyasındaydı. Münasibətləri də yaxşıydı. Əvvəl öz aralarında zarafatlaşdılar. Sonra nazir ona sual verdi ki, Bakı Şin Zavodu sənin kurasiyandadı, yoxsa Rüfət Ağayevin? O da dedi, mənim. Soruşdu, bəs xəbərin varmı, onun işdən azad olunması üçün Moskvaya yazıb? Rəsizadə də dedi ki, yox. Dedi, bəs sən onun işdə qalmağını istəyirsənmi? Dedi, bəli. Dedi, onda Mütəllimovun imzasıyla mənə məktub göndər ki, onun işdə qalmasını istəyirsiniz.

A. Rəsizadə sənədi bir günə hazırlayıb, təqdim edir. Bundan sonra Ələkbərlinin zavoda rəhbərlik etməyi üçün 5 illik yeni müqavilə imzalanır. Elə olur ki, gələn il nazir Lemayev  qəfil zavodu ziyarətə gəlir.

– Bayraq binanın girişində olsa da, çox adam fikir verməzdi. Lemayev də görmədi. Nə də heykəli. Amma girişdə zavodun adının latın əlifbası ilə yazısını gördü. Soruşdu, bu nədi, artıq ingiliscə də yazırsınız?! Sonra da güldü ki, bu ki, “farmazon” direktordu. Heykəl söhbətinə işarə edirdi.

1994-cü ildə Ələkbərli zavodun direktoru vəzifəsindən azad edilir. Üstündən 6 ay keçər-keçməz isə zavod öz fəaliyyətini dayandırır. Bu gün zavodun idarəsinin bəzi otaqlarına məcburi köçkünlər sığınıb. Zavod özü isə xarabalığa dönüb. 90-cı ildə təntənəli açılışı olan Rəsulzadənin büstü isə 22 ildir baxımsız qalıb.

Qeyd edək ki, Felmar Ələkbərli hazırda VHP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədridir.

news.lent.az

Comments are closed.