sabirbeyZbunyadovunogluXalq şairi, VHP-nin sədri Sabir Rüstəmxanlı öz evində amansızlıqla qətlə yetirilmiş tarixçi alim, akademik Ziya Bünyadovun oğlu, Bakının 1990-1991- ci illər komendantı olmuş Valeri Bunyatovla görüşüb.  Xalq şairinin onunla hazırladığı yazı- müsahibəni təqdim edir:

“Daha dünyaya belə adamlar gəlməyəcək! O, vəhşicəsinə öldürüldü. Müharibənin əvvəlindən axırina vuruşasan, həmişə ölümün üstünə gedəsən, ölüm sənə toxunmaya, sonra öz vətənində… Namərdcəsinə… Azərbaycan onu qoruya bilmədi. Atam öz vicdanına zidd getməməyin, həqiqəti gizlətməməyin və Azərbaycan sevgisinin, onu gələcək fəlakətlərdən qorumağın qurbanı oldu…”

Nahar fasiləsində, onun iş yerində görüşməyi razılaşdırmışdıq. Saat 1-ə beş dəqiqə qalmış mən maşından enəndə o artıq binanın qarşısında gəzişib gözləyirdi. Əlini qaldırıb uzaqdan salamlaması ilə məni çaşdırdı. Eynilə atasının hərəkətiydi. Sonra bu çaşqınlıq dəfələrlə təkrar olunacaqdı. Dəfələrlə elə biləcəkdim ki, üz-üzə oturduğum adam böyük alimimiz, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun oğlu yox, özüdür. Evində, Milli Məclisdə, akademiyada, “Azərbaycan” qəzetində, yollarda beləcə dərdləşmdiyimiz günlər düşəcəkdi yadıma…

-Valeri, yaşıd olduğumuza görə, rəsmiyyətə ehtiyac görmürəm – deyə söhbətə körpü salıram.

“Əlbəttə”- deyir- nə rəsmiyyət, mən hərbiçiyəm, kəsə danışmağı xoşlayıram.”

-Məni çaşdırırsan, adam da atasına bu qədər oxşaya bilər?

Üzünə bir razılıq ifadəsi qonur. Bu da yenə Ziya müəllimin bir az istehza qarışıq təbəssümünü xatırladır. Yəni, “başqa cür necə ola bilər ki!” Sonra söhbət zamanı dönə-dönə təkrarlayacaq ki, mən elə bir kişinin oğlu olmağımla ömrüm boyu qürur duymuşam!

Gecə yağan qar yolları ağardıb. Asta-asta irəliləyirik. “Qar bir yandan, bir yandan da bir neçə gün öncə ayağım bərk burxulub…”- deyir. Ancaq maşına minmək təklifini qəbul etmir: “Gedərik yavaş-yavaş…”

-Görürsən, təsadüfən yanvarın 20-də görüşmüşük! Bilirsən bu gün hansı gündür?

“Əlbəttə! Heç unutmaq olar? Həm də Azərbaycan mətbuatını izləyirəm. Hər şeydən xəbərim var!”-deyə sualımı tamamlamağıma imkan vermir.
-İndi Bakı ayaq üstədir. Bütün şəhər Şəhidlər Xiyabanına axır.

– Allah, sənin atan da daxil olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin! İstefada olan polkovnik, Sovet Ordusunun köhnə zabiti və ən əsası Fövqəladə Vəziyyət vaxtında bir müddət Bakının komendantı olmuş bir adam kimi, üstündən 26 il keçəndən sonra həmin hadisələrə necə baxırsan?

– O hadisə Sovet İttifaqı rəhbərliyinin çox böyük səhvi və ağılsızlığı idi. Başqa necə baxmaq olar? Cinayət törədildi… Mən ordunun Bakıya necə girdiyini, dinc əhali ilə necə vəhşicəsinə rəftar edildiyini şahidi olamamışdım. Ancaq sonra da gəlsəm, Bakını, mənə doğma olan şəhəri, atamın şəhərini o vəziyyətdə görmək çox ağır idi. Mən konfliktlərin sakitcə, səbrlə, danışıq yolu ilə həllinə inanıram. Bakıda da bu imkan olub. Ancaq zorakılıq və düşmənçilik yolunu seçmişdilər. Bu, ordunu da, ölkəni də sarsıtdı, sistemin dağılmasına yol açdı.

Fikrimdə ona veriləsi bir xeyli sual var. İlk baxışda qapalı, öz dediyi kimi kəsə danışmağı xoşlayan, təfərrüatı sevməyən adama bənzəyir. Ancaq nəylə maraqlanıramsa həvəslə və detallarla aydınlıq gətirir. Ən ilginci budur ki, hansı mövzuya toxunuruqsa, axırda sözü yenə atasının üstünə gətirir və mən sərt bir hərbiçi ömrü yaşamış bu adamın ürəyindəki ata sevgisinin böyüklüyünə heyrət edirəm.

“Anam Raisa Akimovna Xasavyurdludur. Böyük Vətən müharibəsində ordu qərargahında tərcüməçi olub. Alman dilini mükəmməl bildiyindən birbaşa məktəbdən aparmışdilar onu. Həmin orduda atamın komandirlik etdiyi 123-ci batalyon haqqında eşitmisən yəqin…”

-Özü danışıb, kitabda da oxumuşam…

-Hə orda tanış olublar və 1945-ci ildə, Berlin ətrafında evləniblər. 1946-cı ildə mən andan olmuşam. Sonrakı həyat yoldaşı Tahirə xanımla əllinci illərdə Moskvada oxuyarkən tanış olub. Düzdür, anam bir ara məni atamdan uzaq tutmaq istəyib, görüşdürməyib, ancaq buna baxmayaraq, əlaqələrimiz həmişə davam edib. 18 yaşıma kimi anama aliment verib. O vaxtın ölçüləriylə ciddi bir məbləğ idi. Yadıma gəlir, atamın göndərdiyi pulun üç ayını yığıb sevdiyim qıza qızıl saat almışdim. 19 yaşımda evlənmişəm. Atamı da dəvət etmişdim. Gəlmişdi. Bir həftə bizdə qaldı… Ailə həyatım uğurlu olub. 51 ildir xoşbəxt yaşayırıq. İki qızım var. Biri mənə qonşudur. 25 yaşlı nəvəm var. Onun da adı Valeridir.

-Ananız sağdır?

-Yox. Üç il yarım əvvəl ölüb.

-Ata-ananın ayrılması, sonra hər birinin ikinci dəfə ailə qurması övladı yaralayan bir işdir. Bu, atanla arada soyuqluq yaratmışdımı?

– Qətiyyən! Atam mənim üçün həmişə müqəddəs adam olub. Ömrüm boyu onunla, onun qəhrəmanlığı, şəxsiyyəti, böyük alimliyi və mübarizliyi ilə fəxr etmişəm. Mənim üçün həyatda ondan böyük avtoritet olmayıb. Nə iş görsəm ilk növbədə onunla məsləhətləşirdim və həmişə ən ağıllı məsləhətləri də ondan eşitmişəm. O təkrarolunmaz adam idi. Amma tez unuduldu. İndi daha heç kimin yadına düşmür.
(Bundan sonra hər dəfə atası haqqında danışanda doluxsunur, gözünün yaşını silir.)

-Elə deyil. Ziya Bünyadov Vətənində çox sevilir; o, bir əfsanədir və həmişə yaşayacaq. Mən onunla dost idim, cavanlıq illərimizdən, hələ qəzetdə işləyəndə onun haqqında yazmışam …

-Kitabda rast gəlmişəm o məqaləyə…

-Sonra xatirələrimi yazmışam, şeir həsr eləmişəm ona, imkanım olsa, haqqında bir kitab da yazaram. Bilirsən, yoldaşı Tahirə xanım son illərdə Milli Məclisin kitabxanasında işləyirdi. Tez-tez görüşürdük. Mənə deyirdi ki, Ziya hər adamı qəbul edən deyildi, amma səni çox istəyirdi. Dəfələrlə bizim evdə söhbətin olmuşdu. İndi işləmir Tahirə xanım, xəstədir, bu yaxınlarda gedib baş çəkmişdim ona… Ziya müəllimlə bağlı bir əhvalat da yadıma düşdü. Bir dəfə mənə dedi ki, Bəxtiyara, Nəbiyə şer yazmışam. (Bəxtiyar Vahabzadə ilə Nəbi Xəzrini nəzərdə tuyurdu), sən qalmısan, gərək sənə də yazım. Ziya müəllimin satirası kəskin idi. Əslində, onun tənqidinə tuş gəlmək istəmirdim, ancaq nə yazacağı da maraqlı idi. “Mənə yaza bilməzsən!- dedim. – Mən həcvə gəlmirəm. Sonra məsələni yumşaltmaq üçün “həm də bilirəm ki, məni çox istəyirsən!- deyə zarafat elədim,- “Heç nəyin dəxli yoxdur, gözlə!-dedi. Doğrudan da, yazmışdı; növbəti məclisə gələndə yazdığı şeri mənə verib “oxu!” dedi. Oxudum. Dediyim düz çıxmışdı. Gülə-gülə “bu ki, tərifnamədir!-dedim. Etiraf elədi ki, sənin haqqında başqa cür yaza bilmədim. Onu sevənlər çoxdur. İşlədiyi institut onun adınadır. Oturduğu otağı olduğu kimi, muzeyə çevirib saxlayırlar…

– Hamısından xəbərim var… Ancaq qəbri üstündə qoyulan heykəl məni əsəbiləşdirdi. Ona yaraşan abidə deyil. Heç olmasa boy-buxununa uy-un olaydı. O nə ilandır ayağının altında? Kimi nəzərdə tutublar? Erməni alimlərini? Atam üçün ilan başı əzmək xırda iş idi. O böyük alim idi və mübarızə obyekti, hədəfləri də ayağına dolaşan bir ilanla ifadə edilə bilməz!

-Bakıda səni də unutmayıblar…

-Komendant olduğuma görə hamı pis xatırlayır, eləmi?

-Yox, elə deyil. İmkan daxilində kömək edirdin. Birini yadına salım. Mən yanına gəlib “Azərbaycan” qəzetinin nəşrini davam etdirməyimizə icazə verməyini xahiş etmişdim və atanın bizim redaksiya heyətinin üzvü olduğunu da demişdim. Sən də tərəddüd etmədən icazə vermişdin…

-Başqa necə ola bilərdi? O qəzetdə atamın da yazıları çıxmışdı… Onun adı gələn yerdə başqa cür hərəkət edə bilməzdim. Tez-tez görüşüb-görüşmədiyimizi soruşursan. 1965-ci ildə mənim toyuma gəlməsi əsil bayram idi.. Sonra mənim ilk qızım olanda getdik Bakıya. Anam da bizimləydi. Qulluq etdiyim səmtlərə yolu düşəndə ailəvi qarşılamışıq. Mən xasiyyətcə atama çox oxşayıram. Hərbiçi olsam da, ailəmi özümdən ayırmamışam. Hər yerə bərabər getmişik. Bakıya da birgə gedirdik və atam buna çox sevinirdi… Hərbi akademiyanı qurtaranda Bakıya öz maşınımla getmışdim. Atamgildə qaldıq. Bakıda da iki qardaşım vardı və onlarla mehriban olmağımızı istəyirdi. Xüsusən, Cəmillə çox yaxın idik. Heyf, o da tez getdi… Oğlu Musa da getdi. İndi Bibiheybət qəbirstanlığında uyuyan babamızın adını daşıyırdı. Bilirsən, mən atamı həm də niyə görə çox sevmişəm? Atam hər şeyə vicdanla yanaşırdı. Vicdan onun üçün insan olmanın əsas şərtiydi. Vicdanına zidd getməzdi, buna görə də güclü idi. Hər yerdə sözünü çəkinmədən, cəsarətlə, üzə deyərdi. Kitabları, elmi araşdırmaları da belədir. Mən atamın yüksək Azərbaycan sevgisini hiss edirdim, gördüm. Ona pərəstişimin bir səbəbi də bu idi. Ürəyi ilə dili arasında sərhəd yox idi. Sevgisi də, nifrəti də açıq idi. Buna görə sevməyənləri də az deyildi. Bütün ömrü boyu Vətəninə şöhrət və hörmət gətirdi. Mən Özbəkistanda qulluq edərkən onun Xarəzmşahlar haqqında kitabının necə qarşılandığının şahidi olmuşam. Onlar köhnə nəslin adamlarıydılar: əsil ziyalı, əsil vətəndaş, əsil alim, əsil qəhrəman… Mən də atam kimiyəm. Məni də əymək olmaz. Bunun çox əziyyətini çəkmişəm. Onda da atamın yardımını hiss etmişəm… Bununla bağlı belə bir əhvalat danışmışdı: Bakının ağır günlərində, 20 Yanvar ərəfəsində Polyaniçkonun yanında bir yığıncaq varmış. Yazovun, Bakatinin, Kravçukun, Şatalinin iştirak etdiyi bu məclisə köhnə hərbiçi, qəhrəman və xalq arasında hörməti olan ziyalı kimi atamı da dəvət edibmişlər. Atam, söz yox, ordunun şəhərə yeridilməsinin əleyhinə danışır. İçindəki ədalət hissi həmin gərgin məclisdə də mənim vəziyyətimi ona xatırladıbmış. Şatalindən soruşub ki, məni bir şey maraqlandırır, sizdə rütbə çox bahadır? Hamı çaşıb qalır. Onda atam “mənim oğlum on ildir podpolkovnik rütbəsində qalır, böyür- başında hamıya rütbə verirsiniz, ona nə olub? Familiyası xoşunuza gəlmir?”- deyə kükrəyir. Elə həmin gün mənim məsələm həll olunmuşdu.

-Onda təyin olunmuşdun Bakı komendantı?

-Yox, mən komendantlığa 1990-cı ilin mayında gəldim. Amma ola bilsin ki. o söhbətdən yaddaşlarında qalmışam. Əslində, mən gəlmək istəmirdim. Çünki komendantlıq haqqında heç bir təsəvvürüm yox idi. Atam da, rütbəmi böyütdürəndə ağlına gəlməyib ki, bir gün məni Bakıya göndərə bilərlər. Ancaq bir müddət sonra öyrəşdim. Komendantlığın maraqlı tərəfi xalqa kömək eləmək imkanı idi. Bakının ərzaq təminatından tutmuş, təmizliyinədək, hər şeyə qarışmalı olurdum. Xalq küçələrə çıxmağa qorxurdu, dəfələrlə elan etmişdim ki, qayda-qanun gözlənilir, qoy hər kəs əvvəlki həyatını yaşasın. Komendantlıq mənə ömrüm boyu arzuladığım başqa bir gözlənilməz imkan vermişdi; bu da atamla bir şəhərdə yaşamağım idi. O vaxtki Buynakski küçəsində, onların qonşuluğunda olurdum. Həftədə üç-dörd dəfə axşamlar ailəvi onlara gedirdik. Biz atamla balkonda oturur və gecə yarısınadək söhbətləşirdik…

-Fikirlərinizin üst-üstə düşmədiyi vaxtlar çox olurdu?

-Çox olmasa da, olurdu. Dediyim kimi, atam mənim Bakıda komendant olmağımla barışa bilmirdi. İzah etməyə çalışırdım ki, əksinə, başqalarındansa mənim olmağım yaxşıdır. Siyasi görüşlərimizdə də fərqlər vardı. Məsələn, mən SSRİ-nin dağılmağını istəmirdim, atam isə bunun qarşısıalınmaz bir proses olduğunu görürdü. Ancaq sonra bir konfederal və ya Avropa Birliyinə bənzər daha sərbəst və demokratik ittifaqın yaranmağını istəyirdi.

– Komendant gəldiyin günü xatırlayırsan? O axtardı səni?

-Bakıya gələn kimi birbaşa evə, onun yanına getdim. “Məni bura göndərdilər”,-dedim. “Onların məqsədini anlayıram!” söyləyərək, bir az əsəbiləşdi. Sonra sakitləşib, “lap yaxşı, bir yerdə yaşayacağıq!” – dedi.

-Bakıdan nə vaxt getdin?

-1991-ci il sentyabr ayının 9-da…

-QKÇP-dən sonra. Artıq komendant saatına ehtiyac qalmamışdı…

-Elədir. Moskvada çevriliş baş vermişdi. Ancaq Azərbaycan rəhbərliyi nə baş verdiyini anlamamışdi. Məni təbrik edirdilər.

-Ancaq biz, Xalq Cəbhəsi olaraq, elə birinci gün çevrilişin əleyhinə bəyanat verdik. Sentyabrın 1-də Moskvada SSRİ Ali Sovetinin sonuncu sessiyası çağırılmışdı. Mən də orda iştirak edirdim. O sessiyada artıq İttifaqın ömrünə xitam verildi.

-Yadımdadır. O boyda xalq hərəkatına baxmayaraq, Azərbaycanda hələ Kommunist Partiyası qalırdı. Rəhbərlikdə naşı adamlar çox idi. Vəziyyəti düzgün qiymətləndirə bilmirdilər. Ermənistandan çıxarılan azərbaycanlıların nə günahı vardı? Atam dəfələrlə demişdi ki, doğma yurdlarından çıxarılanları hökmən Dağlıq Qarabağa yerləşdirmək lazımdır. Məsələ sakitcə həll olunacaqdı. Ancaq Azərbaycan rəhbərliyi oturub yuxarıdan icazə gözləyirdilər. Guya Qorbaçovun ürəyi yanacaqdı azərbaycanlılar üçün… Onların qorxaqlığının nəticəsidir bu gün davam edən Qarabağ faciəsi…

-Düzdür, bizimkilər hələ də Qorbaçovun ağzına baxırdılar.

– O, bir təsadüfi adam idi.

-Bakı haqqında düşünərkən təəssüfləndiyin bir şey varmı?

-Şübhəsiz var! Əvvəla, mən Bakını o vəziyyətdə görmək istəməzdim. İkincisi, heyf ki, atamla ünsiyyətdən doymadım. Üçüncüsünü də deyim?

-Hökmən!

(Gülür) Hacı Allahşükür Paşazadə məni həccə göndərmək istəyirdi. Təəssüflənirəm ki, həmin təklifi qəbul etmək imkanım olmadı…

-Nə olar, Hacıya deyim, bir də təklif eləsin.

-Daha olmaz, çətindir.

-Bakıdan sonra yenidən Rostova qayıtdın?

-Ora qayitdım. Sonra Şimali Qafqaz ordusunda xidmət elədim. General olmaq imkanım var idi… Mənim səlahiyyətim çatsa Çeçen müharibələrinin heç biri olmazdı. Ordudan sonra da həmişə işləmişəm. Köhnə hərbiçi yoldaşlarım kimi içkiyə qurşanıb özümü məhv edərdim. Ancaq mən vaxtımı ailəmlə keçirməyi, tək qalmağı, dünyada baş verən hadisələri təhlil eləməyi xoşlayıram.

-Təhlillərin nəticəsi çox bədbindir?

-Sevindirici bir şey yoxdur. Ancaq Rusiyanı çökdürə bilməyəcəklər. Dirçəlcək. Ordu da dirçəlir. Hamısı Putinin xidmətidir.

-Amma Putinin Türkiyə ilə münasibətləri pozmaqda bu qədər israrlı olması bizi narazı saldı.

-Bu, məni də çox narahat edir. Türkiyə ilə Rusiyanın yaxınlığı bölgədə vəziyyəti dəyişdirər və sabitliyi uzun ömürlü edərdi. Qərbin müdaxilə elədiyi ölkələr nə gündədir? İraq, Liviya… İndi bu dövlətlərin ancaq adı qalır.

-Suriya…

-Yox. Rusiya Suriyadan çıxmaz və oranı qoruyacaq. Qərb də heç bir şey eləyə bilməyəcək. Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Azərbaycanın da xeyrinə idi.

-Təhlillərin Azərbaycan haqqında nə deyir?

-Azərbaycan çətin dönəmdən keçir və seçim eləmək vaxtıdır. Sonra gec ola bilər. Bu qədər imkanları olan bir ölkədə iqtisadiyyat düzgün idarə edilsə, böhran yaranmazdı. Şəxsən mənim fikrimcə Azərbaycan Rusiyadan uzaqlaşmalı deyil. Qərbə bel bağlamaq olmaz. Həm də Rusiya ilə münasibətlərin böyük ənənəsi var. İndiki Rusiya XİX əsrin işğalçı Rusiyası deyil. Ona da etibarlı qonşular lazımdır. Azərbaycan Rusiyadan çox şey umur. Guya Qarabağı ancaq Rusiya qaytara bilər. Rusiya necə qaytara bilər Qarabağı? Azərbaycan özü qaytarmalıdır Qarabağı!

-Müharibəyə başlayaq?

-Başqa yol tapılmayanda müharibə qaçılmaz olur! Ancaq müharibə yeganə yol deyildir. İlk növbədə siyasət düzgün qurulmalıdır. Ölkələr arasında, insanlar arasında etimad mühiti yaradılmalıdır. Cəmiyyət azad və demokratiya şəraitində yaşamlıdır, ölkə cazibə mərkəzinə çevrilməlidir. Mən indi də bu fikirdəyəm ki, sadə adamları siyasət adamlarının oyununa qurban vermək olmaz.

-Tamamilə razıyam səninlə. Ancaq deyək ki, Azərbaycanı cənnətə çevirmişik, bu, adını çəkdiyin o Muradyanların tərbiyəsiylə beyni yalanla doldurulub zəhərlənmiş ermənilərin ürəyində nəyi dəyişə bilər?

– Məncə, bu gün sadə erməninin düzgünlüyə, ədalətə, demokratiyaya, azad seçkiyə, klan-tayfa maraqlarına xidmət etməyən xalq hakimiyyətinə, azad iqtisadi münasibətlərə, ümidə, hər gün aldadılmadan, uçuruma aparılmadan inamla yaşamağa ehtiyacı var. Qarabağ Azərbaycanındır . Və bunu dünya davamlı duymalı, bir milyon insanın evinə dönmək tələbini hər gün eşitməlidir. Bunun alternativsiz bir yol olduğunu ermənilər də hər gün hiss etməlidirlər. Bu Minsk qrupunun oyunlarına bağlı iş deyil. Mən içəridəki vəziyyəti dəqiq bilmədiyimə görə, sözlərim ritorik səslənə bilər. Ancaq hakimiyyət hər şeydən öncə xalqı sevməli, ona bağlı olmalıdır, onunla məsləhətləşməkdən qorxmamalıdır, ona inam verməlidir. Xalq inanmalıdır ki, sabah onun övladları indikindən daha yaxşı yaşayacaq. Öz ölkəsi ilə, o cümlədən onun hakimiyyəti ilə fəxr eləməlidir ki, onu ürəklə qorusun, onun yolunda ürəklə savaşa bilsin. Vətəndaş başını qaldıran kimi onu başından vurmaq perspektivi olmayan bir yoldur. Tək-tək adamları qorxutmaq olar, ancaq bütöv xalqı qorxutmaq olmaz. Məmur xalqla dialoq şəraitində olmalı, onunla məsləhətləşməli, onu səbirlə dinləməli, onun tənqidinə dözümlü yanaşmalıır. Hakimiyyət heç kimin şəxsi mülkiyyət deyil və xalq da ərköyün məmurların nazıyla oynamağa məhkum olunmamışdır… İndi başqa dövrdür. Oğurluğu, əyriliyi gizlətmək olmaz və heç bir xalq onun sərvətinin bir ovuc talançının əlinə keçməsinə razı ola bilməz. Bunu dünyanın təcrübəsi aydın göstərir və gərək siz də Azərbaycanda nəzərə alasınız!

Bərkdən gülürəm: Arxayın ol! Mən hökmən nəzərə alacağam!…

– Mən daha çox sizin Ata-Oğul münasibətləriniz barədə danışmaq istəyirdim, ancaq siyasət yenə girdi araya…

-Görünür, başqa cür mümkün deyil. Atamın da həyatının çox hissəsi siyasət burulğanlarında keçmişdi. Yadında olar, ermənilər Brejnev vaxtında da Qarabağ, Naxçıvan iddealarıyla Moskvanın qulağını yara eləmişdilər. Onda Azərbaycan tərəfdən atamın hazırladığı arayışlar həmişə ermənilərin arayışlarından daha güclü və daha arqumentli, tarixi həqiqətə daha yaxın olardı…

-Naxçıvan, Qarabağ bir yana, atanız sübut eləmişdi ki, ümumiyyətlə, Zaqafqaziyada heç vaxt erməni dövləti olmayıb və onlar bura gəlmədir…

-Buna görə də onu düşmən elan eləmişdilər. Bütün ömrü savaşda keçdi. Əvvəl müharibə, sonra elm meydanında…

-Hər ikisində də qəhrəman idi…

-Daha dünyaya belə adamlar gəlməyəcək! O, vəhşicəsinə öldürüldü. Müharibənin əvvəlindən axırina vuruşasan, həmişə ölümün üstünə gedəsən, ölüm sənə toxunmaya, sonra öz vətənində… Namərdcəsinə… Azərbaycan onu qoruya bilmədi. Atam öz vicdanına zidd getməməyin, həqiqəti gizlətməməyin və Azərbaycan sevgisinin, onu gələcək fəlakətlərdən qorumağın qurbanı oldu…

Bilirsən nəyə yanıram? Son günlərində görüşə bilməməyimizə… O ömrünün axırında çox təklənibmiş. Gərək ,mən yanında olaydım…

Aradan neçə saat keçmişdi, bilmirəm. Çox şeylərdən danışmışdıq. Görüşümüzdən fərqli olaraq, ayrılanda qucaqlaşdıq…


Sabir Rüstəmxanlı
20 Yanvar 2016

Comments are closed.