sabirbeyzelimxanyaqubSabir Rüstəmxanlı

Yardımlıda, Savalanla üz-üzə, vaxtilə Şah İsmayıl Xətainin ova gəldiyi, Şahnişin (Şah oturan) deyilən yaylada, arandan başlayaraq, hər yerdə gədiklərlə, dağların sırtiyla uzanıb Ərdəbilə doğru aşan El Yoluyla Güneylə aramızı kəsən sərhəddə doğru addımlayirdıq. Yayın əvvəli olsa da burda bahar hələ yenicə başlanırdı, dəniz dalğaları kimi bir-birini əvəz edən aşırımlar başdan-başa mavi, sarı, bənövşəyi çiçəklərlə bəzənmişdi. Orda-burda gözə dəyən ağ-qırmızı laləliklər sanki uzaq döyüşlərin qanlı yadigarlarıydı. Başımızın üstündə öz səsindən asılıb qalan torağayların səsi olmasa elə bilərdin zirvələrin bu dərin sükutu dünya yaranandan bəri davam edir və sonsuzadək pozulmayacaq. Gözəlliyindən göz doymayan çəmənliklərin arasıyla qoşa təkər izi iki saz sımı kimi ağarır və bu birgəliyə məhkumluq, eyni zamanda, görüşə bilməmək sərhəd ayrılığının kədərini bir az da dərinləşdirir. Qonağım Zəlimxan Yaquba dağların əsiri olmuş balaca kəndləri böyük dünyaya bağlayan yeganə sirli bağ olduğuna və bizi də hər yaz bu yaylaq obalarına qaldırdığına görə mənə doğma olan bu El Yoluun uşaqlıq illərindən ürəyimi qeyri-adi bir cazibəylə uzaq səfərlərə çəkdiyindən danışıram. Qələm dostum qədər sınədəftər olmasam də gənclik illərində bu yola sevgimin ifadəsi kimi yazdığım “Vəsiyyət” şerini deməkdən özümü saxlaya bilmirəm: “Məzarımı El yolunda qazdırarsınız, O yolda ki, indi onu sərhədlər kəsir, o yolda ki, yaz gələndə arandan dağa köç çatılır, ilxı qalxır, ellər tələsir”. Üçüncü yoldaşımız Məmmd Aslan gül-çiçək ümmanını görən kimi bizi unudub. Arı kimi güldən-gülə qonur, kamerasını dəqiqələrlə bir su şırnağına, bir qarışqa yuvasına yönəldib səbrlə çəkir. Amma yəqin bizim bu qoşa izlərə düşüb getməyimiz də, gözündən yayına bilməzdi və yəqin ki, zəngin vidiogörüntülərinin hansı bir səhifəsindəsə iki dostun geridönməyəkcəsinə sərhəddə doğru o yürüşləri və dağ azadlığının gətirdiyi xoş zarafatları də əksini tapıb.
Bir neçə günlüyə Bakıdan qopmağımız, Güneylə Quzeyi birləşdirən bu tarixi yolun bir ucunun Ərdəbilə, Təbrizə bağlı olması, Xətainin at oynatdığı yerlərdə gəzməyimiz və bəlkə onun da su içdiyi bulaqlardan su içməyimiz Zəlimxanı qanadlandırmışdı. Bunu görəndə ” Yaxşı ki sazını götürmüsən!” dedim.
Sonra Dəvəboynu adlanan yerdə, bulaq başında oturanda şair dostumun bayaqdan bəri sinəsini qabardan duyğular sazının səsiylə yaylaqlara yayılacaqdı. Yan tərəfdəki qayalar o qədər ucadır ki sanki üstümüzə aşacaqlar. Elə bil dünyanın bütün qartallarını bu qayalara yığıblar və aşağıdan baxanda onların qayalara enib-qalxmaları arıların öz pətəkləri ətrafında dolanmasına bənzəyir. Oturduğumuz talanın aşağı qırağında, uçurumun başında ildırım vurmuş qocaman palıd ağacının nəhəng kösövə dönmüş qap-qara , vahiməli heykəli ucalır. Bu görkəmiylə ağac bir qaya parçasıydı sanki, ancaq o həm də sərhəd məftillərinin “qurutduğu” El Yoluna və ildırım vurmuş taleyimizə də bənzəyirdi. Lakin bir azdan Zəlimxan uzaqlardan gəlmiş bir Ozan görkəmiylə uçurumun başında O kösövə dönmüş möhtəşəm ağacın altında dayanıb tarixin çiynimizə yüklədiyi bütün ağriları “Yanıq Kərəmi”ylə dilə gətirəndə anladim ki, yaylaqlarımızın əsil görünüşü o güllü-çiçəkli çəmənlər deyil, ildırımın kösövə döndərdiyi və cansız heykəlində də əzəməti azalmayan Yanıq Palıd ağacıdır… Bu ağac həm də Kərəmin heykəlidir. Zəlimxanın çalğısında Borçalının, itiriyimiz İrəvan-Göyçə torpaqlarının, Türküstandan Kıprısa bütün türk yurdlarının ağrı-acısı səslənirdi. O gün hər iki dostumun torpağını itirmək və öz yurdunda başqasından asılı olmaq dərdləri mənim çiynimə yüklənmişdi…

İndi daha Zəlimxan yoxdur. Sözün şöhrəti və şəraitin sıxıntılarıyla, Allahın istedadı və bəndələrin o istedadı istismar ehtiraslariyla dolu olan, həyatın faciəsini də sözün təntənəsinə çevirməyi bacaran çətin bir şair ömrü bitmişdir.

Yanan da var, köhnə baytıları təkrarlayanlar da… Bunlar Zəlimxanın nə özünün, nə sözünü dəyərinə təsir göstərməz. Zatən başqalarına qiymət verməyə, özünü hakim yerinə qoymağa qalxan hər kəs əslində özünün kimliyini və nəyə layiq olduğunu göstərir. Millətimizin xroniki xəstəliklərindən biri də qeybətdir və bu xəstəliyə tutulanlar anlamadan öz ömürlərini baltalayırlar. Şairin sözü özünü qoruya bilməsə başqa kimsə onu qoruya bilməz. Və tərsinə, sözüylə özünə ölməzlik qazananları da heç bir dedi-qodu şəbəkəsiylə unutdurmaq olmaz. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Bir həqiqət inkarolunmazdır: İqtidarda da, müxalifətdə də istedadsız və xırda adamlar kimsəni maraqlandırmır, sevilən və ya inkar olunanlar da böyüklər və xalq arasında sözünün təsiri olanlar adamlardır… Xalq umduğundan küsür, vecsiz adamlardan yox!

Mən Zəlimxanı gənclik vaxtından, Bakıda kitab ticarəti sahəsində işlədiyi illərdən tanıyırdim. Sonra “Yazıçı” nəşriyyatına gəldi, bir yerdə çalışdıq, yuxarıda yazdığım Yardımlı səfərinə bənzər səfərlərimiz, oxucu görüşlərində, kitab müzakirələrində çoxlu birgə çıxışlarımız oldu. O, Əli Kərim demiş “məhəbbətdən qaşığacan”, hər şeyi halal zəhməti və istedadıyla qazanmışdı. Bakıda Borçalının qüdrətli səsiydi. O mühitdən çıxmış bir sıra tanınmış qələm sahibiylə birgə Borçalının mənəvi və ədəbi dünyasının Azərbaycandan ayrılmaz olduğunu sübut eləmişdi. Bəziləri onu aşağılamaq məqsədiylə “aşıqdır” deyirlər. Türk əxlaqı və ruhunun beşiyi və yanar kürəsi olmuş böyük irfan ədəbiyyatının,Yunis Əmrə, Pir Sultan Abdal, Qurbani, Abbas Tufarqanlı, Aşıq Ələskər, Aşıq Veysəl yolunun davamçısı olmaq zınqırovlu-mınqırovlu ərəb-fars ibarələriylə dolu və bizi başqalarının süfrəsinə çəkən yazılı şeirbazlıqdan min qat artıqdır. Bununla yanaşı, Zəlimxan həm də Füzulidən Şəhriyaradək klassik ədəbiyyatımızın bilicisiydi və ona bağlıydı.

Saz Zəlimxanın gücsüzlüyü yox,gücüydü, böyüklüyüydü. Çağdaş ədəbiyyatımızda sazla sözün vəhdətini saxlamaq baxımından Zəlimxana bənzər qələm sahiblərimiz, təəssüf ki, yoxdur.

Xəstə olsa da diqqətliydi. Zəng vurub mənim mətbuatdakı yazılarım və ya başqa dostlarımızın yazıları barədə fikirlərini bölüşərdi. Ancaq son vaxtlar zənglərimə cavab vermirdi. Yəqin nömrəsini dəyişib , deyirdim. Sonra öyrəndim ki, başqalarına da cavab vermir. Zəngim çatsa deyəcəkdim ki. darıxma, özün xəstə olsan da sözün Məmməd Arazın sözü kimi sapsağlamdır…
Bu dünyanın dərdlərinə vida etdiyini, sevdiyi böyüklərin dünyasına qovuşduğunu Azərbaycandan kənarda eşıtdim… İldırım vurmuş palıd ağacını xatırladım və qulağımda Zəlimxanın Yanıq Kərəmisi səsləndi.

Comments are closed.