sabir7 (1)Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasnın sədri Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə soydaşlarımızı təbrik edib.

Təbrikdə deyilir: “Əziz bacılar və qardaşlar!

Dünya Azərbaycanlılarının həmrəyliyi dövlətimiz və milli varlığımız üçün çox böyük önəm daşıyır. Milli Azadlıq Hərəkatının ilk illərində öz kimliyini, tarixini, mənliyini çılğın bir enerji ilə ortaya qoyan soydaşlarımız on illərlə aparılan siyasətə etiraz olaraq, heç bir maneəyə və zorakılığa baxmadan, xalqımızı ayıran tikanlı məftilləri yalın əllərlə qırıb tökdü və öz haqq səsini bütün dünyaya yaydı. Bu, Azərbaycanın bölünməsinə, xalqımızın iradəsi əleyhinə qəbul edilən “Gülüstan” və “Türkmənçay” müqavilələrinə, 170 ildən artıq qardaşı qardaşa həsrət qoyan fars və rus imperiyalarının tarixi ədalətsizliyinə etiraz idi: həmin gün xalqımız bütün dünyaya bölünmüş xalq, parçalanmış dövlət olduğunu göstərdi.

Təəssüf ki, bu tarixi hadisədən keçən illər xalqımızın bütövləşməsinə olan ümidləri doğrultmadıq, tarixi ərazisinin yalnız kiçik bir hissəsində müstəqil dövlət quran Azərbaycan xalqına qarşı növbəti təxribat həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq siyasi iradə ilə ortaya çıxsaq da, hətta 1918-20-ci illərdə mövcud olmuş və dünyanın 20-dən artıq supergücü tərəfindən tanınmış AXC-nin 114 min kv km-lik ərazisinə iddia etmədən, Sovet Azərbaycanının sərhədləri ilə kifayətlənsək də, bu, xalqımızın milli intibahından narahat olan gücləri qane etmədi. 200 il əvvəl böldükləri və parçaladıqları, Vətənimizi növbəti dəfə parçalamaq iştahı baş qaldırdı. Erməni maskası altında gizlənənlər və Azərbaycana onillərlə düşmən kəsilən qonşularımız növbəti dəfə Vətənimizin bir parçasını işğal etdilər.

1988-ci ildə bir yumruq kimi birləşən xalqımızın həmrəyliyini sarsıtmaq üçün bizi qüvvələrin qeyri-bərabər olduğu bir müharibəyə cəlb etdilər.

Biz həmrəylik ideyasının millətimizin ali ideologiyasına çevrilməsi zərurəti 1992-ci illərdə gündəmə gətirdik. Çünki faciələrimizə son verməyin yeganə çarəsinin xalqımızın həmrəyliyindən keçdiyini görürdük. Bu gün artıq heç kim buna şübhə etmir ki, bütün dərdlərimizin çarəsi vətəndaşlarımızın, böyük mənada dünya azərbaycanlılarının həmrəyliyindədir.

Əziz soydaşlarımız!

Hələ milli hədəflərimiz qarşıdadır: Güneyda 35 milyonluq canı canımızdan, qanı qanımızdan olan soydaşımızın adi insan haqları tanınmır, mədəni muxratiyyəti belə yoxdur; dünyanın müxtəlif ölkələrində “erməni lobbisi” adı altında fəaliyyət göstərən gizli güclər xalqımıza qarşı yalan, böhtan kampaniyasını davam etdirir və təəssüf ki, çox zaman da istəyinə nail olurlar. Bunun qarşısını almağın yeganə yolu da birliyimizdən keçir.

Dünyada heç bir istək Vətəndən, torpaqdan artıq deyil, əksinə, bütün arzular Vətəndə, torpaqda cücərə, boy ata bilər. Vətənin bütövlüyü – hər bir fərdin, vətəndaşın bütövlüyü, qüruru, maddi və mənəvi rihafı deməkdir, gələcəyinə, övladlarına qoyduğu ən böyük sərvət, zəmanət deməkdir. Bütövlüyə gedən yol isə Milli Birliyimizə bağlıdır.

Əziz soydaşlar!

Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, uğurlar arzulayır, bütün milli və şəxsi arzularınızın həyata keçməsini diləyirəm. Qarşıdan gələn yeni təqvim ili hər birinizə, bütövlükdə millətimizə və dövlətimizə düşərli olsun.

 

Comments are closed.