Bu gün “Paradise Baku” oteldə ictimai-siyasi xadim, mərhum şair Həsən Meracın anım tədbiri keçirildi.  Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə elm xadimləri, şairin qələm yoldaşları ilə bərabər ailə üzvləri, dostları, tələbə yoldaşları, gənc yazarlar və oxucular iştirak edirdi.
Həsən Meracın həyat və yaradıcılığından söz açan tədbirin aparıcısı Emil Rasimoğlu çıxış üçün ilk sözü şairin oğlu Tuncay Hasanoğluna verdi. Tuncay Hasanoğlu qonaqları salamlayaraq, atasının yaradıcılığına göstərdikləri diqqətə görə hər kəsə təşəkkürünü bildirdikdən sonra, onun bir ata, ailə başçısı kimi yüksək keyfiyyətlərindən danışdı.
Növbəti çıxış üçün söz Qurtuluş televiziyasının rəhbəri Rəşad Məmmədova verildi. Rəşad müəllim şair haqqındakı fikirlərini bölüşdükdən sonra, qeyd edib ki, yaxın günlərdə Qurtuluş televiziyasında efirə çıxacaq Çinarə Ömray və Sərvər Kamranlının birgə layihəsi olan “Bitməyən ömür” verlişinin ilk bölümü məhz Həsən Meraca həsr olunub.
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Həsən Meracın xalq hərəkatındakı şücaətindən söz açdı, onu xalq hərəkatının öncüllərindən biri kimi dəyərləndirərək Xəlil Rza Ulutürklə müqayisə etdi. Daha sonra Sabir Rüstəmxanlı diqqəti şairin vətənpərvər ruhlu şeirlərinə çəkərək onun bir neçə şeirini də səsləndirdi.
Paşa Qəlbinur isə çıxışında Həsən Meracı şairlikdən əlavə bir insan kimi dəyərləndirdi və onunla dostluğu zamanlarındakı ortaq xatirələrini məclis iştirakçıları ilə bölüşdü.
Sonra tədbir iştirakçılarından Akif Nağı, Adil Mikayıloğlu, Nəriman Zeynalzadə, Nəcibə İlkin, Anar Eyubov və bir çox dostları çıxış etdi. Bacısı Mehparə xanım çıxışında Həsən Meraca sağlığında layiq olduğu qiymətin verilməməsindən gileyləndi, bu günki gün bu tədbirin keçirilməsində əziyyəti olan və tədbirdə iştirak edən hər kəsə ailəsi adından minnətdarlığını bildirdi. Sonra Qurtuluş televiziyasının əməkdaşı Mədinə xanım, şairin yaxın dostlarından Rövşən bəy, Orxan bəy və bir çox qonaqların dilindən Həsən Merac xatirələri dinlənildi.
Tədbir boyunca şairin həyat və yaradıcılığı haqqında hazırlanmış video çarxlar qonaqlara nümayiş etdirildi, Çinarə Ömray şairin “Bir uşaq” şeirini səsləndirdi. Sonda bir dəqiqəlik sükutla Həsən Meracın ruhu yad edildi.
hesenmeracanim2 hesenmeracanim3 hesenmeracanim4 hesenmeracanim5

Comments are closed.