Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə bağlı açılmış cinayət işinə bu gün Ali Məhkəmədə baxılıb.

Bu barədə Axar.az-a məlumat verən zərərçəkən, VHP-nin Depertament müdiri Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, bugünkü prosesdə müqəssir kassasiya şikayətinin geri götürülməsi ilə bağlı müraciət edib:

“Bu gün hakim Fərhad Kərimovun sədrliyi ilə Ali Məhkəmədə Elnarə Tofiqqızının ölümündə təqsirləndirilən Firuz İbrahimovun kassasiya şikayətinə baxıldı. Proses zamanı məlum oldu ki, müqəssir kassasiya şikayətinin geri götürülməsi ilə bağlı müraciət edib. Bunu da xüsusilə qeyd etməyə ehtiyac var ki, şikayətlə bağlı müraciət F.İbrahimovun saxlanıldığı Bakı İstintaq Təcridxanasından faks vasitəsilə göndərilmişdi. Zərərçəkən tərəf olaraq məhkəmə baxışının keçirilməsinin və qarşı tərəfin kassasiya şikayətinə baxılmasının tərəfdarı idik. Çünki müqəssirin məhkəməyə təqdim etdiyi kassasiya şikayətinin heç bir hüquqi əsası yox idi. Bir sözlə, Ali Məhkəmə Firuz İbrahimovun şikayətini geri götürməsi ilə bağlı etdiyi müraciəti qəbul etdi”.

Səməd Vəkilov bildirib ki, Firuz İbrahimovun şikayətini geri götürməsinin əsas səbəbi kassasiyanın heç bir məhkəmə perspektivinin olmaması ilə bağlıdır:

“Firuz İbrahimov kassasiya şikayəti vermək hüququndan imtina edərək işin baxılmadan geri qaytarılmasını istəyib. Ümumiyyətlə, kassasiya şikayətinin heç bir perspektivi yox idi. Müqəssir F.İbrahimov kassasiya şikayəti ilə bəraət hökmü verilməsini istəmişdi. Ancaq bu mümkünsüzdür. Çünki cinayət hadisəsi qeydə alınıb və ortada ölüm faktı ola-ola belə bir şikayət tamamilə absurddur. Görünür, qarşı tərəf də verdiyi şikayətin əsassız olduğunu anladığı üçün geri addım atdı. Ancaq bu geri addım atmaqla müqəssir kassasiya şikayəti ilə bağlı müraciət etmək fürsətini özündə saxladı”.

Qeyd edək ki, tənqidçi, BSU-nun dekanı Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı dünyasını dəyişib. Onun iki azyaşlı qız övladı var.

2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri əsasında 2,5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalındaca həbsə alınıb.

 

Comments are closed.