Neft daşlarında hansı partiyanın üzvləri işləyir?

Xəzər dənizində Günəşli qaz yatağındakı 10 nömrəli platformada çoxlu sayda insanın həlak olması və yaralanması ilə nəticələnən faciəvi hadisəyə görə ölkənin əksər müxalif siyasi partiyaları mövqe bildiriblər və başsağlığı veriblər. Neft daşlarında işləyən minlərlə işçinin sırasında müxalifət partiyalarının hansının üzvlərinin olub-olmadığını da həmin partiyalardan xəbər aldıq. 
Vətəndaş Həmrəyliyi Partiyasının Aparat rəhbəri Samir Əsədli bildirdi ki, beş VHP üzvü Neft Daşlarında işləyir: “Onlardan iki nəfəri VHP-nin Bakıdakı iki rayon təşkilatının sədridir. Bir nəfər rayon təşkilatı sədrinin müavinidir, iki nəfər isə sıravi üzvdür. Günəşli qaz yatağındakı platformada faciə baş verdiyi barədə xəbər yayılan kimi Neft Daşlarında işləyən beş partiya üzvümüzün hər biri ilə əlaqə saxladım. Bəlli oldu ki, həmin vaxt onların hamısı növbədə deyil. VHP-nin üzvlərindən biri əvvəllər həmin yanan platformada işləyib, sonradan onun yerini başqa platformaya dəyişdilər. Dənizdə işləmək riskli peşələrdən sayılır. Məlum hadisədən sonra həm partiyamızın həmin üzvlərinin, həm də bütün neftçilərimizin taleyindən bir narahatlıq keçiririk. Dövlət, aidiyyəti qurumlar platformalarda estakadaların keyfiyyətinə, dözümlülük gücünə diqqət ayırmalıdır. Sovet vaxtından qalan estakadalar yenilənməlidir”.
KXCP sədri Mirmahmud Mirəlioğlu Neft Daşlarında KXCP üzvlərinin işlədiyini bildirdi: “Vaxtilə Azərbaycan Xalq Cəbhəsi dönəmində bizim Neft Daşlarında böyük bir şöbəmiz var idi. O şöbənin üzvlərinin bir çoxu bu gün KXCP-dədir və həmin yerdə işləyirlər. Onlar iki həftə dənizdə olurlar, iki həftə sahildə. İş rejimləri növbəlidir. Dənizdə işləyənlər üçün risklər həmişə olub və heç kim belə faciələrdən sığortalanmayıb. Allah hifz eləsin. Mən Günəşli yatağındakı faciədə həlak olanlara Allahdan rəhmət, onların ailələrinə, yaxınlarına səbr diləyirəm”.
 
ADP sədri Sərdar Cəlaloğlu partiyasının üzvləri sırasında Neft Daşlarında işləyən olmadığını dedi: “Vaxtilə işləyənlər olub. Lakin hansı partiyanın üzvü olduqları bilinən kimi işdən çıxarılıblar. Azərbaycanda belədir ki, müxalifət partiyalarının üzvlərinə işləmək üçün imkan verilmir. Ona görə də hazırda bizdən Neft Daşlarında işləyən yoxdur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, rəhbərlik etdiyi partiyanın üzvlərindən Neft Daşlarında işləyən yoxdur.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə dedi ki, Neft Daşlarında işləyən bir VİP üzvü var:“Mənim yox, digərlərinin vaxtaşırı əlaqəsi olur. Səhv etmirəmsə, adı Fərahim Qasımovdur. Növbəli rejimdə 15 gündən bir sahildə olur”.
Etibar SEYİDAĞA

Comments are closed.