SabirRustamxanli15-1Sabir RÜSTƏMXANLI

Dekabr ayının 1-də Türkiyənin Girəsun universitetində “Axıska Türkləri II Uluslararası simpoziumu” kesirildi. “Siyasətə qarşı Kültürün Simgəsi” başlığı altında keçirilən bu simpoziuma məni universitetin Ədəbiyyat fakültəsinin dekanı, hələ 1980-ci illərdən Azərbaycana gəlib-gedən, Azərbaycan ədəbiyyatı və folkloru üzrə görkəmli mütəxəssis, “İran türkləri” adlı fundamental və cox dəyərli kitabın müəllifi, köhnə dostum Əli Qafqaziyalı dəvət etmişdi.

Girəsina ilk gəlişimdə hələ burda universitet yox idi, yalnız Trabzon Universitetinin humanitar bölümü vardı və biz KKTC-nin cümhurbaşkanı, mərhum Rauf Denktaşla orda bir konfransda çıxış etmişdik.

Amma indi Girəsun Universiteti Türkiyənin iri və qabaqcıl ali məktəblərindən biridir, 30 min tələbəsi var. Universitet üçün dağların yamacında ətəyi Qara dənizə dirənən gözəl bir şəhərcik salıblar.

Dəvəti həvəslə qəbul eləməyimin iki ayrı səbəbi də var. Bunlardan birincisi universitetə əslən Azərbaycandan olan bir xanımın, bir qızımızın başçılıq etməsidir. Rektor Aygün Attar indi işğal altında olan Qarabağın köklü, əsilli-nəsilli, ziyalı ailələrindən birinin övladıdır. Ailələrini yaxşı tanıyıram. Gəncliyindən, ağlı, savadı, qeyrəti, ürəyinin yurd sevgisiylə dolu olmasıyla seçılirdi. Böyük uğurla keçən namizədlik müdafiəsini indi də xatırlayıram. 1918-1920- ci illər milli kökumətindən danışmağın yasaq olduğu illərdə bu barədə cəsarətli bir elmi iş yazmışdı. Sonra müxtəlif uluslararası elmi konfranslarda onu dinlədim, Türkiyəyə daşınandan sonra da fəaliyyətini izlədim, elm və təhsil sahəsində yüksəlişinə, elmi araşdırmalarına sevindim, hər yerdə Azərbaycanı ləyaqətlə təmsil elədiyindən qürur duydum. Tale onun şəxsində Azərbaycanı bütövləşdirdi. Əslən Güney Azərbaycandan olan Sadıq bəylə ailə qurdu. Çox böyük zəhmətin, axtarışların və cəsarətli vətəndaş mövqeyinin nəticəsi olan “İranin etnik yapısı” kitabı onun elmi araşdırmalarının parlaq nəticələrindən biridir.

Türkiyədə yaşayan milyonlarla Azərbaycan türkü özünü Türkiyə türklərindən ayırmır, türklüyün qədərini sevə-sevə paylaşır. Ancaq bu birlik duyğusu doğru dəyərləndirilməlidir. Hər yerdə olduğu kimi, Türküyədə də ayrımçılıq iddialarıyla irəli çıxanlar daha çox göz önündə olur, daha çox imtiyaza haqq etdiklərini düşünür və bəzən də bunu qazanırlar. Bu baxımdan Aygün Attar kimi bir görkəmli alimin, yorulmaz təşkilatçının egitim-təhsil sahəsində universitet rektoru seçilməsi bu qayğımızı aradan qaldırmağımıza yardım edir və Türkiyə cümhurbaşkanının bizim qardaşlığımızı yüksək qiymətləndirdiyini, elmi fəaliyyəti dəyərləndirdiyini və kimin kim olduğunu yaxşı bildiyini təsdiq edir.

Bu gün Girəsun Universitetinin uluslararası miqyasda sayğı qazanmış bir elm, təhsil, araşdırma mərkəzinə çevrilməsi, heç şübhəsiz, ilk növbədə Aygün xanımın yorulmaz zəhməti ilə bağlıdır.

Dəvəti qəbul etməyimin ikinci səbəbi orda birinci kursda oxuyan, hələ tam alışmamış, darıxan bir uşagımızı görmək fürsətiylə bağlı idi.

Simpoziumu giriş sözü ilə açan rektor prof.dr. Aygün Attar bu simpoziumun Girəsun Universitetində keçirilmə səbələrini anlatmaqla yanaşı, Axıska türklərini üzləşdikləri çəkilməz faciənin aradan qaldırılması və axıskalıların ana yurdlarına qaytarılması işinə beynəlxalq dəstəyin gücləndirilməsi zərurəti barədə maraqlı düşüncələrini paylaşdı. Sonra “Axıska fəlakətinin ardından Dədə Qorqud sazı” və Qara dəniz kamançası dilləndi. Dünya Axıska Türkləri Birliyinin rəhbəri (genəl katibi) Fuat Uçarın çıxışından, Əli Qafqaziyalının tarixdən bugünə Axıskanı anladan açılış bildirisindən sonra “Güney Qazaxstandakı Axıska türklərinin kültürəl fəaliyyətləri”, “Axıska türklərinin geri dönüş sorununun hüquq və uluslararası hüquq boyutu”, “Axıska türklərinə İrandan baxış”, “Ulusötəsi yurddaşlıq kimliyinə sahib Axıska türkləri”, “Unudulmuş bir xalq – Axıska türkləri” ,”Osmanlı dövlətinin son dönəmində axıskalı məmurlar” və s. konularda maraqlı məruzələr dinlənildi.

Mən Axıska türklərinin faciəsinin bütün türklüyün faciəsi olduğundan, Balkanlardan Altaylara qədər hər yerdə – Axıska, Krım, qaraçay, balkar, noqay, kumık və s. türk xalqlarının köçə sürüklənib, kütləvi məhv edilməsi və illərlə yurdlarına dönə bilməmələri siyasətinin bu gün də Ermənistanda, Qarabağda, İraqda, Suriyada, İranda davam etdirildiyindən və bunun pərdə arxasından danışdım. Qazaxstanda, Qırğızıstanda, Özbəkistanda, Quzey Qafqazda, ABŞ-da, Avstaliyada, Azərbaycanda görüşdüyüm Axıska ailələrinin hər birinin yaşadığı həyat, keçdiyi yol ağlasıgmaz bir insanlıq dramı, dünyaya utancverici bir qanlı olaydır. 71 ildə dəfələrlə ölkədən-ölkəyə sürülmüş və hələ də qatarlarda, relslərin üstündə yaşayan bir xalqı öz doğma ana yurdunda torpağa endirmək və yurd-yuvasını bərpa etmək dünyanın borcu olmalıykən, türk coğrafiyasının ayrı-ayrı nöqtələrində bu şeytan oyunları davam etdirilməkdədir…

Universitetdə keçirtdiyimiz sonrakı gündə İrandan gəlmiş məşhur yazar, “Dilmanc” dərgisinin genəl müdiri Əli Rza Sərrafinin və mənim türk tarixi üzərinə ayrı bir konfransımız da oldu…

Comments are closed.