samirasadliSon bir neçə gündür, Suriyada hücumlara məruz qalan Türkmən dağı ilə bağlı məlumatlar yenidən gündəmə gəlib. Bayırbucaq bölgəsinə hücum edən Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirməyə çalışır. Rusiya təyyarələri isə bölgəni havadan bombalayır. Bununla da 25 min türkmən qətliam təhlükəsi ilə üz-üzə qalıb.
Qeyd edək ki, Bayırbucaq türkmənlərinin məruz qaldığı bu qətliama qarşı Azərbaycan dövlətinin laqeyd münasibəti sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Dünyada baş verən siyasi proseslər, Dağlıq Qarabağ münaqişəsi fonunda hökumətin ehtiyatlı addımlarının başadüşülən olduğunu vurğulayan ictimaiyyət ölkənin müxalif partiyalarının susqunluğunu anlamadığını dilə gətirib. Maraqlıdır, doğrudanmı müxalifət partiyaları Bayırbucaq türkmənlərinin qətliamına səssiz qalıblar, yoxsa onların yaydığı bəyanatlar geniş şəkildə işıqlandırılmayıb?
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) İcra Aparatının rəhbəri Samir Əsədli də partiyalarının türkmən qətliamı ilə bağlı bəyanat yaydıqlarını deyib. VHP funksionerinin sözlərinə görə, Suriyanın rejimə bağlı ordusunun Rusiya bombardmançılarının dəstəyi ilə Türkmən dağında apardığı savaş türkmənlərə qarşı soyqırımdır: “VHP olaraq, Rusiyanın apardığı bu etnik təmizləmə, soyqırım siyasətini qətiyyətlə pisləyir və bütün dünyanı buna biganə qalmamağa çağırırıq. Rusiyanın terrorizmə qarşı mübarizə adı altında Suriyada apardığı əməliyyatların
böyük bir hissəsinin terrorizmə aidiyyəti olmadığını düşünürük. Digər partiyaların bu qətliamla bağlı reaksiyasını bilmirəm, amma Azərbaycan dövləti bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır. Orada baş verən uşaq ölümləri, qadınlara qarşı münasibət heç bir ədalətə sığmır. Ən pisi də odur ki, bütün dünya bu ədalətsizliyə susur. Türkiyənin də ora hərbi yardım göndərməsi ilə bağlı yayılan məlumatlar hələ ki öz təsdiqini tapmayıb. Faktiki olaraq, türkmənlər biçarə vəziyyətdədir və öz qüvvələri hesabına İran, Suriya, Rusiya ordusuna qarşı döyüşür. Bu isə o deməkdir ki, türkmənlər Yer üzündən silinmək təhlükəsi altındadır”.
S.Əsədli onu da deyib ki, VHP-nin qərargahında Partiyanın sədri Sabir Rüstəmxanlının dəvəti əsasında Suriya-Türkmən Cəbhəsinin İdarə Heyətinin üzvü geniş bir konfrans keçirib, türkmənlərin üzləşdiyi problemlərlə bağlı Azərbaycan cəmiyyətinə çatdırdılar. Məlum oldu ki, 5 milyon türkmən öz gücü hesabına mübarizə aparır.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib ki, hər hansı bir hadisə ilə bağlı partiya sədrinin verdiyi açıqlama elə partiyanın mövqeyi kimi qəbul olunur: “İkinci bir tərəfdən də Bayırbucaq türkmənlərinə qarşı aparılan bu amansız əməliyyatlarla bağlı müxalifət partiyalarının bəyanat verib- verməməsinin heç bir mənası yoxdur. Bizim üçün ən təəssüfləndiricisi odur ki, nə Güney Azərbaycanda baş verən hadisələrə, nə də Suriya ərazisindəki türkmənlərin məruz qaldıqları qətliamlarla bağlı dövlətin ciddi mövqeyi oldu”.
Bu gün Suriyada baş verən proseslərin daha ciddi bir problem olduğunu vurğulayan VİP sədri deyib ki, faktiki olaraq orada soyqırım baş verir: “Hizbullahın və İranın iştirakı ilə quru qoşunları, havadan isə rus təyyarələri proseslərə müdaxilə edir. Həmin ərazi türklərdən təmizlənir. Bu, insan haqlarına zidd bir addım olduğu halda Türkiyədən başqa heç bir ölkə türkmənlərin haqqını belə müdafiə etmək cəsarəti nümayiş etdirmədi. Yalnız Türkiyənin Baş naziri Əhməd Davudoğlu hökumət adından Rusiyaya sərt bəyanat verib, türkmənlərə mənəvi və lojistik dəstək olacaqları barədə rəsmi mövqe bildirib.
Bayırbucaq türkmənlərinin Azərbaycan dövləti tərəfindən müdafiə olunmasını zəruri hesab edən VİP sədri deyib ki, burada əsas məsuliyyət müxalifət qüvvələrindən daha çox hakimiyyətin üzərinə düşür: “Hətta yeri gəlsə, Azərbaycan türkmənlərə kömək üçün silah və hərbi qoşun da ezam etməlidir. Amma çox təəssüflər olsun ki, bizim hakimiyyət yenə də susmağa üstünlük verdi”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu isə partiya olaraq Bayırbucaq türkmənlərinin başına gətirilən fəlakətlərə səssiz qalmadıqlarını bəyan edib: “Bəşər Əsəd, Rusiya və İranın birləşmiş hərbi qüvvələri Suriyanın yerli xalqı olan Bayırbucaq türkmənlərinin yaşadıqları əraziləri bir neçə gündür bombardman edir. Minlərlə İran polisi və muzdlu Əfqan, livanlı və hətta iraqlı polislər qurudan hücuma keçərək türkmənləri qətlə yetirməkdə, on minlərlə türkməni yurd-yuvasından didərgin salmaqdadır. Türkmən dağında gedən döyüşlərdə türkmən komandanları və onlarla türkmən döyüşçüsü şəhid olmuş, 10-dan çox türkmən kəndi boşaldılmış, 200-ə qədər türkmən yaralanmışdır. On minlərlə türkmən Rusiya bombalarına və Əsədə kömək edən qüvvələrə hədəf olmamaq üçün, Türkiyə sərhədlərinə axın ediblər. KXCP öz bəyanatında dünya ictimaiyyətindən və beynəlxalq təşkilatlardan insanlığa qarşı törədilən bu cinayətlərin durdurulmasını xahiş edib. Biz türkmən qətliamında iştirak edən bütün dövlətlərdən, bu qəddar qətliamı dayandırmağı tələb edirik. Amma bir-iki partiyanın mövqeyi ilə məsələ həll olunmur. Hesab edirəm ki, ümumilikdə dövlət, cəmiyyət müstəvisində türkmən qardaşlarımızın, cocuqlarımızın başına gətirilən fəlakətlərlə bağlı kəskin mövqe nümayiş edilməsini məqsədəuyğun hesab edirəm. Hər nə qədər gec də olsa, tərpənmək lazımdır”. X.Teyyublunun sözlərinə görə, dünyada və regionda baş verən proseslərə Azərbaycan cəmiyyətinin reaksiyası heç vaxt adekvat olmur. Bu isə ölkədə siyasi durğunluğun hökm sürməsindən irəli gəlir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylinin dediyinə görə, Azərbaycan müxalifəti heç vaxt milli məsələlərlə bağlı mövqe nümayiş etdirmir: “Onlar ümummilli maraqlardan daha çox özünün siyasi maraqlarını üstün tutur. İqtidarın geosiyasi münasibətlər, ölkə ilə bağlı reallıqları nəzərə almaq məcburiyyətindən açıq şəkildə öz mövqeyini bəyan etməkdən ehtiyatlanması təbiidir. Şübhəsiz ki, dövlətimizin geniş imkanları olsaydı, türkmənlərin müdafiəsi istiqamətində real addımlar atardı. Bəs, özünü müxalifət adlandıran qüvvələr niyə susur?”.
Bayırbucaq türkmənlərinə qarşı törədilən bu qətliamı bütün türk dünyası üçün böyük bir milli faciə kimi dəyərləndirən BAXCP sədrinin müavini deyib ki, Türkiyə bu meydanda tək qalmalıdır: “Əslində bu gün Bayırbucaqda baş verən hadisələrdə müəyyən mənada Türkiyə iqtidarının buraxmış olduğu kobud səhvləri xüsusi şəkildə qeyd etmək lazımdır. Türkmənləri zərbə altında qoya biləcək hər hansı bir addımların atılmasına ehtiyac yox idi. Atılırdısa da, Türkiyə hakimiyyəti türkmənlərin müdafiəsi üçün bufer zonasının yaradılması istiqamətində ciddi addımlar atmalı idi. Bayırbucaq türkmənlərini bu cür ağır bir zərbə altında qoyduqdan sonra hansısa kiçik yardımların edilməsi qətliamın qarşısının alınmasına imkan vermir. Ona görə də, Türkiyə ilə birlikdə bütün türk dövlətləri türkmən qətliamına qarşı kəskin mövqe ortaya qoymalıdır”.
Konkret olaraq, BAXCP-nin mövqeyinə gəldikdə isə sədr müavini deyib ki, türkmənlərin taleyi onlar üçün hər zaman aktual problem olaraq qalıb: “Daha əvvəllər də türkmənlərin müdafiəsi ilə bağlı açıq bəyanatlar vermişik. Eyni zamanda, BAXCP-nin siyasi kursunun müdafiəçisi olan “Xalq Cəbhəsi” qəzetində az qala hər gün türkmənlərin problemləri, onlara qarşı törədilən soyqırım hadisələri öz əksini tapır. Partiyanın ayrı-ayrı funksionerləri də mütəmadi olaraq bu məsələ ilə bağlı öz mövqelərini nümayiş etdirirlər. Amma nə olsun? Bizim səsimiz dünyaya çatmır. Hətta çatsa belə, dünya səsimizi eşitmək ədalətində deyil”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Oruclu isə Türkmən dağında baş verən qətliamları ürəkağrısı və böyük bir həyəcanla izlədiklərini vurğulayıb: “Bu hadisəyə müxalifət-iqtidar olmasından asılı olmayaraq bütövlükdə cəmiyyət öz etirazını bildirməlidir. Hesab edirəm ki, müəyyən geosiyasi münasibətlərdən dolayı dövlətin kənara qoyulması da haqlı yanaşma deyil. Biz demirik ki, dövlət münaqişədə birbaşa iştirak eləsin. Humanitar yardımlar etməyə də gücü çatmır?”.
Türkmənlərin Azərbaycandan köçürülərək Suriya-İraq ərazisində məskunlaşdırılan insanlar olduğunu vurğulayan AMİP funksionerinin sözlərinə görə, onlar Türkiyə türklərindən daha çox azərbaycanlıların soydaşlarıdır: “Biz dövlət və xalq olaraq öz soydaşlarımıza dəstək olmalıyıq. Bu məsələni sadəcə müxalifətin üzərinə atmaq da doğru deyil. Lap atılsa belə, müxalifətin əlindən nə gəlir ki?! Müxalifət liderlərinin bəyanat yayması heç nəyi dəyişməyəcək. Türkmənlərə əməli yardımlar olunmalıdır”.
Şəymən

Comments are closed.