S.Rustamxanli-1 (2)“Tarixən biz türklər dövlətlər qurmuşuq, bayraqlarımız olub, o bayrağın arxasınca getmişik. Bayraq böyük bir simvoldur, dövlətçiliyin atributudur. Bayraq hər bir azərbaycanlı üçün müqəddəs sayılmalıdır”.

Bu sözləri Sabir Rüstəmxanlı bayraq Günü ilə bağlı fikirlərini bildirərkən deyib:

“Üçrəngli bayrağımız Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi böyüklərimizin böyük ideallarının və milli ideologiyamızın nəticəsidir”.

Xalq şairi, bu gün bayrağımıza göstərilən münasibətdən razı olmadığını qeyd edərək, “təəssüf ki, Azərbaycanda bayraq sevgisi biz istədiyimiz səviyyədə deyil. Xüsusən bəzi məmurlarımızda bayraq sevgisi yetərincə deyil, himnə münasibətdən fərqlənmir. Hətta Milli Məclisdə sessiyaların açılışında, bağlanışında hamı ayağa durur, amma bəziləri himni oxumaq istəmir, sanki dodağını yapışdırıblar. Dövlət, özəl qurumlar, vətəndaşlar niyə bayrağı, dövlət atributunu öz qapısından asmasın!? ABŞ-da, Kanadada, hətta Avstraliyada bayrağa xüsusi hörmətin şahidi oluruq. Türkiyədə bayrağa sevgi daha böyükdür. Bayraq evlərin, şəhərlərin, binaların bəzəyidir. Azərbaycanda da bayraq evlərin, binaların, şəhərlərin bəzəyi olmalıdır”, – deyib.

Xalq şairi Sabir Rüstəmxanlının “Bayrağım” şeirini təqdim edirik.

“Bayrağım”

Başımızın üstündə dalğalanan, dev bayrağım!

Yarı torpaq, yarı göy, yarı alov bayrağım!

Dalğalan, qoy havanla Bakımız küləklənsin,

Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!

Bu məğrur ucalıqda tarixin ərintisi,

Səni kəfən yerinə geyənlərin gur səsi!

Səni ümid yerinə qəlbində gizləyənlər

Əsarətin, işğalın sonunu gözləyənlər,

Səni namus səngəri, Səni qutsal əmanət,

Səni ocaq sayaraq gizli əzizləyənlər,

Dərindən nəfəs alıb dincəlsinlər süsündən.

Sənə əyri baxanlar dağlansınlar gözündən…

Hava tutqun olanda Ayı çək qucağına,

Ulduzun işıq səpsin yurdun hər bucağına!

Mavi – türklük şərəfim, varlığımız əbədi!

Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!

Qırmızı da al qanım, axdı vətən yolunda,

Əsarət zəncirini atmaq üçün qolumdan!

Ucal başımız üstə, ruhumuz kimi ucal!

Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

Dünən səni cıraraq ayaqlara atanlar

Qızıldan tökdürərək oxşasın sinəsində!

Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.

Yurdumun üzü gülsün bu birlik nəğməsindən!

Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,

Daha sənə əl çatmaz dursalar da qəsdində.

Bu gün azadlığımsan Bakının göylərində,

Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

Comments are closed.