17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz soydaşlarım!
Hər birinizi Azərbaycanın həyatındakı bu mühüm hadisə – Milli Dirçəliş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, millətimizə firavanlıq və xoşbəxtlik, müstəqilliyimizin əbədi olmasını arzulayıram.
27 il bundan əvvəl, 1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq respublikamızın əsas meydanına toplaşdı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortaya qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet dövlətinin süqutunu qaçılmaz etdi və Azərbaycan xalqı öz istiqlalına qovuşdu.
17 noyabr bir tarix səhifəsi olaraq anılsa da, əslində bu günə gələn yol 1920-ci ildən başlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalı-dissidentlərin geniş sırasının meydana gəlməsi azadlıq dalğasının yaddaşlarda daha dərin iz buraxdığını, müstəqilliyə doğru can atımların daha da şiddətləndiyini bir daha üzə çıxartdı.
60-cı illər müstəqillik, birlik hisslərinin növbəti mərhələsi kimi yadda qaldı. Bu dövrdə milli şüurun formalaşması və istiqamətlənməsi yönündə ziyalılarımızın mücadiləsi yaxın tariximizin canlı şahidlərinin hələ də yaddaşındadır. Sənətin müxtəlif sahələrində – poeziya, nəsr, kino, rəssamlıq, musiqi və s. – milli şüura təsir edən əsərlərin yaranması və geniş yayılması nəticə etibarilə 80-ci illərdə ədəbi birliklər kimi fəaliyyət göstərən, əslində isə xalqın azadlığını düşünən beyinlərin təşkilatlanma cəhdinə gətirib çıxardı.
Meydan hərəkatı təsadüfən yaranmadı. Erməni işğalı bu mübarizənin açıq müstəviyə çıxmasında son damla idi və ona görə də milyonları əhatələyən Meydan Hərəkatı qısa müddətdə bütün SSRİ-ni silkələdi.
Əziz soydaşlarım!
17 noyabr 70 il əsarətdə yaşayan və happy wheels demo repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi!
17 noyabrda millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi.
Heç də hər millətin həyatında belə böyük hərəkatlar olmur və heç də hər millətin başladığı belə hərəkatlar hədəfinə çatmır. Təəssüflə qeyd etməliyik ki, belə bir taleyi güneyli soydaşlarımız yaşayır: bir əsrdə 4 dəfə başlayan hərəkat hədəfinə çatmadan beşiyindəcə boğulub və min illərlə İran adlanan ərazidə dövlətlər qurmuş azərbaycanlılar ana dilindən, təhsildən məhrum olub, onlara milli mədəniyyətlərini qorumağa belə imkan verilmir, hətta rəsmi təbliğat aparatlarında vaxtaşırı olaraq soydaşlarımız aşağılanır və təhqir edilir.
Azərbaycanlıların Şimalda başladığı və tarixi Azərbaycan torpaqlarının kiçik bir hissəsində qurmağı bacardıqları müstəqil dövlətimizin nə boyda nemət və sərvət olduğunu təsəvvür etmək çətin deyil. Ona görə də hazırda bütün dünyanın nizamının pozulduğu, radikal zümrələrin dövlətlərə təhlükə yaratdığı, ölkələrini cəhənnəmə çevirdiyi bir məqamda 50 milyonluq dünya azərbaycanlılarının tarixi torpaqlarımızın kiçik bir hissəsində qurduğumuz dövlətimizi qorumaq, ona təhlükələrdən hifz etmək hər birimizin borcudur.
Bu gün məhz bu reallıqlara görə Milli Dirçəliş Gününə daha həssas yanaşma tələb edir. Bu gün hər hansı sosial gərginlik yüzminlərin, milyonların repressiyalara uğradığı, yolunda canından, qanından, malından keçdiyi bir müstəqilliyin, suverenliyin dəyərini verməkdə çətinlik yaratmamalıdır, bu ölkə vətəndaşından heç kim Qarabağın işğalda olduğunu unutmamalı, vətənimizin, millətimizin bütövlüyü və birliyindən savayı yad təsirlər altında dünyanın hansısa cəhənnəmində özlərini yalançı ideologiylara qurban verməməlidir. Bu dövləti xalqımız 1918-ci, 1937-ci və 80-ci illərin sonundan başlayaraq hələ də davam edən milyonlarla qurbanla, ötən əsrdəki yüz minlərlə sürgün, əzab-əziyyətlərlə qurub.
Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş Günü münasibətilə bir daha hamınızı təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi uğrunda sizlərə uğurlar arzulayıram”.

Comments are closed.