12 noyabr 2015-ci il tarixində Dünya Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilatçılığı ilə Güney Azərbaycanda son günlər baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib.

Sabir Rüstəmxanlı: “Ali dini rəhbəri türk olan bir ölkədə türklərin ardıcıl təhqir olunması təəccüblüdür”

Tədbiri DAK həmsədri, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı açaraq bildirib ki, son günlər Güney Azərbaycanda və İran deyilən ölkədə çox ciddi hadisələr baş verir. “Bu olaylar milli məsələdir və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs burda öz mövqeyini ortaya qoymalıdır. Çünki millət ayağa qalxaraq təhqir edilməsinə, aşağılanmasına etirazını bildirir. Bu etiraza da İranın azərbaycanlılar yaşayan bütün vilayətləri, böyük şəhərləri qoşulub. Tehran, Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Xiyov, Zəncan və s. şəhərlərdə böyük mitinqlər keçirilib. Həmin aksiyalarda da əhalinin böyük hissəsi, xüsusilə gənclər, rəsmi şəxslər iştirak edib. Onlar İran telekanalının addımını bütöv bir millətin təhqir olunması kimi qəbul edir və açıq şəkildə türkçülük, milli mövqedən çıxış ediblər. Bilirsiniz ki, “Kanal 2”də Azərbaycan türklərini təhqir edən veriliş yayımlanıb. Bu cür verilişlərin verilməsi birinci dəfə deyil və yəqin ki, sonuncu da olmayacaq. Belə ki, bundan əvvəl Azərbaycan türkləri eşşəyə bənzədilib. Guya Ərdəbildən eşşək Səraba gedəndə yarıadam-yarıeşşək olar, ancaq Tehranda farslar adam edirlər. Halbuki Tehran da bizim şəhərdir, heç vaxt farslara aidiyyəti olmayıb. İran Farsistan deyil, bir türk dövlətinin ərazisidir və tarix boyu burada türklər olub. Miladdan əvvəl V əsrdə Dara dönəmində Persiya dövləti olub və V-VI əsrədək, yəni İslama qədər mövcudluğunu sona çatdırıb. Bundan sonra müxtəlif sülalə dövlətləri olub və onların da əksəriyyəti Pəhləvilərədək türk dövlətləri olub. Pəhləvilərdən sonra da molla rejimi hakimiyyətə gəlib və onun da başında dayanan yenə də türklərdir. Əslində təəccüblüsü türklərin başçılıq etdiyi, faktiki ali dini rəhbəri türk olan bir ölkədə türklərin ardıcıl təhqir olunmasıdır”.

a8da2c35c944d0a63266a0ef5d758539Sabir Rüstəmxanlı: “Bizim millət olaraq dirəniş gücümüz azalıb”

Onun sözlərinə görə, Azərbaycan türkləri həmçinin hamamböcəyinə – tarakana da bənzədilmişdi: “Əslində, bu cür şeylərlə millət təhqir olunmaz. Milləti təhqir edən başqa şeylərdir. Məsələn, min ildir bu ölkədə “Şahnamə” oxunur.  Bir türk xaqanının sifarişi ilə yazılmış kitab olmasına baxmayaraq, əvvəldən axıradək türklər aşağılanır. Farslar Əfrasiyabı (Alp Ər Tunqa) aldadaraq İrana gətirirlər və Urmiya gölünün yaxınlığındakı qonaqlıqda zəhərləyərək öldürürlər. İranda əslində 1000 il deyil, 2500 ildir, yəni Əfrasiyab dönəmindən, sakların dönəmindən İran-Turan savaşı gedir. İranda iki böyük xalq var – türklər və farslar. Son əsrdə də İranda qüvvələr nisbəti farsların xeyrinə dəyişib və bundan istifadə edilərək türklər aşağılanır. Əgər “Şahnamə”ni azərbaycanlılar stolüstü kitab kimi evlərində saxlayırlarsa, min ildir təbliğ edirlərsə, böyük şairlərimiz ona mədhiyyələr yazıblarsa, Firdovsi böyük şair kimi türk aləmində tanınırsa, bunun özü bir təhqirdir.  Əgər 35 milyonun ana dilində bir məktəbi yoxdursa, İranda 5 nəfər zəngin azərbaycanlı tapılıb uşaqları oxutmaq üçün gizli şəkildə ana dilində məktəb açmırsa, uşaqlara türk deyil, fars adları qoymağa icazə verilirsə, bunun özü bir təhqirdir. Əgər 35 milyon azərbaycanlının bütün mədəniyyəti dünyada Persiya adı ilə təqdim olunursa, bunun özü bir təhqirdir. Məsələn, dünyanın ən zəngin muzeylərindən biri olan Metropolda (Nyu-York) Təbriz xalçası Persiya adı ilə təqdim olunur. Bundan əlavə, öz ana dilində yazıb-oxumağa icazə verilmirsə, qəzet və jurnallar gizli şəkildə buraxılırsa, bunun özü bir təhqirdir. Avropada və dünyanın digər ölkələrində yaşayan güneylilər evdə farsca danışırlarsa, milli mədəniyyətimizi təbliğ etmirlərsə, özünə türk yox, iranlı deyirsə, bu da təhqirdir. Axı biz niyə bu təhqirlərə haqq veririk? Niyə Kərkükdə, Suriyada, Doğu Türküstanda, Türkiyədə, Borçalıda, Rusiyada təhqir edilən, döyülən bizik. Halbuki İraqda və Suriyada kürdlər silahlanıb haqlarını tələb edirlər. Ancaq bizlərə bazar adamı, ikinci sinif adam kimi baxırlar. Çünki özümüz müqavimətimizi itirmişik. Ona görə də bizim millət olaraq dirəniş gücümüz azalıb”.

c26e86faf021e1f612fb52b7c9634a07Sabir Rüstəmxanlı: “Azərbaycan Respublikası bütün azərbaycanlıları təmsil edir”

Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan Respublikası bütün azərbaycanlıları təmsil edir: “Əgər bu dövlət Azərbaycan türklərinin və azərbaycanlıların dövlətidirsə, onda dünyada yaşayan bütün azərbaycanlıların haqlarını müdafiə etməlidir. Azərbaycan prezidenti də dünyada yaşayan 50 milyon azərbaycanlının prezidenti olduğunu bəyan edib”.

Əmin Müvəhhidi: “Azərbaycan mətbuatı Güney məsələsinə daha çox yer ayırsın”

Hazırda ABŞ-da mühacir həyatı yaşayan güneyli jurnalist Əmin Müvəhhidi vurğulayıb ki, Güney Azərbaycan çox böyük təhqirə məruz qalıb: “2006-cı ildə də Azərbaycan türkləri tarakana bənzədilməklə təhqir olundu. Millət öz etirazını bildirmək üçün ayağa qalxdı və onların arasında mən də vardım. Bu səbəbdən iki il həbsdə yatmalı oldum. Daha sonra Güney Azərbaycanı tərk edib ABŞ-a sığınmaq məcburiyyətində qaldım. Əgər həmin dövrdə Türk dünyası baş verənlərə biganə yanaşmasaydı, fars şovinistlərinin bugünkü hərəkətləri etməyə cürəti çatmazdı. Güney-quzey adlı bir ayrılıq yoxdur. Hər həftə stadionlarda, xiyabanlarda, küçələrdə üçrəngli bayraq dalğalanır. Çünki bizim bir bayrağımız var, o da Azərbaycanın üçrəngli bayrağıdır. Biz Azərbaycan dövlətindən bir umacağımız yoxdur. Çünki iki dövlət arasında siyasi-iqtisadi əlaqələr var, pozulmasını istəmirlər. Ancaq Azərbaycan mətbuatından, televiziyalarından Güney məsələsini işıqlandırmamasından narazıyıq. Çünki 35 milyon Azərbaycan türkünün haqqı tapdalandığı halda, susqunluqlarını davam etdirirlər. Mən xahiş edirəm ki, Azərbaycan mətbuatı Güney məsələsinə daha çox yer ayırsın. Mən əminliklə deyə bilərəm ki, soydaşlarımız fars rasistlərinin üzrünü qəbul etməyəcək və şovinizmin çöküşünədək etirazlarını davam etdirəcəklər. Yaşasın Azərbaycan!”.

453d2921217704226ebe67df2beb239cYədulla Kənani: “Hərəkat artıq gəlişib və başqa formalarda davam edəcək”

Azərbaycan Respublikasında mühacirətdə yaşayan güneyli siyasi fəal Yədulla Kənani bildirib ki, sopn yüz ildə Güney Azərbaycanda milli müqəddərat müxtəlif formada təzahür etsə də, ancaq 1990-cı ildən sonra İran çərçivəsindən çıxaraq ümummilli məsələyə çevrilib: “2006-cı ildə məlum karikatura hadisəsi bir növ bunun üçün qığılcım olsa da, ancaq mütəşəkkil təşkilatlanma yox idi. Ancaq Azərbaycan türklərinin noyabrın 10-da keçirdiyi kütləvi aksiyalarda təşkilatçılıq özünü göstərdi. Buna şüarları, bəyanatlar misal çəkmək olar. Hətta rəsmi şəxslər də nümayişlərdə iştirak etmək məcburiyyətində qaldılar. Bu hərəkat artıq gəlişib və başqa formalarda davam edəcək. İran dövləti hətta öz işçilərinə belə gələcəkdə lazım olacağı üçün Azərbaycan dilini öyrətmək məcburiyyətində qalıb. Mərhum Əbülfəz Elçibəy haqlı olaraq deyirdi ki, Türk dünyasını birləşdirən Güney Azərbaycan olacaq”.

Pənah Hüseyn: “Bizə qarşı küfr, söyüş onların sonu deməkdir”

Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, Azərbaycan Respublikasında Güney Azərbaycanda baş verən son hadisələrə laqeyd qalanlar demək olar yoxdur: “Çünki siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsdə milli damara toxunan bir hadisə oldu. İndi elə bir dövrdəyik ki, hər bir türkçü həm də azərbaycançı olmalıdır. Çünki bütün Tük dünyasının taleyi təkcə Türkiyədə yox, eyni zamanda Azərbaycanda həll olunur. Bu gün Güney Azərbaycanda baş verənlər bəlkə də Türk dünyasının bütün xalqlarının taleyində həlledici rol oynayacaq proseslərdir. Bu missiya hazırda Azərbaycan türklərinin üzərinə düşüb. Ona görə də bütün dünya türklərinə, türk xalqlarına və dövlətlərinə məsələylə bağlı müraciət ünvanlanmasının tərəfdarıyam. Çünki bu, həmçinin regionun taleyini həll edəcək bir məsələdir. Yəni İran da daxil olmaqla, Türkiyə, hətta ərəb dövlətlərinin taleyi Güney Azərbaycan məsələsinin həllindən keçir. Çünki bu məsələ dünyada və regionda baş verən proseslərin gündəminə oturub. Biz Azərbaycan türküyük, türkük və türkə qarşı hansısa bir təhqirə yol verilməsi hamımıza aiddir. Əslində, bizə qarşı küfr, söyüş onların sonu deməkdir”.

Babək Muğanlı: “Güney Azərbaycanda millət öz istəyinə çatacaq”

DAK-ın Güney Azərbaycan nümayəndəliyinin başçısı Babək Muğanlı vurğulayıb ki, bu hərəkat 2006-cı ildən deyil, 1986-cı ildən başlanıb: “Biz mərhum Məhəmmədəli Fərzanə, doktor Yəhya Şeyda, Hüseyn Şeyda, Həsən Raşidi və s. birgə Tehranda, Təbrizdə şeir gecələri, toplantılar keçirirdik. İranda 35 milyon Azərbaycan türkünün ana dilində məktəbi yoxdur, ancaq Tacikistanda dərsliklərin nəşrinə vəsaiti İran dövləti ödəyir. Çünki taciklər farsdır. Bu qədər haqsızlıq olmaz. Öz millətinin haqsızlığa uğramasına baxmayaraq, İran Suriyada və Yəməndə baş qaldırır. Çindəki müsəlmanlar üçün molla göndərir. Təhqirlər təkcə televiziya və qəzetlər vasitəsilə edilmir. İranın müctəhidləri də Azərbaycan türklərini aşağılayır. Hazırda Güney Azərbaycanda təşkilatlanma çox yüksək səviyyədədir və millət öz istəyinə çatacaq”.

Firudin Ağasıoğlu: “Güney Azərbaycanda ciddi təşkilatlanma var”

Tarixçi alim Firudin Ağasıoğlu bildirib ki, indi Azərbaycan Respublikası Güney Azərbaycanla nəfəs alır: “Əgər stadionda 50 min soydaşımız şüar verirsə, səhəri onun əks-sədası burda olur. Bizim gənclər də onlara dəstək verir və klassik şüarları –  “Azərbaycan bir olsun, istəməyən kor olsun!”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” – səsləndirirlər. Azərbaycanda həmişə milli azadlıq hərəkatı baş verib, uğurlar qazanıb, ancaq strategiyası, başında ağıllı siyasətçiləri olmadığı üçün hər zaman uduzub. Məlumdur ki, xaricə köçən güneylilərin içərisində milyarderləri də var. Əslində, onlar bu məsələyə yardım edə bilərdilər? Lakin biz milli heysiyyat məsələsində uduzmuşuq, yəni daxili enerjimizi boşaltmışıq. Bu, quzeydə də, bütün Türk dünyasında da belədir. Güney Azərbaycanın bu günə düşməsində bizdən olmayan türklər (çünki bəlkə də türk deyil, qanında türk qanı yoxdur) günahkardır. Hakimiyyətə gətirməklə onların əli ilə türklərə zülm edirlər. Ancaq bununla belə, indi çox nikbinəm. Çünki Güney Azərbaycanda ciddi təşkilatlanma var”.

Qurban Məmmədov: “Əgər hazırlıqsız yaxalanacağıqsa, növbəti qan itkisi olacaq”

Tanınmış vəkil Qurban Məmmədov deyib ki, dünya xəritəsinin yenidən cızılması İraq və Suriya deyil, Güney Azərbaycanda baş verən hadisələrlə bağlı olacaq: “Mənim Güney Azərbaycandakı təşkilatlanmanın nə səviyyədə olması ilə bağlı dəqiq məlumatım yoxdur. Yəni millət milli-mədəni haqlarını əldə etmək üçün hazırdırmı, yoxsa fars şovinistləri onları təxribata çəkir? Əgər hazırlıqsız yaxalanacağıqsa, növbəti qan itkisi olacaq. Hesab edirəm ki, bütün türkləri, eyni zamanda dünyanı Güney Azərbaycan türklərinin milli-mədəni haqlarını əldə etmələri üçün prosesə müdaxilə etmələri məqsədilə hərəkətə gətirməliyik. Ancaq dövlətimiz səviyyəsində bu məsələlərə reaksiya verilməsini düzgün saymıram. Bizlər isə ziyalı olaraq öz etirazımızı bildirməliyik”.

Zəlimxan Məmmədli: “Azərbaycan türklərinin yanındayıq, onların mübarizəsinə dəstək veririk”

“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli vurğulayıb ki, İran teokratik rejim olmaqla, İslam adı altında çox böyük təxribatlarla məşğuldur: “Faktiki olaraq Azərbaycanda siyasi şiəlik milli məsələnin üzərinə çıxmağa meyillənir. Dərbənd də, Borçalıda da eyni proses gedir. Yəni İranın varlığına, farsın hegemonluğuna xidmət edən ideoloji bir maşının içərisindəyik. Bu gün türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirən konsepsiya yoxdur. Ona görə də Güney Azərbaycandakı hərəkatın nə ilə nəticələnəcəyini bilmək olmur. Bu baxımdan Güney Azərbaycanla bağlı bir mərkəzin yaradılmasının zəruri olduğunu düşünürəm. Yəni ictimai-siyasi qurumlar belə bir mərkəzdə təmsil olunar və hamının ortaq rəyinin əksini tapdığı sənədlər beynəlxalq təşkilatlara təqdim edilər. Biz Güney Azərbaycan türklərinin yanındayıq, onların mübarizəsinə dəstək veririk, fars rejimini təhqirə görə qınayırıq”.

Arif İsmayılbəyli: “Azərbaycan türkləri “Haray, haray, mən türkəm!” şüarını boş yerə vermir, artıq səsinin eşidilməsini istəyir”

VHP sədrinin müavini Arif İsmayılbəyli Güney Azərbaycanda baş verən son hadisələrin sevindirici olduğunu söyləyib: “İndiyədək keçirilmiş aksiyalarda dini və muxtariyyətə yaxın tezislərdən istifadə olunmaqla şüarlar deyilib. Ancaq son aksiyalarda bir dənə də olsun dini şüara rast gəlinmədi. Soydaşlarımız “Azərbaycan bir olsun” deyirdilər və həmin şüar yazılmış plakatlar qaldırmışdılar. İran adlanan yerin Tehrandan, Təbrizdən başlamaqla, ən böyük şəhərlərində bu tədbirlər keçirildi və dünya özü bunu gördü. Güney Azərbaycan türkləri “Haray, haray, mən türkəm!” şüarını boş yerə vermir, artıq səsinin eşidilməsini istəyir. 1988-ci ildən, yəni milli azadlıq hərəkatı başlanandan bəri hər bir kəs Azərbaycan birliyini istəyir. Bu gün Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların birliyinə nail olmaq lazımdır, hansısa bir qurumun yaradılması absurd məsələdir. Vaxtilə BMT-də qaldırılmış “Parçalanmış xalq”, “Parçalanmış Azərbaycan” məsələsinə, Gülüstan və Türkmənçay müqavilələrinə yenidən qayıtmaq lazımdır”.

Yasəmən Qaraqoyunlu: “Azərbaycan və Türkiyə hökumətləri son hadisələrlə bağlı bəyanat verməliydi”

AMEA-nın Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu bildirib ki, Azərbaycan və Türkiyə hökumətləri son hadisələrlə bağlı bəyanat verməliydi: “Hökumət və dövlət milləti qorumaq üçün bir sistemdir, mexanizmdir. Bu qədər susqunluq şərəfsizlikdir. İran Azərbaycan, Türkiyə və Xorasan kimi türk dövlətlərinin ortasındadır. Axı türk dövlətlərinin əhatəsində olan fars dövləti bu qədər türk millətini təhqir etməyə cürət edir? Çünki türk milləti, türk hökumətləri yozlaşıb, kosmopolitləşib. Necə olur ki, İran əhalisinin 70%-ni etniklər, xüsusilə çoxluğu türklər, azlığı farslar təşkil etdiyi halda, azlıq hakimiyyətə gəlir, çoxluğu təhqir edir. Çünki ciddi cavab reaksiyası yoxdur. Farsların türkləri təhqir etməsinin üç minillik tarixi var. “Avesta” bütövlükdə türkləri təhqir etmək üstündə qurulub. Zərdüştün bütün yaradıcılığı türklərə nifrət üstündə köklənib və türkləri tora, yəni şeytan, şər qüvvələr adlandırırdı. Zərdüştün özünü İran-Turan savaşında türklər öldürdü. 1925-ci ildən indiyədək türklər təhqir olunur. Ümumiyyətlə, İranda türk izinin silinməsinə çalışılır. Cavad Heyət, Məhəmmədtağı Zehtabi, Həsən Raşidinin yaradıcılığı bütövlükdə fars təhqirlərinə cavab reaksiyasından doğub. Farslar türkləri elmi, dini, ideoloji, siyasi müstəvilərdə daim təhqir etməklə məşğuldurlar. Hətta iş o yerə çatdı ki, Şəhriyar cavab olaraq “Tehranlı, eşşək sənsən, yoxsa mən?” şeirini yazdı. Türk dövlətləri cavab verməyəcəyi təqdirdə, bu cür təhqirlər davam edəcək. 1995-ci ildə İran Dövlət Televiziyası türklərin aşağılanmasına yönəlik rəy sorğusu keçirmişdi. Suallar isə beləydi: “Siz türklə evlənərsinizmi, ya yox?”, “Siz türklə qonşu olarsınız, ya yox?”, “Siz türklə bir masa arxasında oturarsınız, ya yox?” 2006-cı Azərbaycan türkləri tarakana bənzədilməklə növbəti dəfə təhqir edildi və türklər İran parlamenti qarşısında 33 maddəlik tələblə çıxış etdilər. Sonuncu maddədə Azərbaycan Milli Qurultayının keçirilməsi tələbi öz əksini tapmışdı. Ancaq 2006-cı ildən bəri belə bir tədbir baş tutmayıb. Azərbaycan Mühacirət Hökuməti, Azərbaycan Mühacirət Parlamenti yaradılmayıb. Bütün bunlara nail olmalıyıq. İnanın ki, bizə təqdim olunmuş tarix yalandır. Səfəvilər dövlətini fars dövlətinə farslar deyil, məhz özgələşmiş türklər çevirdilər. Hətta ölkədə fars dilinin dövlət dili elan olunması Məşrutə dönəmində, Qacarların hakimiyyəti dövründə İran parlamentində qəbul olunub. Rza xan özü türk idi, ancaq fars Sasani dövlətini bərpa etdi. Çünki son 200 ildə Güney Azərbaycanda toplumda farslaşma gedib, bir qisim türkdən dönməklə özgələşib. Bu gün İranda ordunun, kəşfiyyatın, müxalifətin, hökumətin, biznesmenlərin böyük hissəsini türklər təşkil etməsinə baxmayaraq, yenə də təhqir olunan türklərdir. Artıq özünü farslardan ayrı, türk bilən bir millət var. Ancaq bu millətin önünə düşəcək nə ciddi təşkilat, nə ciddi liderlər, nə də strateji siyasət var. Son yüz ildə Azərbaycan türkləri muxtariyyətdən irəli gedə bilməyib. Türk millətinin hərəkatı var, ancaq strategiyası yoxdur”.

Səməndər Mehdiyev: “Azərbaycan dövləti güneyli soydaşlarımıza arxalarında olduqlarını hiss etdirməlidir”

DAK-ın Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin başçısı Səməndər Mehdiyev qeyd edib ki, Azərbaycan dövləti ilk gündən məsələyə münasibət bildirməliydi: “Məlumatlara görə, Urmiyada bir nəfər öldürülüb. Digər tərəfdən, burada türkdən, türkçülükdən söhbət gedir. Başda oturanların, dövlət qulluğunda işləyənlərin əksəriyyəti türklər deyil. Bunlar özləri türk olmadıqları halda, türkün qədrini hardan biləcəklər, çıxıb nə söz deyəcəklər? Azərbaycan dövlət səviyyəsində məsələyə münasibətini bildirməlidir. Azərbaycan dövləti onlara arxalarında olduqlarını hiss etdirməlidir. İran Ermənistandan 250 min azərbaycanlı deportasiya olunanda səsini çıxarmadı, Qarabağ savaşında Ermənistana böyük dəstək göstərdi və s.”.

Sonda DAK adından İran adlanan rejimin Azərbaycan türklərinə qarşı repressiya siyasətini pisləyən bəyanat qəbul edilib.

Xatırladaq ki, noyabrın 6-da İranın rəsmi dövlət televiziyasının 2-ci kanalında yayımlanan ”Fitilə” proqramında Azərbaycan türkləri təhqir edilib. Belə ki, azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu Azərbaycan dilində verilib. Buna etiraz olaraq noyabrın 9-da Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Xiyov, Sulduz başda olmaqla, Güney Azərbaycanın bütün şəhərlərində insanlar küçələrə axışıb. Ancaq İran təhlükəsizlik qüvvələri yenə də dinc şəkildə keçirilən aksiyada nümayişçilərə qarşı zor tətbiq etməkdən çəkinməyib, rezin dəyənəklərdən, plastik güllələrdən, su şırnağından istifadə edib, nəticədə xeyli sayda soydaşımız yaralanıb. Eyni zamanda yüzlərlə nümayişçi həbs edilib.

Comments are closed.