Sabir Rüstəmxanlı: “Kitabları bukinistə yox, kənd kitabxanasına verərəm”

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Kulis.az-a müsahibəsi

Sabir Rüstəmxanlının partiya qərargahındakı otağına daxil olanda onu masa arxasında qəzetləri vərəqləyən gördüm. Ziyalılığına xas adətlə qalxıb müsafirinə “xoş gəlmisiniz” edib yer göstərdi. Sonra tez-tez bir-birinin ardınca beş-altı qəzeti o üz-bu üzünə çevirib kənara qoydu.

– Heç oxumadınız?

– Oxumalı bir şey var ki… Gəlin bu masa arxasında qarşı-qarşıya əyləşək ki, sizə yazmaq rahat olsun.

Görünür, qəzetlərdə özü haqda nə isə yazılıb-yazılmaması ilə maraqlanırmış. Yenicə yerləşdikləri qərargahdakı otağında hələ hər şey öz yerini almamışdı. Kitablar isə artıq geniş otağın eni-boyu bərabər kitab rəflərinə düzülüb.

– Nə çox kitabınız var?

– Hələ bundan ikiqat artıq kitab evdə varımdır.

– Mən bu yaxınlarda köhnə kitabları qoymağa yer tapmadığımdan bukinistə verdim ki, heç olmasa kimsə oxusun.

– Mən bukinistə yox, kəndimizin kitabxanasına verərəm, amma hələ özümə lazımdır.

– Kəndlərdə kitabxana qalıb ki?

– Məktəblərdə qalır. Prezidentin sərəncamı ilə klassik ədəbiyyatımız və dünya ədəbiyyatı böyük tirajla çap olunub, məktəblərə də göndərilib. Bəzən mənasız bir şeyi elə şişirdib problem yaradırıq ki, amma görülən böyük bir işi heç eynimizə almırıq, normal qəbul edirik. Halbuki qısa bir müddətdə latın qrafikası ilə o qədər tirajla kitab çap olunması asan məsələ deyil.

Ümumiyyətlə, bizdə keçmişin üstündən asanlıqla xətt çəkmək meyli var. Elə bil ata-babamızın yaşantısı deyil. Kirillə çap olunmuş kitabların hamısını kütləvi surətdə məhv etdilər. Kitabxanalardan yığışdırdılar. 37-ci illə indinin nə fərqi oldu!? Onda da kitab qatilliyi vardı, indi də elə. Biz Milli Məclisdə mədəniyyət haqqında qanunda yazmışdıq ki, kitabxanalar özəlləşdirilə bilməz, hansısa məmur onu düzəldib “bilər” etmişdi. Bunun çox böyük mübahisəsi getdi. Kitabxanalar özəlləşdirildi və sonralar kitabı qovdular. Bir çox böyük kitabxanalar ləğv olundu. Kəndlərdə bütün kitabxanalara qıfıl vurulub, yağışlar binanın içinə yağır kitablar məhv olur. Yeni kitablar kəndlərə, heç rayon mərkəzlərinə gedib çıxmır. Sovet vaxtı iki yolla gedirdi, “Kəndkitab” və “Azərkitab” yolu ilə. İndi onların heç biri yoxdur. Kitab satış mərkəzləri olsa belə, ora yeni kitablar getmir. Sual doğur: Azərbaycan xalqına kitab lazım deyil, oxumaq istəmir?

– Vurğulayırlar ki, oxumaq istəmirlər, oxuyan xalq deyilik…

– Yalandır. Sovet vaxtı kolxozçuların əmək haqqından kitab pulu çıxıb ona kitab verirdilər. Bu bir dövlət siyasəti idi. İlk vaxtlar kolxozçu etiraz edirdi, növbəti aylar isə özü kitab istəyirdi. Ən ucqar rayonlarda kitab oxumaq istəyənlər var, qoy bu əvvəlki kimi kütləvi olmasın, amma var.

“Oxuyan xalq deyil” fikri düşmən sözüdür, bu xalqı alçaltmaq, gözdən salmaqdır. Kitabı xalqa çatdırmaq, təbliğ etmək lazımdır. Mənim bir kitabım 250 min tirajla çıxırdı və bir həftəyə satılırdı. Astaradan durub Bakıya kitab dalınca, əlbəttə, gələ bilməyəcək. Kitab getməlidir rayonlara, bölgələrə. Nəşriyyatlarımız çətinliklə işləyir. Əlavə dəyər vergiləri kitab istehsalını, satışını oturdur. Bir çox ölkələrdə kitab işini əlavə dəyər vergisindən azad edirlər ki, kitab ucuz olsun hamı ala bilsin. Bizdə kitaba üç-dörd mərtəbəli vergi var.

İndi böyük mədəniyyətimizin bir sahəsini özümüz dalana dirəmişik. Hökumət Evinin arxasında 16 mərtəbənin böyük bir hissəsi kitab evi idi. Mən nazir olanda istədilər, vermədim, indi oranı ticarət obyektləri ediblər. Kitab Pasajımız da getdi. Kitabları küçəyə tökdülər, sonra ordan da ləğv etdilər. Buna baxmayaraq, nəşriyyatlar kitab çap edir. Az da olsa çap olunur. Əvvəllər təzə çıxan kitabdan kitabxanalara göndərilirdi. İndi bu sistem yoxdur.

Kitab Palatası bir arxiv kimi əhəmiyyətini itirib. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu ki, guya azad sözün qarşısını alır. Əslində Mətbuat və İnformasiya Nazirliyi kitabla bağlı bu məsələləri tənzimləyirdi. İndi tənzimləyici orqan yoxdur, bu sahə başsız qalıb. İnformasiyanı dünyaya yaymaq o nazirliyin işi idi, indi başıpozuqluq var. Hər şeyin özəlləşməsi yaxşı işdir, amma mədəniyyət dövlət nəzarətində olmalıdır. Kitaba dövlət dəstəyi olmasa, mümkün deyil. Klassik ədəbiyyatımızı çap edib onun qonorarı hesabına müasir ədəbiyyatı çap edirdik.

– Kitablarınızı çap etdirməkdə çətinlikləriniz var?

– Yox, asanlaşıb, amma bunu yalnız imkanı olan adam etdirə bilir. Bilgisayarda 15 cild əsərlərim var. Onları ardıcıl çap etdirmək üçün böyük pul lazımdır. İki ildə bir qənaət edib bir kitab çap etdirirəm. Çox çətindir. Dövlət vəsaiti ilə kimlərsə kitab çap etdirir. Vaxtilə kitabları dövlət hesabına çap etdirirdilər. Xalq şairi kimi elə bir xüsusi status görmürəm.

– Çıxışlarınızdan birində “ədəbiyyat adamı divara qısnanıb” deyəndə bunları nəzərdə tuturdunuz?

– Çox məsələlər var. Azərbaycanda bu gün ziyalılara hücum var. Bu hücumun bir hissəsi xaricdən gəlir. Bir hissəsi özgə belindən gələnlərin işidir. Bir hissəsi də öz biganələrimizin əməyidir. Fikir formalaşdırıblar ki, Azərbaycanda ziyalı yoxdur. Əlbəttə, bu mühitdə ziyalı olmaq çox çətindir.

Normal ziyalı millətinin fədaisidir. Heç bir təzyiqin qarşısında əyilmədən millətə sözünü deyən, önündə gedən, lazım gəlsə dərisi soyulsa belə geri çəkilməyən adamdır. İndi ziyalıları qəsdən sındırırlar. Ziyalı o vaxt bu göstəricilərə cavab verə bilər ki, heç olmasa Mirzə Ələkbər Sabir kimi bir sabun tiyanı olsun. Mirzə Ələkbərin sabun tiyanı bu gün bizim sahibkarlıqdan qat-qat sərbəst idi. Bu gün o sabun tiyanının sahibi kiminsə xoşuna gəlməsə, onu yüz tərəfdən boğacaqlar. Sərbəst yaşamaq imkanı yoxdur ziyalının. Mən gənc yazarlara təqaüdlər verilməsinin əleyhinə deyiləm, amma bu onları asılı vəziyyətə salmasın. O təqaüdlərin quluna çevirməli deyillər. Ona istedadına görə verilməli və deyilməlidir ki, nə istəsən yaza bilərsən, hətta tənqid etməkdən çəkinmə.

Ədəbiyyat daha ciddi işdir. Yazıçıları, ziyalıları iqtidar müxalifətə ayırmaq düzgün deyil. Ziyalı millətin bel sütunudur. Kütlə millətin şüurunu irəli apara bilməz. Yıxar, sökər, dağıdar, kimisə yıxar, yenisini gətirər, amma bilmək olmaz ki, o gətirilən hansı səviyyədədir. Ziyalı damla-damla, kəlmə-kəlmə təfəkkürü hörür. Ədəbiyyata bir qısqanclıq var. Ədəbiyyat adamları maddi sıxıntı içindədirlər, yetim kökündə. Yazıçı dostlarım var ki, əyinlərində uzun illər geyindikləri nimdaş kostyum var.

Gəncləri çox sevirəm, imkan olduqca onlara yol açmaq lazımdır. Son vaxtlar gənc yazarlarda bir inkarçılıq, nankorluq var. Sən kimisə bəyənməyə bilərsən, amma inkar edə bilməzsən. Heç kim Bəxtiyar Vahabzadəni inkar edə bilməz. O bir dövrdür. Ədəbiyyatı zamana görə qiymətləndirmək lazımdır.

Kimsə bu gün Əli Vəliyevi, Süleyman Rəhimovu bəyənməyə bilər, amma təmiz türk dilində yazmaqda ona çata bilərmi? Nə olsun ki, sovet ədəbiyyatını yaradıb. Nizami, Füzuli də hansı şaha mədhiyyə yazıb. Yazar dövrün, zamanın fövqündədir, çünki ədəbiyyat yaradır. O vaxt deyirdilər ki, Bəxtiyar Vahabzadə gündə bir maşın dəyişir. Amma indi yüz maşınla Bəxtiyar Vahabzadəni geri qaytarmaq olar? Maşın ötəridir, qalan Bəxtiyar Vahabzadə xəzinəsidir. Siyasi ayrı-seçkiliyi ədəbiyyat mühitinə daşımaq olmaz.

– Divara qısnan yalnız ədəbiyyat adamlarıdır?

– Pul kapital millətin mənəviyyatını ayaqlayıb keçir. Görünür yaşadığımız kapitalizmin qanunu budur. Kitab sərgilərinin təşkili, xalçaçılıq sənətimizin, muğamımızın YUNESKO irsi tərəfindən qorunmasına nail olmaq böyük uğurdur, amma küll halında milli mədəniyyətimiz sıxıntı içindədir. Məsələn, “Cavad xan” filmi çəkmişik göstərməyə yer tapmırıq. Tarixi filmlərin çəkilməsi haqda prezident fərmanı var. Bu film çəkilib niyə mən icra hakiminə xahiş etməliyəm ki, bu filmi camaata göstərək.

Hərdən mənə elə gəlir ki, bəzi məmurlarımız hesab edir ki, bizə mədəniyyət lazım deyil. Araz Elsəs nadir istedad sahibidir, güneylə quzey arasında körpüdür. Mən ona Bakıda konsert verməsi üçün yer ala bilmədim. Millət vəkili, xalq şairi yer tapa bilmədi. Bakıda istənilən xaricinin milliyəti məlum olmayan adamın konsertini təşkil edib, pul da verirlər.

Bu gün Türkiyə ilə rəsmi səviyyədə münasibətlər var, amma kiməsə bu sərf etmir. 200 ildir güneydə, quzeydə Rusiyanın əli ilə repressiyalar, qırğınlar, Dərbəndi, Zəngəzuru əlimizdən aldı. Əlifbamızı dəyişdi, tariximizi saxtalaşdırdı. Qarabağ torpağını əlimizdən alıb verdi erməniyə. Bu gün müstəqil Azərbaycanda yenə Rusiyanın təbliğatını aparanlar var. Mən belə adamları anlamıram.

– Biz sizə şikayət etməliydik bunları, siz şikayət edirsiniz?

– Haqlı sözdür. 20 ildir rusun soyadını dəyişmək üçün mübarizə aparırıq. Kimsə deyir ki, yox, ata bilmərik. Hansı fikirlə? Deyirik, icra edən qurumlar bu qulağından alıb o birindən verirlər. Siz danışın, biz istədiyimizi edəcəyik-düşünənlər var.

Ramilə QURBANLI

http://www.kulis.az/news.php?id=2461

Comments are closed.