Kənan Haci

Həmişə təzə yazını yazmağa başlayanda həyəcanlanıram, ürək narahatlıqla sinəmdə çırpınır. İndi də belədir. Heç bilmirəm nədən, hardan başlayım.

…Yadımdadır, dünyanın gözəl çağlarıydı, kəndimizdə bir kitab mağazası vardı, uşaqlıqdan o mağazaya gedib təzə  kitablarla maraqlanır, evdən mənə verilən pula nə qədər kitab düşürdüsə, alırdım.  Bir dəfə yaşıl rəngli bir şeir kitabı diqqətimi çəkdi, kitabı alıb evə gətirdim. Cəmi on bir yaşım vardı. Rəhmətlik anam kitabı görüb əlimdən aldı, bir xeyli vərəqləyəndən sonra dedi ki, ay bala, axı bu şeirlər sənin yaşına uyğun deyil, sənin bunları başa düşməyin hələ tezdir. Bu kitab Sabir Rüstəmxanlının  “Qan yaddaşı” kitabıydı.

On bir yaşlı uşağı yaşından xeyli irəli atan o şeirlər ana südü kimi dadlıydı!.. O şeirlərdə qəribə bir maqnit qüvvəsi vardı; gecə yatanda da sehrindən, cazibəsindən qurtula bilmirdim.  

Aradan cəmi ikicə il keçdi.  Azərbaycanın başının üstünü qara buludlar aldı, Topxananın harayı bütün milləti yerindən oynatdı. O vaxt mən də yaşımın çox azlığına baxmayaraq kənd adamlarına qoşulub şəhərə- Azadlıq meydanına gəldim. Və… “Qan yaddaşı”nı yazan şairi tribunada gördüm!

Vəssalam! Daha ayağım meydanlardan çəkilmədi. Günlərlə meydanda yatmaqdan ciyərlərim möhkəm soyuqlamışdı…

İndi anlayıram ki, məni o meydana aparan hansı sirli qüvvəymiş. O vaxt artıq  “Ruhumuz sərhədsiz olduğu üçün”, “Vətən”, “Qan yaddaşı”, “Bu yurd mənə tanış gəlir” şeirlərini əzbər bilirdim. Allah bilir, meydanda ayaqlarım sızıldayanda, soyuq canıma işləyəndə o şeirləri dodaqucu nə qədər pıçıldamışdım. Mənim içimə doyulmaz Vətən sevdasını məhz o şeirlər səpmişdi.

 

                Bu Vətən deyilən dünyam sirlidi,

                Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

                Bu Vətən torpağı nə qəribədir,

                Hələ sərhəddini tapa bilmirəm.

 

                Arzu da beləcə sərhədsiz olur,

                Ümman da beləcə, göy də beləcə.

                 Ruhumuz sərhədsiz olduğu üçün

                 Payımız gəlibdi göydən beləcə…  

 Sonra Sabir bəyin  “Ömür kitabı” nəşr olundu. Bir dəfə yazmışdım ki,  “Qan yaddaşı və  “Ömür kitabı” millətimizin mənəviyyat qalasının qoşa qapılarıdır.  “Ömür kitabı” bütöv bir universitetin görə bilmədiyi işi gördü;  milləti bir bayraq altında, bir məfkurə ətrafında  birləşdirdi.  Bu kitab gəlin köçən qızların cehiz kitabına çevrildi.

Sabir bəyin yaradıcılığının daimi energetik mərkəzi  Bütöv Vətən ideyasıdır. O, bu gün də həmin müqəddəs ideyanın peşindədir. Onun ömrü yollarda keçir. Özü bu haqda belə deyir:

“Ömrün hər hansı bir dönəmini, ayını-ilini bulaqüstü, çayqırağı istirahət kimi ləngitmək, zamanın gur axınından ayırıb dondurmaq mümkün olsaydı! Bir nəfəs dərmək, götür-qoy fürsəti! Təəssüf, ən əziz gün də, təkrarsız görüş də sona varmağa məhkumdur. Bəlkə mənzil yox, mənzilə qədərki yoldur hər şeyin mənası. Ona görə ömrü gərək yollara tapşırasan. Yüz günün donuq dörddivar həyatındansa bir günün yol ömrü şirindir.” (“Babadağ ziyarəti” povestindən)

“Ömür kitabı” da, “Babadağ ziyarəti” də, “Xətai yurdu” və digər kitabları, saysız-hesabsız qanadlı şeirləri də məhz Yolun məhsuludur. Bu yazını yazmazdan öncə  “Babadağ ziyarəti” sənədli povestini oxudum, elə bil yaz yağışında sümüyüməcən islandım, sanki o sıldırımlardan, başdan papaq salan yoxuşlardan Sabir bəylə birgə keçib getdim- təşviş və həyəcan içində, amma Yolun sonuna çatmaq inadıyla…

Sabir bəylə yol yoldaşı olmamışam. Amma ötən ilin bir gözəl yay günündə  dostumuz Samir Əsədli mənə zəng vurub deyəndə ki,  sabah tezdən Yardımlıya yola düşürük, hər il olduğu kimi, bu il də Babək qalasına yürüş edəcəyik, Sabir bəy məsləhət bildi ki, sizə də deyim, açığı, çox sevindim. Artıq düşünməyə dəyməzdi, belə bir məqam hələm-hələm ələ düşmür. Cəmi bir gün çəkən bu unudulmaz səfər haqda yol qeydlərimi elə o vaxt yazıb çap etdirmişəm. Amma bir məqamı o yazıda qeyd etməmişdim.

Babək qalasına yürüşdən sonra Sabir bəy səfalı bir yerdə Bakıdan gələn qonaqlara gözəl  ziyafət verdi. Üzbəüz oturmuşduq, onu müşahidə edirdim. Özünəməxsus təmkini, tutduğu məqama, titullarına və ictimai statusuna baxmayaraq sadəliyi, özüylə sadə insanlar arasında süni məsafə yaratmaması, əksinə, şux, incə zarafatlarıyla onları özünə daha da yaxınlaşdırması onun təpədən-dırnağa el adamı olduğu haqda qənaətimi bir daha möhkəmləndirdi.

Hələ gənclik illərində yazdığı şeirlərindən birində belə deyirdi:

                    Gəzək Kür boyunda, Mildə, Muğanda,

                    Bir süfrə başında kəsək duz-çörək.

                    Xalq ilə əbədi bağlı olanda

                    Kiçik köksümüzdə dağ olur ürək!

 

    Məhz buna görə xalq onu sevir. O, xalqın dar günündə də, yaxşı günündə də həmişə onunla çiyin-çiyinə dayanıb, xalqın ruhunu öz içində yaşadıb.

Nə isə, başqa bir məqama toxunacaqdım. Həmin ziyafət hələ davam edirkən, bizim yolumuz uzaq olduğu üçün qalxmalı olduq. Yanaşı oturduğum gözəl yazar, alim dostumuz İbrahim Quliyev dedi ki, Rasimgil(R. Qaraca) də çıxırlar, elə onların maşınıyla qayıdarıq. Rasim Qaraca Bakıdan   cənublu şair qardaşımız Sayman Aruzun  “Mersedes”iylə gəlmişdi. İndi həmin maşınla da qayıdasıydıq. Sevindim ki, uzaq yolu rahat maşında gedəcəyik. Sabir bəy Rasimə dedi ki, sən qal, səhər mənimlə qayıdarsan. Bax, o məqamda etiraf edim ki, qalmaq istəyi mənim də ürəyimdən keçdi. Amma ev yiyəsi deməmiş necə qala bilərdim?

 Bu qalmaq istəyi həm şairi yaxından müşahidə etmək, şəhərdən, siyasətdən uzaq, belə deyək, qalstuksuz gününün təəssüratlarını yaşamaq, həm də təbiətlə baş-başa qalmaq niyyətindən  doğmuşdu.

İş belə gətirdi ki, Rasim Sabir bəylə qaldı, biz isə -İbrahim Quliyev, Sayman Aruz və mən-geri, şəhərə qayıtdıq.

Sabir bəyə baxıb düzlənən, ondan nümunə götürən bütöv bir yazar nəsli müvazinətini əyilməyə qoymayıb, adını, süfrəsini daim Sabir bəy kimi təmiz saxlamağa çalışıb. O, çoxları üçün nümunə, məktəb olub. Zəmanəmizin düşüncə parametrlərində maarifçilik missiyası öz aktuallığını itirmədiyindən Sabir Rüstəmxanlı həm də öz böyük adaşının Yolunu davam etdirir. Sabir Rüstəmxanlı məktəbinin məzunları bu gün türkçülüyün bayrağını qoruyanlardır.

Zaman Sözün rəngini soldurmağa, ətrini aparmağa qadir deyil. Zamana ancaq Sözlə qalib gəlmək olar. Şair sözü zamanın bir parçasına çevrilir və o sözün sahibini də yaşadır. Sabir Rüstəmxanlı Sözü ölümsüzdür. Sabir Rüstəmxanlı poeiziyası zaman qədər əbədidir.

Bu mənada ona xoşbəxt  insan demək olar.     

Comments are closed.