VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya sədrinin müşaviri Yusif Salmansoyu 62 yaşı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Əziz Yusif bəy!

Yusif Salmansoy adı Azərbaycan cəmiyyətinə Milli Azadlıq Hərəkatının ilk günlərindən, 1988-ci ildən bəllidir. Həmin dövrdə Azərbaycanın ən böyük və qaynar şəhərlərindən olan Sumqayıtda əhalinin iradəsinin ifadə olunması və milli azadlıq ideyalarının təbliğində Sizin adınız xüsusilə çəkilirdi. Bakıda tədbirlərin, görüşlərin keçirilməsinə maneələr yaradılanda, insanlarla təmaslarımız Sumqayıtda həyata keçirilirdi və bu tədbirlərin təşəbbüskarlarından, zəhmətini çəkənlərdən, bütün təzyiqlərə və təqiblərə baxmayaraq, sinəsini qabağa verənlərdən biri olaraq xidmətləriniz tükənməzdir.

Azərbaycan Xalq Cəbhəsinin Sumqayıtda təsis olunmasında əməyiniz və uzun müddət AXC Sumqayıt təşkilatına rəhbərliyiniz azadlıq mübarizəmizin hədəfinə çatmasında önəmli rol oynayan amillərdən biridir.

Milli Azadlıq Hərəkatına qoşulan və Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qalxan insanlar arzularına çatdıqdan sonra növbəti hədəfi müəyyənləşdirdilər: Azərbaycanda sivil vətəndaş cəmiyyəti, azad, şəffaf seçki mühiti, demokratik sistem yaratmaq. Bu mübarizə azadlıq mübarizəsindən daha uzun prosesdir və daimi müqavimət, mübarizə, həmçinin əzmkarlıq, iradə, səbir və ləyaqət istəyir.

Çox şadam ki, Siz Azərbaycanın demokratikləşməsi uğrunda aparılan mübarizədə varsınız və bu mücadilənizi VHP sıralarında davam etdirirsiniz. Sizin VHP Siyasi Şurasının üzvü  və VHP sədrinin müşaviri kimi gördüyünüz işlər, təşkilatçılıq qabiliyyətiniz bu mübarizəyə verilən böyük töhfədir.

Əziz Yusif bəy!

Bu gün Sizin 62 yaşınız tamam olur və bu yaşınızda belə gənclik enerjisi, qətiyyəti və ruhu ilə ölkəmizin firavanlığı uğrunda çalışmalarınız ürəyinizdə yaşatdığınız Vətən sevgisinin görüntüsüdür. Sizi ad gününüz münasibəti ilə təbrik edir, bu sevginin daimi olmasını, mübarizənizin hədəfə çatmasını arzulayıram.

Xoş arzularla,

Sabir Rüstəmxanlı” 

Comments are closed.