Vətəndaş Həmrəyliyi Partiyası Lənkəran rayon təşkilatının

Bəyanatı

 

Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP) Lənkəran rayon təşkilatı Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il həbsə məhkum edilməsi ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir: “VHP Lənkəran rayon təşilatı olaraq Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə həbsə məhkum edilməsini ədalətsizlik hesab edir və bu qərarın məhkəmə instansiyasının müstəqil olmadığının əlaməti hesab edirik. Y.Sadıqlının məhkəmə prosesi nöqsanlarla müşahidə olundu və günahlandırılan şəxsin qanunla nəzərdə tutulmuş qaydada hüquqlarının qorunması məqsədilə irəli sürülən vəsatətlər təmin olunmadı.

Həmçinin qarşı tərəf müttəhim kürsüsündə əyləşdirilən Y.Sadıqlının günahını qanunvericiliyə uyğun olaraq yetərli dəlillərlə sübut edə bilmədi. Buna baxmayaraq, ona qarşı məhkəmənin ən ağır cəzanı seçməsi, ona qarşı 6 illik həbs qərarı çıxarması həbsin qanun çərçivəsində deyil, siyasi motivlərlə çıxarıldığına əminlik yaradır.

VHP Lənkəran rayon təşkilatı olaraq hüsab edirik ki, bu tip həbslər Azərbaycanın imicinə mənfi təsir göstərməklə bərabər, ölkənin siyasi mühitinə süni gərginlik gətirir. Ona görə də bu həbsi pisləyir və hakimiyyəti bu ciddi yanlışlığı aradan qaldırmağa, Y.Sadıqlının ədalətli məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırırıq”.

Comments are closed.