Təkcə Qaradağlı kəndindən girov götürülən 117 nəfər kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub

Erməni və rus silahlı birləşmələri Xocalıda soyqırımı həyata keçirmək üçün öncə Xocavənddən başladılar.

Yəni 1992-ci il fevralın 17-də Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, eləcə də Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə
Xocavənd rayonu işğal olundu. Şahidlərin dediyinə görə, ermənilər Xocavəndin işğalı zamanı da soyqırım törədiblər. Sadəcə bu faktları zamanında bütün bünyaya çatdıra bilməmişik.
Hə yazıqlar ki, bu və digər faciələrimizi yalnız ildönümlərdə xatırlayırıq, bundan artığını hələlik bacarmırıq. Uzaqbaşı ildönümlər yaxınlaşanda bir neçə kitablar nəşr etdirməklə, dəyirmi masalar düzənləməklə işimizi yekunlaşdırırıq. Yəni ermənilərin bu günə kimi başımıza gətirdikləri müsibətləri olduğu kimi dünya ictimaiyyətinə çatdıra, bu yöndə əməli iş görə bilmirik. (Başımıza gətirilən müsibətlərin müqabilində gördüyümüz işlər isə dəryadan bir damcıdır-red.). Biz yalnız Azərbaycanda özümüz deyib, özümüz də eşitməklə məşğuluq, bundan o yana gedə bilmirik. Ermənilər isə baş verməyən qondarma soyqırımlarını hər gün, hər saat yalan və şişirdilmiş informasiyalarla dünya ictimaiyyətinin beyninə yeridirlər. Çünki onlar qondarma soyqırımlarını təkcə uydurduqları tarixi gündə yad etmirlər, eyni zamanda, hər gün olmayan tarixlərini bu və digər formada yada salırlar. Məsələn, Ermənistana gələn rəsmi və qeyri-rəsmi qonaqları İrəvanın mərkəzində ucaltdıqları qondarma soyqırım abidəsini ziyarət etmək üçün aparırlar. Qonaqları özlərinin guya ki, faciəylə üzləşdiklərini həm «soyqırım» abidəsi, həm də uydurduqları tarixdən hazırladıqları kitablar vasitəsilə inandırırlar. Məhz elə bunun nəticəsidir ki, beş il öncə Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner hansı ölkənin-Azərbaycanın, yoxsa Ermənistanın işğalçı ölkə olduğunu hələ də bilmədiyini söyləyirdi. Bu faktla birinci dəfə deyil ki, qarşılaşırıq. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrləri belə, Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını bildirmirlər. Və hər dəfə Dağlıq Qarabağ probleminin həlliylə bağlı keçirilən danışıqlar zamanı işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyniləşdirirlər. Və hər ikisinin güzəştə getməsini məqbul sayırlar.
İstər Xocalı, istər Xocavənd, istərsə də digər faciələrimiz tarixi və bədii kitablarda, rəsm əsərlərində öz əksini layiqincə tapmayıb. Düzdür bəzi istisnaları çıxmaq şərtilə, hələ də bu istiqamətdə nə tutarlı tarixi və bədii kitablara, nə də incəsənət nümunələrinə rast gəlməmişik.

xxx

Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Haxulu, Salaketin, Günəşli, Xətai, Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ obası, Tuğ kəndi və s.
Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə-tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.
Yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevral ayının 15-dən başlayaraq, rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma keçirlər. İki gün çəkən döyüşdən sonra mühasirəni qıran ermənilər fevralın 17-də kəndi işğal edirlər. İşğal zamanı Qaradağlı kəndi tamamilə dağıdılır, dinc, əliyalın, günahsız əhaliyə, uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulur. Qaradağlıdan girov götürülən 117 nəfər kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub. Şahidlərin sözlərinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onların bəzilərinin başları kəsilib.

Comments are closed.