Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci ilin dekabrında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır.

Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olmuşdur. Sahəsi 8,8 km²-dir. Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunmuşdur.
Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər
XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra isə Xankəndi adını alır. Qarabağ xanlığı dönəmində şəhər çox inkişaf etmişdir. Əsas səbəb isə şəhərin mərkəzdə və paytaxta yaxın olması, ticarət yollarının buradan keçməsi, xanların iqamətgahı olması, əlverişli mövqedə yerləşməsi, zəngin təbiətinin olması göstərilir.
Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə gedir. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. 
Xankəndində tikilmiş müəssisələr vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tutmuşdur.
Qeyd: Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Sovetlərinin 07.07.1923-cü il tarixli Dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən, həmin Vilayətin mərkəzi Xankəndi şəhəri olmuşdur. 18.09.1923-cü ildə isə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stapanakert şəhəri adlandırılmışdır. 
Azərbaycan SSR Baş Soveti Prezidiumunun İclasının 01.02.1939-cu il tarixli Protokoluna əsasən Stepanakert şəhəri rayon tabeli şəhərlər kateqoriyasından Muxtar Vilayət tabeli şəhərlər kateqoriyasına aid edilmişdir.
Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 15.05.1978-ci il tarixli, 837-IX nömrəli Fərmanı ilə Stepanakert rayonunun mərkəzi Stepanakert şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilmiş və Stepanakert rayonu Əsgəran rayonu adlandırılmışdır. 
Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 21.04.1990-cı il tarixli, 1783-XI nömrəli Fərmanına əsasən Stepanakert şəhərinin Kərkicahan yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Stepanakert Şəhər Sovetinin tərkibində Kərkicahan Qəsəbə Soveti yaradılmışdır. 
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən isə Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılmışdır. Əsgəran və Hadrut rayonları ləğv edilmişdir. Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun ərazisinə verilmişdir. Xankəndi və Şuşa şəhərləri respublikla tabeli şəhərlərin, Ağdərə, Xocavənd Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.

Əhalisi

Aşağıda verilən təhlil qərəzli erməni politoloqlarının DQMV-dəki demoqrafik vəziyyətə dair irəli sürdükləri qeyri-obyektiv qiymətə cavab olaraq 1988-ci ilin fevralında hazırlanmışdır. Burada həmçinin 1984-cü ildə Fransanın Strasburq şəhərində keçirilən kollokviumda edilən çıxışdan da istifadə olunmuşdur. Ekstremal dövrdə hazərlanmış bu tədqiqatda isə əsas diqqət yalnız erməni saxtakarlarının respublikada vəziyyəti gərginləşdirmək məqsədilə bilə-bilə təhrif etdikləri məsələlərə yönəldilmişdir. Onlar sosial-iqtisadi, demoqrafik proseslərin dərinləşməsinin obyektiv səbəblərini təhlil etmədən çox narahatçılıqla qeyd edirdilər ki, Azərbaycanda ermənilərin sıxışdırılması siyasəti yerinə yetirilir. Bu zaman onlar erməni əhalisinin dinamikası ilə bağlı aşağıdakı proseslərə, meyllərə istinad edirdilər:

1. Zaqafqaziya respublikalarının əhalisinin ümumi sayında azərbaycanlıların payının artması, ermənilərin payının azalması müşahidə olunur;
2. Naxçıvan MSSR əhalisinin ümumi sayında azərbaycanlıların payı artır, ermənilərin payı azalır;
3. DQMV əhalisinin ümumi sayında azərbaycanlıların payı artır;
4. Bakı şəhəri əhalisinin milli tərkibində azərbaycanlıların payının artması, qeyri-millətlərin, o cümlədən ermənilərin payının azalması meyli özünü göstərir.
1988-ci il 1 yanvar tarixinə olan məlumata görə DQMV əhalisinin sayı 182,4 min nəfərdir. 1926-1988-ci illər ərzində burada əhalinin sayı 57,1 min nəfər və ya 45,6 faiz artmışdır. Orta illik artım 0,6 faiz təşkil etmişdir. Həmçinin ayrı-ayrı siyahıya alınma dövrləri arasında artım sürəti müxtəlif olmuşdur.
Vilayət əhalisinin sayının azalması yalnız 1939-1959-cu illərdə müşahidə olunmuşdur ki, bu da çoxu Böyük Vətən müharibəsindəki itkilərlə, həm də DQMV əhalisinin başqa regionlara köçməsi ilə əlaqədar olmuşdur.

İllər

Əhalinin sayı, min nəfər hesabı ilə

Əvvəlki dövrə nisbətən 
artım, min nəfər hesabı ilə

Əvvəlki ilə nisbətən 
artım, faizlə

Göstərilən dövr ərzində 
orta illik artım, faizlə

1926

125,3

1939

150,8

25,5

20,4

1,45

1959

130,4

-20,4

-13,5

-0,7

1970

150,3

19,9

15,3

1,3

1979

162,2

11,9

8,1

0,85

1988

182,4

20,2

12,5

1,3

(Ziyad Səmədzadə “Dağlıq Qarabağ: Naməlum həqiqətlər. B., 1995)

 

1970-1979-cu illərdə DQMV-də azərbaycanlıların sayı 4,9 faiz artmış, ermənilərin sayı isə 4,6 faiz azalmışdır. Ümumilikdə isə 1979-cu il əhalinin siyahıya alınmasına görə respublikada yaşayan ermənilərin sayının 25,9 faizi DQMV-nin payına düşür. Erməni politoloqları vilayətin əhalisinin ümumi sayında ermənilərin payının azalması faktlarına dair əsassız fikirlər irəli sürürlər. Elmi təhlil isə bu nəticəyə gəlməyə imkan verir ki, bu meyl əsasən doğumun aşağı səviyyədə olması ilə şərtlənir. Belə ki, 1959-cu ildə erməni əhalisi arasında 1000 nəfər hesabı ilə doğulan uşaqların sayı 34,4, 1970-ci ildə 17,5, 1979-cu ildə isə 17,2 təşkil etmişdir ki, bu da azərbaycanlı ailələrdə doğulanlardan azdır. 
Vilayətin azərbaycanlı əhalisinin guya kənardan gətirilənlər hesabına artması barədə erməni alim və politoloqlarının dəlilləri də əsassızdır. Əgər 1959-1979-cu illər ərzində vilayətin azərbaycanlı əhalisi respublikanın digər regionlarına köçməsəydi, işğala qədərki dövr ərzində azərbaycanlıların sayı daha da artıq olardı.
1979-cu il yanvar ayında aparılan siyahıya alınmanın nəticələrinə əsasən demək olar ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 30%-i Ağdərə, 25%-i Xankəndi, 10%-i isə Şuşa rayonunun payına düşürdü.

R a y o n l a r

əhali
(cəmi nəfərlə)

Xankəndi

Şuşa

Ağdərə

Əsgəran

38948

16019

44586

20094

Azərbaycanlılar

nəfər

%

nəfər

%

nəfər

%

nəfər

%

4303

11,0

12955

80,8

7050

15,8

5231

26,0

Ermənilər

33898

87,0

2881

17,9

37050

83,0

14772

73,5

Digərləri

747

1,9

183

1,1

486

1,1

91

0,5

 

R a y o n l a r

əhali
(cəmi nəfərlə)

Xocavənd

Hadrut

DQMV

16019

44586

20094

Azərbaycanlılar

nəfər

%

nəfər

%

nəfər

%

5486

19,7

2239

15,1

37264

23

Ermənilər

21986

79,2

12489

84,4

123076

75,9

Digərləri

270

0,7

64

0,5

1841

1,1

(Azərbaycan SSR DQMV rayonlarında əhalinin ümumi sayı və milli tərkibi, 1979-cu il məlumatı)

 

Cədvəldən də göründüyü kimi, 1979-cu il məlumatına əsasən Xankəndi şəhərində 38948 nəfər əhali yaşamışdır ki, onlardan 4303 nəfərini azərbaycanlılar, 33898 nəfərini ermənilər, 747 nəfərini isə rus və digər millətlərdən olanlar təşkil edirdi. 1988-ci il məlumatları Qarabağ hadisələrinin yeni başladığı dövrə təsadüf etdiyindən aparılan siyahıya alınmalarda təhriflərin olması çox güman ki, qaçılmazdır. Həmin dövrün məlumatlarına əsasən isə Xankəndi şəhərində 60 minə yaxın əhali yaşayıb ki, bunun da 15 min nəfərini azərbaycanlılar təşkil edib.

 

Kərkicahan qəsəbəsi

 

Kərkicahan qəsəbəsi 28 dekabr 1991-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır. Dağlıq Qarabağ Muxtar Vilayətinin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb ərazini Xankəndi şəhərinə (Stepanakert) birləşdirmişdilər. Azərbaycanlılar yaşayan bu qədim kəndə şəhər tipli qəsəbə statusu verilmişdir. Azərbaycanda Kərki, Kərkicahan, Kərkibaşlı və s. kəndlər vardır ki, bunlar da özündə qədim türk tayfasının adını birləşdirir. Yer adlarının öyrənilməsi adların mənsub olduğu xalqın siyasi-ictimai baxışlarını, həyat və məişətini, etnik tərkibini, coğrafi mövqeyini, tarixini, maddi və mənəvi sərvətlərini, təsərrüfatını, dil xüsusiyyətlərini, xarakterini və başqa cəhətlərini də dərk etməyə kömək edir. Mənfur niyyətlərinə həmişə sadiq qalan ermənilər Kərkicahanın adını “Qırqıjan”, “Kirqijan” kimi təhrif edərək dəyişdirməyə çalışsalar da, buna nail ola bilməmişdilər. Əsli “kərkican” olan bu etnotoponim “kərki” tayfa adından və yer, məkan bildirən – “can” topoformantından ibarət olub, “kərki tayfasının məskəni” mənasındadır.
Kərkicahan qəsəbəsi tarixi keçmişinə və strateji ərazidə yerləşməsinə görə həmişə ermənilərin narahatçılığına səbəb olmuşdur. Xankəndi, Şuşa, Qaybalı, Xəlifəli, Kosalar və Cəmilli ilə həmsərhəd idi. Kərkicahana həm Şuşadan, həm də Xankəndindən şosse yolu var idi. 
İkinci dünya müharibəsi zamanı Kərkicahandan 79 nəfər həlak olmuş, 20 nəfər itkin düşmüş və 32 nəfər müharibə əlili olmuşdur. 
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil etmişdir. 2 məktəb, 1 uşaq bağçası, 1 kitabxana, 1 klub, 1 ATS, 1 poçt, 10 dükan, 1 tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan 5 sex və digər məişət-iaşə obyektləri dağıdılaraq ələ keçirilmişdir. Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olmuşdur.

 

Tarixi memarlıq abidələri

 

Qarabağ dünyanın ən qədim tarixə malik olan diyarlarından biridir. Təbii coğrafi şərait, qədim insanların bu yerlərdə yaşayışı üçün münbit şəraitin olması ərazinin ən qədim insan məskənləri sırasına daxil olması ilə nəticələnmişdir. Təbii ki, Qarabağın qədim yaşayış məskənlərindən danışarkən Xankəndini qeyd etmək yerinə düşərdi. Xankəndi şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar nəticəsində Eneolit və Tunc dövrlərinə aid maddi mədəniyyət nümunələri olan kurqanlar aşkar edilmişdir. Həmin kurqanların bəzilərində 50-dən çox sklet aşkar edilmişdir. Belə ki, bu skeletlərin aşkar edilməsi həmin kurqanın qəbilə üzvlərinə və ya ailələrə aid olduğunu göstərir. 
Xankəndində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri bölgənin qədim tarixə malik olduğunu, əhalinin məşğuliyyətini, hansı sənətkarlıq sahələrinin inkişaf etdiyini, dini ideologiyasını, incəsənətini, əhalinin adət və ənənələrini və s. öyrənməyə imkan verir. Kurqanlardan daş gürzülər, ox ucları, mis xəncər tiyələri, daş həvəng, sümükdən düzəlmiş alətlər, qızıl muncuq və asmalar, keramika nümunələri tapılmışdır. 
Digər tarixi abidələrə misal olaraq Kərkicahan qəsəbəsində yerləşən üç qəbiristanlığı göstərmək olar. Burada 1400-cu illərə aid yazısı olan qəbirlər, 800 il əvvələ təsaduf edilən musəlman qəbiristanlığının qalıqları, həmçinin “Kilsəli” deyilən yerdə Alban kilsəsi mövcud olmuşdur. Qarabağ hadisələri başlayan zaman ermənilər qırmızı rənglə yazılmış bir sal daşı gətirib həmin əraziyə qoyaraq Alban məbədgahını öz adlarına çıxmağa çalışırdılar. Kilsənin 500 metrliyində bir neçə qəbir də olmuşdur ki, həmin qəbirlərdəki dəfn olunanlar üzü qibləyə tərəf dəfn olunmuşdular.
Kosalar kəndi ərazisində “Məhəmməd ağanın otağı” tarixi abidəsi, “Darılı Piri”, “Ələm ağacı” ziyarətgahları və daş qəbirlər yerləşirdi.
Meşəli kəndi ərazisində – Meydan yaylağında – müqəddəs ziyarətgah “Seyid qəbri”, “Yeddi kilsə” (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.
Təəssüflər olsun ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəinki insan təlafatı, itkisi ilə, hətta tarixi memarlıq abidələrimizin, maddi mədəniyyət nümunələrimizin dağıdılması, məhv olunması ilə də nəticələnmişdir.


 

Comments are closed.