20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində Azərbaycan xalqının bir çox faydalı dəyərlərinin qorunub saxlanmasında, müsbət mənəvi-əxlaqi dəyərlərinin oturuşmasında çaba göstərən və çox böyük işlər görən 40-50 ailədən, nəsildən biri də rəhmətlik Xudu kişinin nəslidir: Sabir Rüstəmxanlı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu qardaşları.

Düz 10 il bundan öncə baş tutmayan bir planım var idi: xalqımızın dəyərli övladlarından üçünün anasını görüşdürmək, onların söhbətlərini videoya alıb gələcək nəsillər üçün saxlamaq. Sabir Rüstəmxanlı – Rüstəm Behrudi – Sərdar Cəlaloğlu. Danışdıq, razılaşdıq, heyf ki, vaxtında təşkil edə bilmədik və görüşün baş tutması əbədiləşdi. Analardan ikisi dünyasını dəyişdi. Allah Zəhra xanımın ömrünü uzun eləsin. Mənim üçün çox maraqlı idi ki, eyni nəslin nümayəndələri olan bu analar belə dəyərli övladları necə yetişdiriblər? 

Onlar nələr görməmişdilər: ikinci dünya müharibəsindən sonrakı aclıq, səfalət, yoxsulluq, repressiyalar, təqiblər, qorxu, stres, çətin fiziki əmək, yavan çörək, kasıb süfrə, çoxuşaqlı ailə və s. və i. Bütün bunlara baxmayaraq hər biri 9-10 uşaq böyütmüşdülər. Həm də necə uşaqlar! Oğlanlı-qızlı hər biri millət üçün, dövlət üçün faydalı, dəyərli, gərəkli…

Sabir Rüstəmxanlının hər kitabı bir mərhələ, bir hadisə, bir sosial inqilab. Hər kitabı 2-3 siyasi təşkilata, partiyaya bərabər.

Rüstəm Behrudi də həmçinin. Bəzən bir şeri, bir misrası ilə milləti oyadacaq, qaldıracaq bir şair. Bir toplumun mədəni, sivil millət olmasına yetərli bir ziyalı. Hansı xalqda tək bir Sabir Rüstəmxanlı, tək bir Rüstəm Behrudi varsa, onu mədəni saymaq olar. 

Sərdar Cəlaloğlu bütün həyat fəaliyyəti, ortaya qoyduğu siyasi və fəlsəfi görüşləri ilə istənilən millətə şərəf gətirən, onu dünyanın inkişaf etmiş millətləri sırasına çıxara biləcək bir siyasi xadim, filosof.

Məqsədim onlardan yazmaq deyil. Hər birinə kitablar həsr edilməli, həyat və fəaliyyətləri araşdırılmalı, gələcəyə örnək göstərilməlidir. Var olsun, Allah rəhmət eləsin belə oğul doğan ANALARA.

Mən o ANALARDAN birinin oğlu haqqında yazmaq istəyirəm. Şahbaz Xuduoğlu barədə. “Qanun” nəşriyyatının sahibi.

Məncə, Həsən bəy Zərdabi XIX əsrin sonlarında, Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatında və Əlibəy Hüseynzadə XX əsrin əvvəllərində ictimai-siyasi süurumuzun inkişafında nə edibsə, Şahbaz Xuduoğlu da XXI əsrin əvvəllərində Azərbaycanda kitab nəşri və… ictimai-siyasi şüurun özünə gəlməsində onu edib. Kimlərəsə bu, real görünməyə bilər. Ancaq fakt faktlığında qalır və bu böyük şərəfli işi görən insanın layiq olduğu qiymət vaxtında verilməlidir. Son vaxtlar “Qanun” nəşriyyatına rejimin hücumları da elə bu fəaliyyətlə bağlıdır.

XIX əsrin sonları XX əsrin I yarısında Azərbaycan ziyalılarının təqib edilməsi, sürgünlərə göndərilməsi və fiziki cəhətdən məhv edilərək təqib edilmələrinin səbəbləri bu gün də aktualdır və göz qabağındadır. Onlar da xalqımızı cəhalətdən, savadsızlıqdan qurtarmaq istəyirdilər, Şahbaz Xuduoğlu və indiki ziyalılarımız da. O vaxtkı rejimlər də xalqı cəhalətdə, qaranlıqda, xurafat girdabında saxlamağa çalışırdılar, Azərbaycanın son 20 illik rejimi də. Çünki savadsız, cahil adamı idarə etmək, qorxutmaq, şantaj etmək, soymaq, istismar etmək, xofa salmaq, müti etmək çox asandır. Cahillik ən qorxulu xəstəlikdir. Şahbaz Xuduoğlu kimilər xalqımızı bu xəstəlikdən sağaltmağa, rejim isə bu xəstəliyi dərinləşdirməyə, ağırlaşdırmağa çalışır. 

Xeyir və Şərin mübarizəsi

Məzlumun qurtuluşu və istismarı uğrunda döyüş gedir bu məmləkətdə. Həm də tam açıq surətdə: bir tərəf terror, qanunsuz həbslər, təqiblər, partlayışlar, böhtan və şantajlarla aparır bu mübarizəni, o biri tərəf isə yalnız sözlərlə, qəzetlə, jurnalla, internet və kitablarla. Bu sonuncuya rejimin dözümü və səbri heç yoxdur. Çünki kitablar evlərdə, arxivlərdə, kitabxanalarda min illər boyu qalacaq və təşviqat vasitəsi kimi çox təsirli vasitədir. Kitablar qalıcı və təsirlidir.

Ola bilsin, Şahbaz bəy ona olan bu, sağlam məntiqə sığmayan hücumların əsl səbəbini özü qəsdlə qabartmaq istəmir. Ancaq bu rejimin hansı hərəkətində məntiq var ki: din alimi Tale Bağırzadənin cibinə narkotik atmaqda, hadisədən sonra hadisə yerinə gedən Tofiq Yaqublu və Ilqar Məmmədovu artıq bitmiş hadisənin təşkilində ittiham etməkdə, yoxsa gül kimi gənc övladlarımızı “Molotov kokteyli”nə qonaq etməkdə, bəlkə haqqı yazdıqlarına görə Əvəz Zeynallı və Sərdar Əlibəylini həbs etməkdə, ya da Bəşər Əsəd kimi öz ölkəsini bombalamaqda – AXCP-nin qərargahını partlatmaqda? Bu rejimin özü qanunsuz, hərəkətləri isə məntiqsizdir. Ancaq xalq bu cinayətkar təşkilatın bütün əməllərindən vaxtında xəbər tutmalı və bu barədə yazılmalıdır ki, bizim ölümümüzdən sonra da olsa gələcək nəsillərin əlində bunlara əsaslı ittihamlar vermək üçün tutarqalar olsun. 

Keçən ilin, səhv etmirəmsə, noyabr ayında mənə bir kitab gəldi evdən: “HEYVANISTAN”. Ondan əvvəl “1984″, ”Məhkəmə” və s. bu tipli kitablar gəlmişdi. Məşhur ingilis yazarı Corc Oruellin “Heyvanıstan” əsərinin ön sözünü oxuyurdum. Kitabın 17-ci səhifəsini oxuyanda qeyri-ixtiyari olaraq: “Şahbazı da apardılar”- deyə köks ötürdüm. Kamera yoldaşım səsimi eşidib: “Kimi apardılar, hara və niyə apardılar, ay Qurban müəllim”- deyə soruşdu. Mən təkrar, bu dəfə ucadan oxumağa başladım: “Corc Oruellin ölümündən sonra XX əsrin ikinci yarısında dünyanın siyasi xəritəsində, dövlətlərin və xalqların həyatında ciddi dəyişikliklər baş versə də, onun siyasi antiutopiyaları öz aktuallığını qoruyub saxlayır. Çünki zülm və ədalətsizlik mövcuddur, sərvət və hakimiyyət ehtirası azacıq da olsa səngiməmişdir, OLIQARXIK quruluşlar insanların beynini, ruhunu və mənəviyyatını dəyişdirmək iddiasından əl götürməyiblər. Çünki yaltaqlıq və qorxaqlıq var, hətta şəxsiyyat işartısı olmayan yerdə şəxsiyyətə pərəstiş yaranır, keçmişin unutdurulmasına, tarixin iqtidardakı hakimiyyətə sərf edən tərzdə dəyişdirilməsinə təşəbbüslər göstərilir. Çünki laqeydlik və qorxaqlıq həqiqətin ortaya çıxmasına imkan vermir, insanlar daha həvəslə cansız və hissiz robotlara, idarə olunan amorf kütləyə çevrilirlər, yaddaşsızlıq hüdud və sərhəd tanımır. Çünki dünyanın çox yerlərindən hələ də böyük qardaşlar öz sərt baxışları, daha da təkmilləşmiş ”Fikir Polisləri” ilə insan istəyini və iradəsini əzməyə, qapalı və məhdud çərçivəyə salmağa çalışır. Ədəbiyyat, vicdanlı yazıçı yalnız xəbərdarlıq etməyi bacarır. Corc Oruell də “1984″ün 1984-cü ildən üzü bəri keçməsi, insan cəmiyyətinin ”Heyvanıstan”a çevrilməməsi üçün zamanında xəbərdarlıq edib. Əgər həmin həyəcan siqnalı eşidilməyibsə, yaxud etinasızcasına qulaqardına vurulubsa, bu artıq yazıçının yox, cəmiyyətin, insanların günahıdır”.

Oxuyub durdum, kamera yoldaşımın reaksiyasına baxdım. Sanki gözləri yol çəkirdi. Başını sağa-sola elədi, çox dərin bir ah çəkib: “Əşşi cəmiyyət qalıb, insanlar var bəyəm, bunu yazan lap qurd ürəyi yeyib” dedi. “Belələri elə qurd kimi doğulurlar, anaları onları qurd kimi böyüdür, yoxsa yeməklə çətin qurd olasan, olsa-olsa 9 qazan aş yeyən Koroğlu olarsan” deyə, gülüşdük. 

Heyf, bu sözlərin müəllifi olan və “Heyvanıstan”ı dilimizə orjinaldan tərcümə etmiş o gözəl ziyalını – Vilayət Quliyevi tanımamışam əvvəllər. Xalqlar, millətlər məhz belə ziyalıları ilə ayaqda dururlar. 

“Qanun” nəşriyyatında gedən yoxlamalar da bunun intiqamını almaq üçündür. Tezliklə Şahbaz bəyi, V.Qulyevi həbs etsələr heç kim təəccüblənməsin. Bu kitablar vaxtilə SSRI-də qadağan olunub və uzun illər sovet adamları dünya ədəbiyyatının incilərindən olan bu əsərlərdən xəbərsiz qalıb. Çünki hər 3 kitab, Frans Kafkanın “Məhkəmə”si də daxil olmaqla, totalitar, avtoritar rejimlərin ifşasına və xüsusilə də, həmin rejimlərdə yaşamağa məhkum olan insanların oyanışına, qurtuluşuna və həmin vəziyyətdən çıxış yollarına həsr edilib. 

Mən tövsiyə edərdim ki, hər bir ata bu kitabları qızlarının cehizinə daxil etsin, hər bir vətəndaşımız bu iktabları dönə-dönə oxusun, partiya rəhbərləri bu kitablardan öz təbliğat və təşviqatlarında geniş istifadə etsinlər, müəllimlər orta məktəblərdə şagirdlərinə, həkimlər xəstələrinə və siyasi məhbuslar onları həbs edən polisə, prokurora, hakimlərə bu kitabları oxumağı tövsiyə etsinlər. 

AXCP-yə qarşı törədilmiş terrora qarşı ən güclü silah və müdafiə vasitəsi bu kitabların yayılmasıdır. Xatırlayırsınızmı, prezidentin yanında Azərbaycan ensiklopediyasının müzakirəsində nə baş verdi? 8-9 il öncə. Keçən əsrin 70-ci illərinin “durğunluq illəri” kimi təsvir edilməsindən hiddətlənən Ilham Əliyev canlı efirdə çox əsəbi formada akademiki iclasdan qovdu. Ensiklopediyanı hazırlayan qrupun rəhbərini. “Mən hələ sağam, hakimiyyətdəyəm, belə yazırsız, mən olmasam nələr yazarsız”- deyə I.Əliyev özünü saxlaya bilmədi. Bəli, belə rejimlər həqiqəti sevməzlər.

Son vaxtlar tariximizin saxtalaşdırılması, M.Ə.Rəsulzadə və dostlarının unutdurulmağa çalışılması, Ə.Elçibəyin və AXC-nin adının, fəaliyyətinin TV-lərdə səslənməsinin qadağan edilməsi və s. bu kimi hərəkətlər “Heyvanıstan”da təsvir edilən hadisələrlə eynidir. Bütün bu represiyalar, həbslər, təqiblər, şərləmələr… Müəllif sanki XX əsrin I yarısında  (1903-1950), elə bizim dövrdə Azərbaycanda yaşayıb və gördüklərini də qələmə alıb. 

Deyə bilərsiz ki, “Heyvanıstan”la “Qanun” nəşriyyatına rejimin hücumunun nə əlaqəsi var? Əsər 2008-ci ildə tərcümə edilib və elə həmin ildə də “Azərbaycan” jurnalında dərc edilmişdi. Ancaq o vaxt, “Qanun” nəşriyyatının 2013-cü ildə çap etdiyi “Heyvanstan”dakı kimi, aşağıdakı sözlər yazılmamışdı: “Kitaba soyuq, laqeyd münasibətin hökm sürdüyü cəmiyyətimizdə, ”Heyvanıstan”ın oxucular, xüsusən də gənclər arasında maraqla qarşılanması, ədəbiyyat həvəskarlarının təşəbbüsü ilə internet saytlarda yerləşdirilməsi, bloklarda müzakirə olunması ilk növbədə Oruellin əsərlərindəki mövzu və problemlərin müasir Azərbaycan şəraitində də AKTUALLIĞINI qoruyub saxlaması ilə bağlıdır”.

Rejim AXCP-nin qərargahını zirzəmisinə bomba qoyub partladırsa, “Qanun” nəşriyyatı da rejimin altına “Heyvanıstan”ı, “1984″ü, ”Məhkəmə”ni və onlarla dəyərli kitabı – SÖZÜ qoyub. Səsi sonra çıxacaq.

Ey əziz millət, Şahbaz Xuduoğlu, Vilayət Quliyev kimi övladlarını, “Qanun” kimi nəşriyyatlarını qoru, onlara sahib çıx. Sənin qurtuluşun rejimin səni sürükləmək istədiyi “bombalı, dinamitli saldırılar”da yox, sözdədir, elmdədir, savaddadır, mariflənməyindədir. 

Övladlarınızı oxudun, onları cahillik xəstəliyindən xilas edin ki, bu rejimin törətdiklərini başa düşüb, onu aradan qaldırmağın yollarını bilsin. Bu işdə Sizin ən yaxşı köməkçilərinizdən biri də “Qanun” nəşriyyatı və onun sahibi Şahbaz Xuduoğludur. 

Qurban Məmmədov, 10 mart 2014-cü il 

P.S. Böyük sənətkarımız, dünya ədəbiyyatında xalqımızı ləyaqətlə təmsil edə biləcək Əkrəm Əylislinin “Daş yuxular”ına da bu rejimin hücumu, əslində əsərdə ermənipərəst mövqe sərgilənməsi deyildi. Oradakı “Respublikanın Birincisi dövlətin mənzilini atasının mülkü kimi ziyalılara hədiyyə edir və onları ələ salaraq, mənən alçaldırdı…”, “Öz xalqına qarşı mənəvi genosid həyata keçirməsidir…” kimi fikirlər Əkrəm Əylislini güdaza gətirdi. “Sultan Səncər və qarı” əsərinə görə böyük Nizaminin Sultan tərəfindən şaqqalanmadığına heyrət etməmək mümkün deyil. 800 il sonra, sivil dünyada Azərbaycanda baş verənlərə də heyrətlənməmək mümkün deyil.

Comments are closed.