Əziz Bəxtiyar Hacıyev!

Sizi 30 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Bir neçə il bundan əvvəl «Bəxtiyar Hacıyev» adı Azərbaycan cəmiyyətinə bəlli deyildi, baxmayaraq ki, siz dünyanın ən mötəbər universitetlərinin birində təhsil almışdınız və intellektli gənclərdən sayılırdınız. Ancaq Azərbaycanda həmin təhsilə yiyələnən gənclər az deyil. Sizin fərqlənməyinizin, adınızın dillər əzbəri olmasının və sevilməyinizin səbəbi öz intellekt və savadınızı ölkəmizdə demokratiyanın, insan haqlarının, vətəndaş cəmiyyətinin qurulmasına həsr etməyiniz, bütün çətinliklərə rəğmən, bu yoldan çəkinməməyiniz və demokratik dəyərlərə olan bağlılığınızdır.

Siz – insanların hüquq bərabərliyi, azad və demokratik cəmiyyətdə yaşaması üçün təkcə çalışmırsınız, həm də bu sizin həyat tərziniz, yaşam fəlsəfənizdir. Şəxsiyyətinizə olan böyük hörmətin də kökündə bu dayanır. Bu gün hər addımbaşı haqsızlıq, hüquqsuzluq, ədalətsizliklə qarşılaşan Azərbaycan insanı sizin adınızı ehtiramla çəkir, çünki bəşəri dəyərlər, haqq və ədalət mücahidisiniz. Sizin ləqayətli mübarizəniz böyük əksəriyyət üçün bir örnək, nümunədir.

Biz gənclər sıralarımızda sizin kimi intellektli, səviyyəli, mübariz, heç bir çətinliyi boyun əyməyən, idealları uğrunda gözünü qırpmadan son ana qədər döyüşməyi və sınmamağı bacaran soydaşımız, əqidə yoldaşımız və qardaşımızın olmasıyla qürur duyuruq.

Mübarizə könülsüz, həyat inamsız olmaz. Sizin sidq-ürəklə, canınız-qanınızla mübarizə aparmağınız dəyərlərimizin aliliyinə olan inamımızda həm də bir güvənc, istinad yeridir.

Əziz qardaşımız!

Bu əziz gününüzü birlikdə keçirə bilməsək də, bizi yanınızda, özünü bizim ön cərgələrimizdə hiss etməyinizi xahiş edirik. Bilin ki, Azərbaycanın mübariz gəncliyi sizin mübarizə yolunuzda həmişə yanınızda olacaq.

Əziz Bəxtiyar!

Bir daha sizi ad gününüz münasibəti ilə təbrik edir, sizə can sağlığı, uğurlar arzulayırıq. İnanırıq ki, növbəti ad günlərinizi demokratik və hüquqi Azərbaycanda keçirmək bizim qismətimiz olacaq.

Tanrı haqq işinizə yardımçı olsun!

 

Sizə dərin hörmət hissilə, silahdaşlarınız adından:

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

Gənclər Təşkilatının Məclis üzvləri

Comments are closed.