Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Yevlax rayon təşkilatının növbədən kənar konfransı keçirilib. 

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransda VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli, özəklərdən seçilmiş nümayəndələr, həmçinin müxalifət partiyalarının yerli fəalları və QHT təmsilçiləri iştirak ediblər. Konfransda hesabat məruzəsi ilə çıxış edən VHP Yevlax rayon təşkilatının sədr əvəzi Bahar Əliyeva qurumun fəaliyyətindən bəhs edib: “VHP-nin Yevlax təşkilatı 1992-ci ildə yaradılıb. 19 ildir fəaliyyət göstəririk və bu müddətdə partiyanın demək olar ki, rayonun bütün kəndlərində özəkləri formalaşıb, siyasi proseslərdə təşkilatımız aktivliyi ilə həmişə seçilib”.

NTK sədri Əhəd Qədirovun konfranslararası dövrdə rayon təşkilatının Nizamnaməyə uyğun fəaliyyət göstərdiyini və heç bir pozuntuya yol vermədiyini vurğuladıqdan sonra konfrans iştirakçıları, qonaqlar çıxış ediblər.

VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli ölkədəki ictimai-siyasi vəziyyət, o cümlədən İrandakı soydaşlarımız və Milli oyanışın Urmiya çalxalanması barədə çıxış edib. Baş verənləri dünyada gedən böyük prosesin fonunda izah edən Samir Əsədli Güneyin azadlıq, Quzeyin demokratiya hədəflərinə çatacağına şübhə etmədiyini söyləyib: “Totalitar rejim və avtoritar quruluşları artıq bütün dünya özünə təhlükə kimi görür. Ona görə də demokratik cəmiyyətlərin qurulmasında vətəndaşların apardığı mübarizəyə beynəlxalq güclər ciddi dəstək verirlər. Bu baxımdan, bir gün tez-bir gün gec, Güneydə insan haqq və azadlıqlarına hörmət edən bir cəmiyyətin qurulacağını hamımız müşahidə edəcəyik. Azərbaycandakı proseslərin isə qısa müddətdə demokratiya ilə sonuclanacağı artıq kimsənin şübhə etmədiyi məsələdir”.

Sonda təşkilati məsələlər müzakirə olunub. Təşkilat sədrliyinə 3 VHP-çi namizədliyini irəli sürüb. Gizli səsvermə ilə Vüqar Cəfərov VHP Yevlax rayon təşkilatının yeni sədri seçilib.

Konfransda formalaşan 25 nəfərlik Məclisin yığıncağında sədrin 5 müavini seçilib və 11 nəfərlik Şura yaradılıb.

NTK üzvləri isə Əhəd Qəribov yenidən sədr seçilib.

Comments are closed.