Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və VHP Ali Məclisi partiyanın Yevlax rayon təşkilatının sədri Qalib Cəfərovun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına və bütün VHP-çilərə dərin hüznlə başsaqliqi verir.

Qalib Şaban oğlu Cəfərov 1946-cı il iyunun 22-də Yevlax şəhərində anadan olub. Ali təhsilliydi, gənc yaşlarından bir sıra vəzifələrdə çalışmışdı. 1988-ci ildə başlayan Milli Azadlıq hərəkatına ilk qoşulan vəzifə sahiblərindən biri kimi dövlətimizin müstəqilliyi yolunda əlindən gələni əsirgəməmişdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş həmrəyliyi, milli birlik ideyalarının ölkəmizin geosiyasi reallıqında çox böyük əhəmiyyət daşıdığını nəzərə alaraq 1993-cü ildə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində fəaliyyətini VHP sıralarında davam etdirmişdi. 2003-cü ildən VHP Yevlax rayon təşkilatının sədriydi.

Biz, VHP olaraq Qalib müəllimin simasında etibarlı bir dost, ləyaqətli insan, millət üçün yanan vətəndaş, bütün şüurlu həyatını azadlıq və müstəqillik uğrunda mübarizədən kənarda təsəvvür etməyən əqidəli bir ziyalı itirdik. Allah rəhmət eləsin. Bir daha mərhumun yaxınlarına və VHP-çilərə başsağlığı verir, onu sevən hər kəsə Allahdan səbir diləyirik.

 Qəbri nurla dolsun.

Comments are closed.