VHP sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik eləyib. Təbrikdə deyilir:

“Əziz soydaşlarım!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizə əmin-amanlıq, hər birinizə can sağlığı, ailə səadəti və firavanlıq arzulayıram.

Novruz xalqımızın ən qədim və milli bayramlarından biridir və min illərlə soydaşlarımız Baharın gəlişini yüksək əhval-ruhiyyə və sevinclə qarşılamışlar. Ən çətin tarixi dövrlərdə, Novruz bayramı dövlət səviyyəsində qadağan edildikdə belə, xalqımız bu mərasimi təmtəraqla keçirmiş, min illərin ənənəsini yaşatmış, milli ruhunu, milli kimliyini ayaqda saxlamağı bacarmışdır.

Novruz – təkcə torpağın oyanması, ruzi-bərəkət, bolluq rəmzi deyil, həm də ruhumuzun təzələnməsi, qan yaddaşımızda yaşatdığımız adət-ənənlərimizin, dünyagörüşümüzün, həyata baxışımızın təzahürü, milli arzu və istəklərimizin ifadəsi, xalq olaraq Tanriya dua mərasimlərimizin cəmləşdiyi törəndir. Arzu edək ki, torpaqlarımız işğaldan təmizlənsin, qaçqınlarımız yurduna dönsün, Vətənimizdə əmin-amanlıq olsun.

Əziz soydaşlarım, bir daha sizləri Novruz bayramı münasibəti il təbrik edir, hamınıza xoşbəxtlik, ruzi-bərəkət arzulayıram.

 

Sayğılarla,

Sabir RÜSTƏMXANLI

VHP sədri, millət vəkili, Xalq şairi”

Comments are closed.