Gürcüstan Parlamentində (Kutaisi) Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynadan olan fəal gənclərin iştirakı ilə III Gənclər Forumu işə başlayıb.

VHP mətbuat xidmətinin məlumatına görə, Forumda Azərbaycandan iqtidar və müxalifət partiyalarının gənc üzvləri iştirak ediblər. Tədbirin təşkilatçısı Niderlandın çoxpartiyalı demokratiya institutu, Böyük Britaniya və Niderlandın Tiflisdəki səfirlikləridir.

Tədbirdə Avropa İttifaqının komissarı Stefan Füle və Hollandiyanın siyasi partiyalarının üzvləri də iştirak edirlər. Forumun ikinci günündə VHP üzvü Samir Әsədli plenar sessiyada “Siyasi qərar vermə prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda məruzə edib. Hemçinin forumda VHP GT üzvü Elgiz Qəhraman da iştirak edib, Cənubi Qafqazda demokratikləşmə mövzusunda çıxış edib.

Forum 27-28 mart tarixlərində keçirilib və bu gün başa çatıb.

Qeyd edək ki, Azərbaycandan Forumun işinə 8 siyasi partiya təmsilçisi qatılıb.

Samir Əsədlinin çıxışı:

“Demokratik dövlətlərdə hakimiyyət bir qayda olaraq üç yerə bölünür: Qanunverici, icraedici və məhkəmə sistemi.
Bu qurumlar arasında səlahiyyət bərabər bölündükdə, yəni biri digərinin işinə müdaxilə deyil, ədalətlə nəzarət etdiyi müddətcə əsl hakimiyyət seçənin, yəni xalqın əlində olur. Belə ki, hakimiyyətdə şəffaflıq hökm sürdükdə gizli bir şey qalmır və seçkidə xalq layiq olanı yenidən hakimiyyətə gətirir, olmayanı isə tarixin arxivinə göndərir.

Bu gün hansı ölkə bu məsələni ən gözəl şəkildə həll edə bilibsə, ən yüksək demokratiya da məhz həmin ölkələrdə müşahidə olunmaqdadır. Dünyanın hansı ölkəsinə baxırsınız-baxın, bu prinsipin təxminən hər yerdə işlədiyini görəcəksiniz, hansı ölkədə iradə buxovlanırsa, insan haqları tapdalanırsa, heç şübhəsiz, bu prinsip orada pozulmuşdur. Bu prinsipin, daha doğrusu, hakimiyyət bölgüsünün pozulduğu, səlahiyyətlərin bir əldə toplandığı ölkələrdə isə avtoritar, yaxud da totalitar rejimlər meydana çıxır. Çünki o cür ölkələrdə tək iradə çoxluğun iradəsini istismar altına alır. Bu istismarın və avtoritarizmin qarşısını alan və dövlət idarəçiliyinə qeyri-rəsmi nəzarəti həyata keçirən altstrukturlar da mövcuddur. Bu sıraya müstəqil medianı, siyasi partiyaları və vətəndaş cəmiyyətini aid etmək olar.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyası, nəzəriyyəsi və praktikası Qərbdən bütün dünyaya yayıldığı kimi, bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatların əksəriyyəti də Avropa və Amerikada yerləşir. Bu mənada, ən böyük səlahiyyətləri və dünya dövlətlərinə təsir gücü olan beynəlxalq qurumlardan BMT, Avropa Şurası (onun ixtisaslaşmış qurumları), Avropa İttifaqı və başqalarının adlarını çəkmək olar.

Bu günkü anlayışlarla vətəndaş cəmiyyətini demokratiyanın mövcud olduğu təbii mühit kimi nəzərdən keçirmək olar və lazımdır. Vətəndaş cəmiyyəti ictimai orqanizmin həyat fəaliyyətinin demokratik prinsiplərinin təkrar istehsalına daima xidmət edən amil kimi nəzərdən keçirilə bilər. Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, onu qeyd etmək olar ki, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları – parlament və siyasi partiyalar dövlət strukturlarına çevrilir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir, ictimai və şəxsi həyata müdaxilə edir. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.

Çox təəssüf ki, bu gün Cənubi Qafqaz ölkələrində vətəndaş cəmiyyəti böyük problemlər yaşayır. Bu gün sözügedən ərazidə – sabiq sovet respublikalarında vətəndaşın dərdə çevrilən problemləri başdan aşır. Dövlət qurumları vətəndaşın problemini görməzdən gəlir, problemləri həll etmir və etmək istəmir. Məhkəmələr müstəqil olmadığından bura müraciətlər də heç nəyi dəyişmir. Vətəndaşın üz tuta biləcəyi üçüncü qapı vətəndaş cəmiyyəti – QHT-lərdir – qeyri-hökumət təşkilatları. QHT-lər dövlətdənkənar fəaliyyət formasıdır. Bəziləri xarici donorlardan, əksəriyyəti yerli hakimiyyətin törəmələri olaraq hökumətdən maliyyə yardımı alaraq fəaliyyət göstərirlər. Dövlətdənkənar dövlətin təsiri olmadan demək deyil. Xarici donorlardan asılı olan bəzi QHT rəhbərləri zaman-zaman hakimiyyətin təzyiqi ilə üzləşdiklərini iddia edirlər. İddiaların çoxu reallığı əks etdirir. Siyasi hakimiyyətin fəaliyyətini kəskin tənqid edən, beynəlxalq qurumlara alternativ hesabatlar göndərən, siyasi məhbus problemini qabardan QHT-lər dövlət qeydiyyatına alınmır, rəhbərləri həbs edilir, fəaliyyətləri məhdudlaşdırılır, barələrində vergi borcları uydurulur. Bu isə heç şübhəsiz nəticə etibarı ilə dövlət idarəçiliyində hüquqpozmalarının geniş arealı əhatə etməsinə səbəb olur.

Hüquqi dövlətdə vətəndaş cəmiyyətinin inkişaf etmiş institutları fəaliyyət göstərməlidir. Ənənəvi olaraq bu institutlar sırasına birinci növbədə siyasi partiyalar, həmkarlar təşkilatı, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, həmçinin ailə, məktəb, biznes və s. daxildir. Bu institutlar vasitəsilə vətəndaşlar sərbəst şəkildə, dövlətin, onun orqanlarının və məsul şəxslərının birbaşa iştirakı olmadan gündəlik həyat fəaliyyətləri ilə bağlı əksər problemlərini həll edirlər. Və dövlət nə qədər demokratikdirsə, vətəndaşların öz problemlərinin həlli üçün dövlətə müraciət etmək ehtiyacı o qədər azdır. Başqa sözlə, vətəndaş cəmiyyəti kənar müdaxiləyə ehtiyac duymayan özünütənzimləyən təşkilat kimi fəaliyyət göstərir.

İnkişaf etmiş vətəndaş cəmiyyəti institutlarının əlahiddə əhəmiyyət daşıması onunla şərtlənir ki, o, hüquqi dövlətin sosial əsasını təşkil edir və onsuz sonuncunun varlığı mümkün deyil”.

Comments are closed.