Bu gün saat 11:00-da Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP) rəhbərliyi və fəalları 1918-ci il sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95 illiyi münasibətilə Türk Şəhidliyini ziyarət edilib.  Həmçinin ziyarətə DAK üzvləri də qatılıblar.

Mərasim zamanı Azərbaycan torpaqları uğrunda canlarını fəda etmiş şəhidlər bir daha yad edilib, onlarına ruhuna dualar oxunub və abidənin önünə əklil qoyulub. Vətəndaş Həmrəyliyi Partiyasının  sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinin tarixində Nuru Paşanın komandanlığı altında Türk-İslam Ordusunun Azərbaycana gəlişi qızıl səhifədir: “Bu bizim xalqlarımızın birliyini bütün dünyaya göstərən bir hadisə idi. Əgər Türk-İslam Ordusu olmasaydı, bu gün Bakı Dərbənd kimi bir rus şəhəri olardı. Əgər Bakı işğaldan azad olunmasaydı, Azərbaycan dövləti indiki sərhədləri daxilində mövcud ola bilməzdi. Ona görə də Bakıda Türkiyə-Azərbaycan qardaşlığını əks  etdirən böyük bir abidəyə ehtiyac var. Bakını erməni-bolşevik işğalından azad edənlərin xatirəsi əbədiləşdirilməlidir. Bu abidə həm Nuru Paşanın qəhrəmanlığını göstərməli, həm də türk əsgərlərinin Azərbaycana gəlişini özündə ehtiva etməlidir. Təəssüflər olsun ki, biz bu günə qədər Türk-İslam Ordusunun Azərbaycan üçün gördüyü işləri əbədiləşdirmək üçün muzeylərin yaradılması, abidələrin qoyulması sahəsində iş görə bilməmişik. Halbuki bizim onların qarşısında bir vəfa borcumuz var. Zaman, illər keçsə də, Nuru Paşanın komandanlığı altında Bakıya gələn ordunun qəhrəmanlığı, tariximizdəki, bütövlüyümüzdəki rolu və Azərbaycanın bugünkü sərhədlər içərisində dövlət qurmasında oynadığı mühüm rol heç vaxt unudulmayacaq”.

 

VHP Mətbuat və İnformasiya Xidməti


Comments are closed.