VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Siyasi Şura üzvü Şuşa rayon təşkilatının sədri Ofeliya Rəşidqızını yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

Əziz Ofeliya xanım!

Harda işləməsindən, kim olmasından asılı olmayaraq, xanım ilk növbədə xanımdır, anadır. Ananın yaşı soruşulmaz, çünki cənnət onların ayaqları altındadır, cənnətin olduğu yerdə isə vaxt və zaman məfhumu yoxdur, insanlıq var, əməllər var, xeyirxahlıqlar var.

Ona görə də sizin bu yubiley yaşınızı təbrik edərkən ilk növbədə etdikləriniz, əməlləriniz göz önünə gəlir və bunları saymaqla bitməz.

Siz Azərbaycanın ən dilbər güşəsində – Şuşa şəhərində anadan olmusuz. Min təəssüflər olsun ki, artıq neçə illərdir əziz günləri Şuşasız qarşılayırsız. İnsanı anasız qoymaq bir günahsa, ananı anasız qoymaq min günahdır. Vətən anadır və işğalçı düşmənlərimiz illərdir analarımızı öz Anasına həsrət qoyub. Bu nisgil sizin də, bizim də ürəyimizdə silinməz iz buraxıb. İnanıram ki, yurdumuz azad olacaq, o torpaq anaları, balaları yenə qoynuna alacaq; ancaq Yurdun illərlə əsirlikdə qalması bizi heç vaxt tərk etməyəcək…

Azərbaycan anası siyasi taleyinə o qədər də həssas yanaşmır. Buna görə də Sizin kimi anaların ictima-siyasi fəaliyyəti bir nümunədir. Bilirəm ki, Sizin ən böyük hədəfiniz Vətənin bütövlüyüdür və bu baxımdan Vətəndaş Həmrəyliyi Partiyasını seçməyiniz də təsadüfü deyil. Yurdun bütövlüyü də, dərdlərimizin əlacı da vətəndaş həmrəyliyindən başlayır. Biz həmrəy olduqca, milli birliyimiz var ikən tarixi milli qürurumuzu qaytara və Azad, Bütöv, Sivil Azərbaycanın vətəndaşı ola bilərik.

 

Əziz Ofeliya xanım!

Sizi yubileyiniz münasibəti ilə təbrik edir, can sağlığı, xoşbəxtlik arzulayıram. Sizin üçün ən böyük arzumuz növbəti ad günlərinizi doğma dədə-baba torpağınızda qarşılamağınız, nisgildən qurtarmağınızdır.

 

Xoş arzularla, Sabir Rüstəmxanlı

VHP sədri, millət vəkili

Comments are closed.