Azərbaycan teatr sənətinin sovet dövrü pleyadasının ən istedadlı sənətkarlarından biri, müstəqillik dövrümüzün böyük aktyorlar nəslinin patriarxı, xalq artisti, “Şərəf” ordenli Siyavuş Aslan vəfat etmişdir. Bu, Azərbaycan mədəniyyəti, teatr və kino sənəti üçün olduqca ağır itkidir. Siyavuş Aslanın yaratdığı obrazların deyimləri, replikaları çoxdan ümumxalq dilimizin qanadlı ifadələrinə çevrilmiş, ünsiyyətdə bir doğmalıq, mehribanlıq simvolu kimi xüsusi dəyər qazanmışdır. Onun komik obrazları səmimi gülüş və yumor hissi doğurmaqla cəmiyyətdə milli – mənəvi dəyərlərimizin, əxlaqi- etik keyfiyyətlərimizin başlıca təbliğatçısı olmuşdur.

Siyavuş Məmmədağa oğlu Aslan 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulmuşdu. Aktyorluğa həvəs ilk gənclik illərində onu dram dərnəyinə gətirmiş, sonra musiqili komediya truppasında, 1958-ci ildə isə Quba Dövlət Dram Teatrında işləməyə vadar etmişdi. Lakin komik rollara maraq az keçmədən onun Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıtmasına səbəb olmuşdu. Əsl Siyavuş Aslan özünü bu teatrda tapdı və əslində onun yaradıcılarından biri oldu. Hətta bir müddət həmin teatrın bədii rəhbəri də işlədi (1994-1996). 1984-cü ildən Akademik Milli Dram Teatrda aktyorluğa başlayan Siyavuş Aslan burada da onlarla yaddaqalan obrazlar yaratdı.

Siyavuş Aslanın aktyor kimi fəaliyyəti çoxşaxəli və rəngarəng olmuşdur. O, səhnədə çoxpalitralı komik obrazlar yaratmaqla yanaşı, kino və televiziya tamaşalarında da səmərəli fəaliyyət göstərmişdir. 1974-cü ildə kino və teatr sahəsindəki uğurlu və məhsuldar fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunmuşdur. Onun “Kəndimizin mahnısı” əsərindəki Bayram, “Özümüz bilərik”-dəki İbişov, “Altı qızın biri Pəri”-dəki Firuzbala, “Ulduz”-dakı Şubay, “Hicran”-dakı Dadaşbala, “Qaçırılmış qız”-dakı Qəmzəli, “Nişanlı qız”dakı Mindilli və s. obrazları Azərbaycan teatr sənətinin ən uğurlu və əvəzolunmaz inciləri sayıla bilər.

Siyavuş Aslan 45-dən artıq filmdə də bir-birindən maraqlı obrazlar yaratmışdır. Aktyor 1990-cı ildə çəkilmiş “Girişmə, öldürər”-də , 2002-ci ildə lentə alınmış “Hacı Qara”da”, 2001-ci ildə ekranlaşdırılmış “Mən sənin dayınam”da, 1999-cu ildə kino variantı yaradılmış “Qaynana”da baş rolları ifa etmişdir. Siyavuş Aslan yaradıcılıq enerjisi və entuziazmı bitib –tükənməyən sənətkarlardan idi. Hələ bundan sonra çox obrazlar yarada və mədəniyyət xəzinəmizə ərməğan edə bilərdi. Fəqət amansız ölüm imkan vermədi. Uzun müddətdən bəri şəkər xəstəlioyindən əziyyət çəkən sənətkar 27 iyun 2013-cü ildə gözlərini əbədi yumdu. O cismən bizdən ayrılsa da, mənən daim bizim sıralarımızda olacaq, yaratdığı obrazlarla gələcək nəsillərin də yaddaşına köçəcək. Tanrıdan böyük sənətkarımıza rəhmət və yaxınlarına isə səbr diləyirik.
Allah rəhmət eləsin!

Sabir Rüstəmxanlı və
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası

Comments are closed.