Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası ölkədəki son siyasi təzyiqlərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

 

“Son aylar Azərbaycan ictimai-siyasi həyatında öz aktivliyi ilə seçilən insanlara, o cümlədən vətəndaş cəmiyyəti qurumlarına qarşı aparılan siyasi təzyiqlərin bu vaxta qədər görünməmiş səviyyədə artdığı müşahidə olunur. Tanınmış siyasi simalardan olan İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllı olaylarına görə, həmçinin ictimai asayişin pozulması ittihamı ilə NİDA-çı gənc fəalların, narkotik ittihamı ilə astma xəstəsi olan AXCP-çi gənclərin həbsi və istintaqın şəffaf aparılmaması hakimiyyətin siyasi rəqiblərinə qarşı qeyri-sivil və qeyri-qanuni metodlardan istifadə etdiyini təsdiqləyir.

 

Bu həbslərlə paralel olaraq El hərəkatının ofisinin bağlanması, regionlara səfər edən siyasi və ictimai xadimlərin təşkil olunmuş təzyiqlərlə üzləşməsi, yerli icra başçılarının daşıdıqları vəzifənin səlahiyyətlərindən kənar açıqlamaları ictimai-siyasi mühitdə aqressiyanın artmağına xidmət edir ki, geosiyasi baxımdan həssas bir ərazidə yerləşən Azərbaycan kimi ölkə üçün bu, xüsusilə təhlükəlidir.

 

VHP Siyasi Şurası olaraq hakimiyyət tərəfindən ictimai nəzarətin gücləndirilməsini, demokratik təsisatlara qarşı aparılan siyasəti ümumilikdə Azərbaycanın beynəlxalq imicinə çox ciddi zərbə vuran amil kimi qiymətləndirməklə bərabər, baş verənlərin ölkəni təcridə apardığını vurğulayırıq. Beynəlxalq təcrid isə ölkənin ümumilli problemlərinin həllində mənfi mənada mütləq öz təsirini göstərir. Azərbaycanın təbii sərvətləri hesabına qazandığı nailiyyətləri və beynəlxalq imici daxili repressiyalar və siyasi təzyiqlərlə heçə endirmək ölkənin gələcəyini təhlükə altına qoymaqdır. Xüsusilə 2013-cü ildə, Azərbaycanda prezident seçkisi olduğu üçün beynəlxalq təşkilatların bölgəyə diqqətinin artdığı və ölkədə rəqabətin genişləndiyi məqamda hakimiyyətin repressiv siyasət aparması çox təhlükəli tendensiyanın yaranmasına səbəb ola bilər.

 

VHP Siyasi Şurası bu siyasi təzyiqləri qətiyyətlə pisləyir, Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətləri, siyasi birliklərlə zor dilində danışmamağa, demokratik təsisatlara qarşı aqressiyadan əl çəkməyə və hüquqi dövlət quruculuğu sahəsində islahatlara başlamağa çağırır”.

 

VHP Mətbuat və İnformasiya Xidməti  

Comments are closed.