Samir Əsədli: “Namizədliyi irəli sürülən 10 nəfərdən 7-si qeydiyyata alınıb”.

Noyabrın 30-da boş qalan yerlərə keçiriləcək təkrar bələdiyyə seçkilərində Vətəndaş Həmrəylik Partiyasının 10 namizədi iştirak edəcək.

VHP sədrinin müavini Samir Əsədli Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, 10 nəfərdən 7-sinin namizədliyi qeydiyyata alınıb. Onun sözlərinə görə, namizədlər öz təşəbbüsləri ilə seçkilərdə iştirak edirlər.

“Təkrar bələdiyyə seçkilərinə partiya olaraq qatılmamışıq. Sadəcə olaraq, partiyamızın 10 üzvü seçkilərdə iştirak edir və hamısı da partiya mənsubiyyətini göstərib. Namizədlərin 2 nəfəri Bakı, yerdə qalanları isə rayon bələdiyyələrinə keçirilən seçkilərdə iştirak edir. Təkrar seçkilər olduğu üçün, prosesdə fərdi qaydada təmsil olunmaq qərarına gəldik”, – S.Əsədli dedi.

Onun sözlərinə görə, seçkilərə ilk əvvəl 50 nəfərin qatılmaq fikri olsa da, sonradan VHP-də aparılan müzakirələr nəticəsində həmin şəxslərdən yalnız 10 nəfər bələdiyyələrdə təmsil olunmaq üçün mübarizəyə qatılmaq qərarını qətiləşdirib.

S.Əsədli sonda bildirdi ki, VHP üzvlərinin namizəd olduğu bələdiyyə seçkiləri müşahidə edəcək.

Orxan Hun 
Milli.Az

Comments are closed.