VHP dairə və məntəqə seçki komissiyalarının formalaşmasında iştirakdan imtina etməyə hazırlaşır.

 Bu barədə məlumatı VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələblərinin kobud surətdə pozulması və Dairə Seçki Komissiyalarında baş verən özbaşnalıqlar VHP-ni bu addımı atmağa təhrik edir: «Artıq bir aya yaxındır ki, Seçki Məcəlləsinə uyğun olaraq Dairə Seçki Komissiyalarının təşkili prosesi gedir. Ancaq parlament azlığına məxsus yerlərin qanunsuz olaraq hakim partiya tərəfindən mənimsənilməsi o həddə çatıb ki, DSK-larda iştirak mənasını itirib. Belə ki, onsuz da DSK-lardakı özbaşnalıqlara müxalifətin müdaxilə imkanları minimumdan da aşağı səviyyədə idi. Hazırda bu təsiri tamamilə sıfra endirihlər».

 YAP-dan sonra parlamentdə ən çox deputatla təmsil olunmasına baxmayaraq, DSK-lardakı təmsilçilikdə VHP-nin ciddi ədalətsizliklərlə qarşılaşdığını bildirən Samir Əsədlinin sözlərinə görə, DSK-nın müxalifətdən olan katiblərinin seçilməsində Prezident Aparatından və yerli icra hakimiyyətindən gələn sifarişlər əsas rol oynayıb: «Nəticədə hakim partiya parlament azlığına məxsus katib yerlərinə iqtidaryönlü müxalifəti təmsil edən şəxsləri təyin edib. Problem isə ondadır ki, iqtidaryönlü müxalifətdən katib «seçilən» şəxslərin əksəriyyəti təmsil olunduqları partiyanı heç tanımırlar. Onlar hamısı YAP-çılardır».

 Ədalətsizliyin hazırda Məntəqə Seçki Komissiyalarında davam etdiyini söyləyən Samir Əsədli bu qanunsuzluğa etiraz əlaməti olaraq VHP-nin seçki komissiyalarının formalaşmasında iştirakdan imtina edə biləcəyini söylədi: «Siyasi Şura üzvləri bununla bağlı müraciət ediblər və gələn həftə fövqəladə toplantının keçirilməsi nəzərdə tutulur. Əlbəttə, Siyasi Şuranın nə qərar verəcəyini əvvəlcədən demək mümkün deyil. Ancaq deyə bilərəm ki, ədalətsizliklərə etiraz olaraq DSK və MnSK-ların formalaşmasından imtina hazırda VHP-də ciddi müzakirə mövzusudur və bu, təbii ki, SŞ-nın qərarına təsir edəcək».

Comments are closed.