Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabir Rüstəmxanlının mühafizəsinin təmin edilməsi üçün prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu haqda VHP-nin mətbuat xidmətindən məlumat yayılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələyə baxılacağını deyib: “Belə məktub varsa, məktubda qaldırılan məsələlər araşdırılıb müvafiq cavab veriləcək və tədbir görüləcək”.

Hazırda İstanbuldakı xəstəxanaların birində müalicə olunan S.Rüstəmxanlı deyib ki, əvvəllər də barəsində təhdidlər olub: “Onların hansı fəndlərlə, hansı yollarla barəmdə ölüm fitvası çıxardıqlarını bilirsiniz. Hətta mənim demədiyim şeyləri də adımdan öz mətbuatlarında yazırlar. İran Azərbaycanı haqda elə bir hay-küy yaradırlar ki, guya İranda Azərbaycan deyilən yer, azəri türklər yoxdur, iranlı deyilən xalq var. Düzü, mən özüm təhlükəsizliyimlə bağlı hər hansı bir orqana müraciət etməmişəm. Partiyadan DİN-ə yazıblar.

Bilirəm ki, bu müraciətdən sonra Bakı Şəhər Baş Polis İdarəsindən məni axtarıb, müraciətin hansı zərurətdən yaranması ilə maraqlanıblar. Ancaq mən ölkədə olmadığımdan edilən müraciətlə bağlı partiyadan dəqiq bir şey deyə bilməyiblər. Hər halda müraciətlə maraqlanıblar, ölkəyə qayıtdıqdan sonra, yəqin ki, özüm də maraqlanıb məsələni yoluna qoyacam”.

Bununla belə, S.Rüstəmxanlı İrandan özünə qarşı daim təhdid hiss etdiyini də dilə gətirib: “Hər halda bu təhdidləri hiss edirəm. Bir neçə il öncə Nardaranda İrana bağlı müəyyən dairələr mənim ölümümə fitva vermişdi. Məni açıq-aşkar düşmən elan edirlər”.

Musavat.com

Comments are closed.