8 mart beynəlxalq qadınlar günü münasibəti ilə VHP sədri Sabir Rüstəmxanlının təbriki.

“Əziz xanımlar!

Sizlərin hər birini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, ailə səadəti arzulayıram.

Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq haqqı İslam dininin gəlişi ilə müəyyən mənada arxa plana keçsə də, Azərbaycanda bu haqq həmişə qorunub. Qadınların çadraya bürünməsi və hüquqlarının məhdudlaşdırılması İslamdan daha öncə mövcud olan ərəb cahilliyi dövründən qalma ənənələrdən xilas olmaq üçün əslində irəliyə doğru atılmış addım olsa da, bu, türk təfəkkürü üçün gerilik sayılırdı. Çünki cahiliyyə dövründə ərəb aləmində doğulan qız uşaqları diri-diri torpağa basdırılarkən, türk dünyasında qadın və kişi bərabərliyi yaşanırdı.

“Cənnət anaların ayaqları altındadır” deyən islam peyğəmbəri də bu sözləri ilə ərəb yarımadasındakı cəhaliyyət dövrünə məxsus mənfi ənənələrə qarşı çıxırdı. İslamın ən qatı dövründə, ən sərt məqamında belə dağlarda məskunlaşan türk qövmləri qadraya bürünmədi və ağsaqqal məsləhəti kimi, ağbirçək sözü də əziz tutuldu.

Sizlər illərlə ana dilini unudulmağa qoymadınız: sizin laylalarınız, ənənəyə bağlılığınız milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə sizi ön sıralarda görməyimiz təsadüfü deyildi.

Hazırda da bu ənənə Azərbaycan cəmiyyətində yaşayır və istər dövlətin kadr təyinatında, istərsə də sivil toplumların içərisin fəal xanımlar yetərincədir.

Əziz xanımlar!

“Hər bir güclü kişinin arxasında bir qadın dayanır” sözləri təsadüfü deyil. Sizlərin görünən və görünməyən xidməti, ailə tərbiyəsindəki rolunuz, milli ruhda böyütdüyünüz övladlar və bütün çətinliklərlə bərabər, milli taleyimiz üçün ən həssas məqamlarda önə çıxmağınız millətimizi yaşadan əsas səbəbdir.

Sizlərin hər birini bir daha təbrik edir, hamınıza xoşbəxtlik, səadət arzulayıram.

Comments are closed.