Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib ki, İran hökuməti icazə verərsə, minlərlə Azərbaycan vətəndaşı Güney Azərbaycandakı soydaşlarına kömək etməyə hazırdır: “DAK-ın da çoxsaylı üzvləri soydaşlarımızın faciəsinə şərik olmaq üçün İrana getməyi arzulayır. Amma İran hökuməti buna razılıq vermir”.

S. Rüstəmxanlı Güney Azərbaycanda zəlzələ nəticəsində həlak olanların İran hökumətinin göstərdiyindən dəfələrlə çox olduğunu, on minlərlə evin dağıldığını bildirib: “Dağılmış evlərin şəkillərinə baxanda İran hökumətinin azərbaycanlılara diqqətinin ən aşağı səviyyədə olduğunu canlı görürsən. Azərbaycan kəndləri İran iqtidarının diqqətindən çox uzaqdadır. Burada insanların sosial vəziyyəti çox dözülməzdir, yol, həkim məntəqələri yozdur. Zəlzələyə davamsız evlər tikilib. Sanki azərbaycanlıların yaşadığı kəndlər İran rəhbərliyi üçün “Allahu Əkbər!”in qurtaran yeridir”.

VHP sədri İranda Azərbaycan türklərinə ögey münasibət olduğunu diqqətə çatdırıb: “Bu ölkədə azərbaycanlılar rəhbərlərin vecinə deyil. Bütün yatırımlar Tehrana, Şiraza, yəni farslar yaşayan yerlərə qoyulur. İran türklərinə bütövlükdə bir biganəlik var. Təbii ki, İranın indiki rejimi yardım aparanların azərbaycanlıların yaşadığı indiki ağır durumu görməsini istəməz. Məhz bu səbəbdən də ABŞ-dan başlayaraq dünyanın çoxsaylı ölkəsindən qeyri-hökumət və humanitar təşkilatların müraciətlərinə müsbət cavab verilmir”.

S. Rüstəmxanlı İranda baş verən zəlzələnin bu ölkənin apardığı atom-nüvə sınaqları ilə bağlı olması barədə də  şübhələrin olduğunu bildirib: “Nədənsə bu zəlzələ İranın daha çox qazıntı işlər aparılan mis mədənləri olan Əhərdə  baş verib”.

VHP sədrib həmçinin İranda zəlzələ qurbanlarına yardım işinin çox zəif təşkil edildiyini deyib: “Burada zəlzələ qurbanlarına qan verən qohumlarına iftarın pozular deyirlər. Məscidlərdə həlak olmuş azərbaycanlıların ruhuna dualar oxunmur, Bəşər Əsəd rejiminə Allahdan yardım diləyirlər”.

Comments are closed.