Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri – VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Firidun Pərvizniyanın ABŞ-a səfəri davam edir. DAK həmsədrləri səfər çərçivəsində ABŞ Dövlət Departamentində və Konqresdə görüşlər keçirib, ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bununla yanaşı, İranda azərbaycanlıların problemləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıbla.
Eyni zamanda səfər çərçivəsində DAK həmsədri Sabir Rüstəmxanlının ABŞ Konqresində İran azərbaycanlılarının hüquqlarının müdafiəsinə dair qətnaməni təqdim etmiş Kaliforniya konqresmeni Dana Rohrabakerlə görüşü olub. Görüş zamanı DAK həmsədri konqresmen Rohrabaçerə İranda etnik azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulması, azərbaycanlı milli fəalların həbsxanalara salınması, azərbaycanlıların mədəni və dil hüquqları uğrunda apardığı mübarizə ilə bağlı məlumat verib. Sabir Rüstəmxanlı ABŞ hökuməti tərəfindən İranda azərbaycanlıların vəziyyətinə diqqətin artdığının hiss olunduğunu bildirib.
Bundan əlavə, DAK həmsədrlərinin Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı ilə də görüşü olub.
DAK həmsədrləri həmçinin Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları ilə görüşüblər. Görüşdə DAK həmsədri Firidun Pərvizniya səfərin məqsədi, keçirilən görüşlər və təşkilatın ümumi fəaliyyəti barədə məlumat verib və qəbula görə təşəkkürünü bildirib. DAK həmsədri Sabir Rüstəmxanlı isə özünün son kitablarını Azərbaycanın ABŞ-dakı səfirliyinin kitabxanasına hədiyyə edib.
Eyni zamanda DAK həmsədri Sabir Rüstəmxanlı ABŞ-ın Nyu-York şəhərində “Erməni yalanlarına son və şəhid diplomatları anma” devizi altında keçirilmiş mitinqdə iştirak edib. Nyu-York Azərbaycan Dərnəyi, Amerika-Azərbaycan Dərnəyi, Türk-Azərbaycan Qardaşlıq Qrupunun da dəstək verdiyi və Nyu-York polisi ilə razılaşdırılmış aksiyada yüzlərlə iştirakçı əllərində Azərbaycan, Türkiyə bayraqları, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və s. bağlı ingilis dillərində yazılmış plakatlar qaldırıblar. Həmçinin mitinqdə ermənilərin tarix boyunca türklərə, azərbaycanlılara və ümumilikdə müsəlmanlara qarşı törətdikləri soyqırım, xüsusilə ötən əsrin 90-cı illərində baş vermiş Xocalı soyqırımı ilə bağlı həqiqətlər müxtəlif çıxışlar vasitəsilə diqqətə çatdırılıb. Bundan əlavə, ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilən türk diplomatlarının xatirəsi yad edilib, onların ruhuna dualar oxunub. DAK həmsədri də Gənc Türklər Dərnəyinin təşkilatçılığı ilə ermənilərin 1915-ci il hadisələrinin soyqırım olmasına dair iddialarının əsassız və yalan olmasını ABŞ ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə “Times” meydanında təşkil etdiyi və üç saatdan çox davam edən aksiyada çıxış edib, həmçinin mitinqə qatılmış azərbaycanlı gənclərlə bir araya gələrək söhbət edib, onların fikir və arzularını dinləyib.
Bundan əlavə, Sabir Rüstəmxanlı və Firidun Pərvizniya Amerika-Türk Assosiasiyasının (ATA) keçirdiyi konfransa qatılıblar.

Səfər mayın 2-də yekunlaşır.

 

Comments are closed.