Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Əziz soydaşlarım, bacı və qardaşlar!

Sizlərin hər birini xalqımızın ən qədim bayramlarından olan Novruz bayramı münasibəti ilə təbrik edir, elimizə sülh, firavanlıq, əminamanlıq arzulayıram.

Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz tərkib hissəsi olub, Odlar diyarında hər zaman uca tutulub. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan və yaşadan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqləri fonunda yaşanan və adladılan təbəddülatlara baxmayaraq, həmin ənənələrin günümüzədək layiqincə qorunub saxlanması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.

Yazın gəlişi həm də bir ruh, ovqat və nikbinlik gətirir: sabaha inamı, daxili əminliyi artırır, həyatın amansız reallıqlarına rəng qatır, onu daha cəlbedici romantikaya bürüyür.

Novruz – torpaqla birgə insanın duyğularının oyanması, min illər əvvəlki inamda ifadə edildiyi kimi, Xeyirin Şər üzərində qələbəsi ilə həyatın canlanmasıdır. Qoy bu canlanma sizin ömrünüzdə xüsusi iz buraxsın, xalqımızın taleyində önəmli, ruzi-bərəkətli illərdən olsun.

Hamınızı bir daha təbrik edir, yeni ildə yeni uğurlar arzulayıram.

Comments are closed.