Bu gün VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.

ATƏT-in Bakı ofisində baş tutan görüşdə Milli Məclis və qanun yaradıcılığı, qanunların icrası, MM-də müxalifət partiyalarının fəaliyyət imkanları, «Siyasi Partiyalar Haqqında» qanunun təkmilləşməsi və partiyaların dövlət büdcəsindən maliyələşməsi, seçki qanunvericiliyi, KİV-ə münasibət, söz azadlığı, həbsdə olan jurnalistlərin və vicdan məhbuslarının azadlığa buraxılması, ölkədə insan haqlarının durumu və s. məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın uluslararası nüfuzunun qorunması baxımından həbsdə olan siyasi fəalların və jurnalistlərin ən qısa müddətdə azadlığa buraxılması yollarının tapılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, söz azadlığı və jurnalistlərin qorunması baxımından jurnalist peşəkarlığının yüksəldilməsinin zəruriliyi də qeyd edilib.

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda da siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin vaxtının çatdığını söyləyib. Bu işin reallaşması niyyətiylə Ofisin qabaqcıl ölkələrin təcrübəsinin mənimsənilməsi üçün seminarlar keçirdiyi və Venesiya Komissiyasının öz təkliflərini təqdim etdiyi diqqətə çatdırılıb.

VHP sədri ATƏT-in Bakı ofisinin fəaliyyətini dəyərləndirməklə yanaşı, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün aparılan işləri pisləyib və Minsk Qrupunun öz missiyasını başa vurmadan ölü təşkilata çevrildiyini qeyd edib. Özəlliklə Senatın qəbul etdiyi məlum qanundan sonra Fransanın ATƏT-in Minsk Qrupunda təmsilçilik baxımından mənəvi və hüquqi haqqını itirdiyi bildirilib.

 VHP Mətbuat Xidməti

Comments are closed.