Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı və VHP Siyasi Şurası mübarək Ramazan bayramı münasibətilə xalqımıza, o cümlədən bütün müsəlman dünyasına təbrik ünvanlamışdır.

Təbrikdə deyilir: “9 avqust- bütün müsəlman dünyasının ən şərəfli və ən əziz bayramlarından biri olan Ramazan bayramıdır. Bu mübarək gün münasibətilə xalqımıza, bütün müsəlman dünyasına, o cümlədən haqq və ədalət keşiyində dayanan bütün insanlığa tanrıdan xeyir və bərəkət, sülh və əmin-amanlıq diləyirik. Bu bayram bir ay müddətində tutulan orucların, qılınan namazların Yer üzünə gətirdiyi gətirdiyi xeyir və bərəkətin, sevgi və sevincin, haqq və ədalətin təntənəli şəkildə qeyd edildiyi gündür.

Allah tərəfindən Yer üzünə göndərilmiş sonuncu müqəddəs kitab olan Qurani-kərimdə bu gün bütün doğmaların və yaxınların, kimsəsizlərin və imkansızların ziyarət edilməsi, küsülülərin və incik düşənlərin barışıb bir-birinə qovuşması vacib bilinmişdir. Ramazan ayı ən qədim zamanlardan sülhü və barışığı, xalqın birliyini və bərabərliyini önə çəkdiyindən, daim əmin-amanlıq, dinclik və səadət ayı kimi islam təqvimində xüsusi yerə malik olmuşdur. Öz dini ənənələrinə sadiq olan Azərbaycan xalqı da bu ayın bütün ehkamlarını böyük ehtiramla yerinə yetirməklə Ramazan bayramı günlərində nifaq və münaqişələri bir kənara qoyub, bütün zamanlarda birliyə, bütövlüyə, həmrəyliyə nail olmuşdur.

Xalqımızın bu gün də Qarabağ, Şimala -Cənuba parçalanma kimi tezliklə həllini gözləyən ciddi problemləri vardır. Bu problemlərin həlli yenə bizim birliyimizdən, bütövlüyümüzdən, həmrəyliyimizdən, öz dini və milli-mənəvi ənənələrimizə sədaqətdən keçir. İnanırıq ki, bu ayda edilən dualar, yerinə yetirilən vacib ilahi hökmlər xatirinə Allah –təala bizə bu çətin vəzifələri həyata keçirməkdə vəhdət, mətanət, dözüm və ləyaqət bəxş edəcək, insanlığa yaraşmayan əməllər törədən hər kəsin cəzası öz cinayətinə bərabər olacaq.

VHP də bir siyasi partiya olaraq daim cəmiyyətimizdə birlik, həmrəylik, barış və sülh mövqeyindən çıxış etmişdir. Partiyamızın sıralarında oruc və namazını vaxtlı-vaxtında yerinə yetirən kifayət qədər mömin insanlar vardır. Bu gün həmin insanların da tanrıdan ən böyük diləkləri xalqımıza əmin-amanlıq, ruzi- bərəkət, firavan həyat qismət olmasıdır. İnşallah, yerinə yetər!

Bu mübarək bayram münasibətilə bir daha bütün insanlığı, müsəlman dünyasını və xalqımızı ürəkdən təbrik edir, bütün evlərə, ailələrə ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq, dinclik və səadət arzulayırıq”.

Comments are closed.